İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan yenə “ağa” axtarışında

Rusiya erməni baş naziri “çətiri altına” alacaq, yoxsa 2026-cı ildə cəzalandıracaq?

Nikol Paşinyanın mayın 9-da Moskvadakı paradda iştirakı Rusiya mediasında müzakirə mövzusu olmaqda davam edir. Bu kontekstdə “Nezavisimaya qazeta”nın məqaləsi diqqət çəkir. Nəşr yazır ki, İrəvanın Aİ-yə qoşulmaq ideyasına sadiqliyini elan etməsindən sonra da Brüsseldən lazımi dəstəyi almayıb, amma əvəzində Rusiya-Ermənistan münasibətləri yaxınlaşıb: “Belə ki, yaxın vaxtlarda ölkəyə Rusiya Xarici İşlər Nazirliyinin rəhbərliyi və Federasiya Şurasının sədri Valentina Matviyenkonun səfəri nəzərdə tutulub”.

Minval.az bu mövzuda təhlilində yada salır ki, 2023-cü ilin payızında bir sıra Avropa media orqanları yüksək səslə soruşurdu: “Ermənistan Rusiyadan üz döndərirmi?” 2024-cü ilin payızında bir vaxtlar müstəqil və indi kifayət qədər kremlpərəst olan Lenta.ru portalı maraqlı tonda bəyan edirdi: “Ermənistan Rusiya ilə müttəfiqliyi məhv edir”. 2025-ci ilin martında əhval-ruhiyyə birdən-birə əksinə dəyişir: burada həm Moskvada tanınmış erməni lobbiçiləri birləşdirən Lazarevski klubu, həm də “Vzqlyad” nəşri xəbər verir: Ermənistan növbəti dəfə Rusiyaya tərəf dönür. Belə görünür ki, Ermənistanın xarici siyasəti rübdə təxminən iki dəfə dəyişir.

“Baş nazir Nikol Paşinyanın əsəbiliyi birbaşa onun "xarici krışa" tapa bilməməsi ilə bağlıdır". Bunu isə siyasi strateq Armen Badalyan deyib. “Ermənistanda indiki hakim komanda üç əsas məqsədə nail olmaq üçün hakimiyyətə gəlib: Artsaxı təslim etmək, Zəngəzur dəhlizini təmin etmək və Rusiyanı Ermənistandan sıxışdırıb çıxarmaq. Cənubi Qafqaz və orada baş verən proseslər onları maraqlandırmır, bu o deməkdir ki, ABŞ artıq Paşinyan üçün başının üstündə "çatı" deyil" - Badalyan deyib. Onun sözlərinə görə, bunu əvvəllər, xüsusən də daxili siyasi iğtişaşlar zamanı Ermənistanın indiki hakimiyyətini dəstəklədiyini dəfələrlə bəyan edən, nazirlərlə, hətta baş prokurorla fəal görüşən ABŞ səfirinin passivliyi də sübut edir. Badalyan əmindir ki, hakimiyyət dəyişikliyi prosesi başlasa və qarşıdan gələn seçkilərdə Vaşinqton Ermənistanın indiki hakim elitasına dəstək verməyəcək. O əlavə edib ki, Aİ-nin regiona marağının aşağı səviyyəsi Paşinyana ölkə daxilində mövqelərini gücləndirmək üçün onlardan dəstək almağa imkan vermir: “Paşinyanın komandasının münasibətlərini korladığı Rusiya da potensial "xarici siyasət damı" hesab edilmir. Avropalı müşahidəçiləri dəvət etməklə Paşinyan Rusiya ilə münasibətlərdə “qırmızı xətti” keçdi. Onun etiraf etmək cəhdləri heç bir nəticə verməyəcək, çünki Rusiya çox gözəl başa düşür ki, Paşinyanın yenidən seçilməsi onun növbəti 5 il - 2031-ci ilə qədər Ermənistanda hakimiyyətdə qalmasını təmin edəcək. 2028-ci ildə isə ABŞ-da yeni seçkilər keçiriləcək və bu da Ermənistanın ABŞ-a doğru növbəti dönüşünü yarada bilər", - deyə siyasi strateq yekunlaşdırıb.

Son aylar Rusiyaya bağlı şəxslərin, xüsusən də Ermənistana rəhbərlik etmiş Sərkisyan-Köçəryan cütlüyünün yenidən fəallaşması, hətta Robert Köçəryanın Rusiyaya gizli səfər etməsi faktı Paşinyanı narahat etməyə bilməzdi. Xüsusilə də Avropa İttifaqına inteqrasiya etməklə bağlı ürkək mövqe sərgiləyən Paşinyanı 2026-cı ildə başına gələcək qorxulu hadisələr çox narahat edir. Odur ki, bu ərəfədə Moskvaya getməyə vadar oldu. Rusiya Paşinyanı “qanadı altına” alacaq, yoxsa cəzalandıracaq?    

Deputat Sahib Alıyev bu mövzuda “Yeni Müsavat”a açıqamasında dedi ki,  Paşinyan şəxsi təhlükəsizliyi üçün parada gedib: “Əlbəttə, burada söhbət Kremlin Ermənistan baş nazirinə parada gəlməsə, təhlükəsizliyinin sual altında olacağı ilə bağlı hədəsindən getmir. Amma bunu hər kəs bilir, onun rəqibləri də açıq şəkildə dilə gətirirlər ki, Paşinyan üçün hakimiyyəti itirmək, elə həm də həyatını itirmək deməkdir. Tramp-Putin sövdələşmə xarakterli danışıqlardan və özəlliklə də USAİD-in büdcəsinin kəskin azaldılmasından sonra isə Paşinyanla komandasının hakimiyyətdə qalma şansı, tam da olmasa, xeyli dərəcədə Rusiyadan asılıdır. Burada USAİD-i niyə ayrıca vurğuladım, izah edim. Baxın, 2016-cı ildə USAİD-in Ermənistanda maliyyələşdirdiyi qeyri-hökumət təşkilatlarının sayı 256 idi. 2017-ci ildə isə 1029-a çatdı, yəni 4 dəfə artdı, onlara ayrılan maliyyənin həcmi isə 10 dəfə çoxaldıldı. Həmin il 175 fond və 112 yeni media subyekti qeydə alındı. Nəticə özünü çox göstərmədi. Cəmisi bir il sonra hakimiyyət çevrilişi baş verdi. Və USAİD Paşinyanın təkcə hakimiyyətə gəlişini təmin etmədi, İkinci Qarabağ savaşındakı ağır məğlubiyyətdən sonra onun Ermənistanda hakimiyyətdə qalmasında da bu qurumun rolu az olmadı”.

Deputat Sahib Alıyev seçki dairəsini dəyişdi

Sahib Alıyev 

S.Alıyev ardınca sensasion sayıla biləcək faktları xatırlatdı: “Diqqət edin, deməli, 2019-cu ilə qədər USAİD-in xətti ilə Ermənistana 1,2 milyard dollar ötürülüb, 2024-cü ildə aprelin 5-də yayılan hesabatda isə artıq bu rəqəmin 3,3 milyard dollar təşkil etdiyi bildirilirdi. Yəni belə görünür ki, həmin agentliyin xətti ilə Paşinyanın hakimiyyətdə olduğu 5 ildə Ermənistana 27 il müddətində ayrılandan təqribən 2 dəfə çox vəsait xərclənib. 2023-cü ildə USAİD Ermənistan mediasına 17,3 milyon dollar pul ayırmışdı. Niyə ayırmışdı, hakimiyyətə gətirdiklərinin mövqelərinin laxlamasının qarşısını almaq üçün. Belə görünür ki, artıq bu yemləmə olmayacaq, yaxud da əhəmiyyətli dərəcədə azaldılacaq. Üstəlik, Ermənistanın ikinci böyük şəhəri Gümrüdəki seçki də göstərdi ki, orada elektoratı satın almaqla məqsədə çatmaq olur. Gələn il keçiriləcək parlament seçkisində də heç şübhəsiz ki, Gümrüdəki təcrübə təkrarlanacaq. Təxminən bir ay bundan qabaq "Taşir" Şirkətlər Qrupunun təsisçisi Samvel Karapetyanın sədrliyi ilə Hay Sahibkarlar Assosiasiyasının Moskvadakı biznes forumu da əslində bu məqsədlə təşkil edilmişdi. Demək, parlament seçkisi öncəsi elektoratla işləmək üçün Qərbdən, ilk növbədə də ABŞ-dan ayrılan maliyyənin əhəmiyyətli dərəcədə azaldılması fonunda Rusiyanın artırmağı planlaşdırdığını görürük. Ermənistanda bu yaxınlarda keçirilən sosioloji sorğu da göstərir ki, seçici rəyinə ən çox təsir göstərən iki faktor var - sülh və maliyyə. Məhz o üzdən oradakı revanşizm haqda düşünənlərin ən quzğunu Robert Köçəryan belə qələbə günü ilə bağlı təbrikində “daha sülhsevər Ermənistan” quracaqlarından dəm vururdu". 

Deputat qeyd etdi ki, indiyədək Azərbaycanın “təcavüz”ə hazırlaşdığını deyən Paşinyan son zamanlar durmadan heç bir savaş olmayacağını, mütləq sülh müqaviləsi bağlanacağını bildirir: “Aprelin 29-u - mayın 2-si aralığında keçirilən başqa bir sosioloji sorğuya istinad etsək, Ermənistanda hakim Vətəndaş Müqaviləsi Partiyasına səs verəcəklərini bildirənlərin say nisbəti (11,5%) ilə Köçəryan-Sərkisyan cütlüyü tərəfdarlarının sayı (11,3%) təqribən eynidir ki, son 7 ildə ilk dəfədir ki, belə bir vəziyyət qeydə alınır. "Çiçəklənən Ermənistan" Partiyasına səs verəcəklərini bildirənlərin 2,9 faizi, Daşnaksütyun tərəfdarlarının isə 2,2 faiz olduğunu nəzərə alsaq, Paşinyanın növbəti dəfə baş nazir seçilmək şansının elə də yüksək olmadığı görünür, əlbəttə, əgər bu sorğu obyektivdirsə. Ən maraqlısı isə budur ki, səsverməyə getməyəcəklərini (23,7%), heç kimə səs verməyəcəklərini (5,5%) və büllüeteni korlayacaqlarını (4,5%) deyən respondentlərin sayı səsverməyə qatılaraq hansısa partiyaları dəstəkləyəcəklərini bildirənlərin hamısınınkından daha çoxdur. Heç şübhəsiz ki, belə bir vəziyyətdə seçkinin nəticəsinə kənar təsirin rolu daha da artır. Bax, Paşinyanı Moskvaya aparan bu reallıqdır".

E.PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 May 2025

BÜTÜN XƏBƏRLƏR