İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanın dostu Bakının müttəfiqinə qarşı - xain plan

İki nüvə dövləti arasında kritik mərhələ arxada qaldı? - ekspertlərin rəyi

Nüvə dövlətləri olan Pakistan və Hindistan arasında məlum terror olayından sonra gərginlik qalmaqdadır. Tərəflər arasında söz dueli nə yaxşı ki, hələ qanlı toqquşmaya çevrilməyib.

Hindistan hökuməti “Hind Su Sazişi” anlaşmasına qadağa qoyduğunu bildirib və su anbarını bağlayaraq Pakistana “bir damcı su” belə verilməyəcəyini bəyan edib. Rəsmi İslamabad qonşu ölkənin bu addımını “müharibə elanı” kimi qiymətləndirib.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Hindistanın suyun qarşısını alması Pakistanda dəhşətli quraqlıq yaradacaq. Belə ki, torpaqların 80 faizi Çenab çayı üzərindəki Bağlihar su anbarı hesabına suvarılır. Hindistan eyni zamanda Chelum çayı üzərindəki Kişanqanqa anbarından axan suyun həcmini də azaltmağa hazırlaşır.

Hindistanın bu addımı mayın 3-də Pakistanın ballistik raketi sınaqdan keçirməsindən sonra atılıb. Rəsmi Yeni Dehli öz limanlarının da qonşu ölkənin gəmilərinə bağlı olduğunu elan edib. Pakistanın “Dawn” nəşri yazır ki, “Hind Su Sazişi”nin birtərəfli qaydada ləğvi və ya dayandırılması üçün heç bir müddəa mövcud olmasa da, Hindistanın işğal olunmuş Kəşmirdəki turizm məkanı Pahalqamda silahlıların hücumundan sonra 64 illik su paylaşımı paktına “xitam vermək” qərarı Yeni Dehlinin Pakistanın əlavə həyat xəttini kəsməyə hazır olduğunu göstərir. Bununla yanaşı, pakistanlı ekspertlər bildirir ki, belə təhdidlər iki ölkə arasında münaqişəni daha da dərinləşdirəcək.

“Bu, Hindistanın 1960-cı ildə Dünya Bankının vasitəçiliyi ilə imzaladığı sazişdən çıxmaq və ya Pakistanı onu dəyişdirməyə razılaşdırmağa məcbur etmək üçün ilk cəhdi deyil. 2016-cı ildə Hindistan ordusunun Uridəki qərargahına silahlı hücumdan sonra rəsmi Dehli ardıcıl olaraq sənədin ləğvi istiqamətində siyasət aparıb”, - deyə “Dawn” nəşri qeyd edir.

Bu arada, mayın 5-də Pakistan 120 kilometr mənzilli “Fəth” seriyalı "Yer-yer" raketinin uğurlu təlim buraxılışını həyata keçirib.

Hindistan Hərbi Hava Qüvvələri Pakistanla sərhəddə yüksək hazırlıq vəziyyətinə gətirilib. Bu barədə “The Times of India” məlumat yayıb. KİV-in məlumatına görə, Racastan və Pəncab əyalətlərindəki bazalarda yerləşən qırıcı təyyarələr dərhal döyüş əməliyyatları üçün daim hazır vəziyyətdədir. Bu vəzifələrin yerinə yetirilməsi üçün Fransadan alınan “Rafale” qırıcılarından istifadə oluna biləcəyi dəqiqləşdirilir. Məqalədə qeyd olunur ki, Pakistandan mütəmadi olaraq atəşə tutulması səbəbindən döyüş hazırlığı artırılıb.

Bundan əvvəl Hindistan Müdafiə Nazirliyinin Pakistanın 10 gün ərzində atəşkəsi pozduğunu bildirdiyi qeyd edilib.

Hər şeydən göründüyü kimi, vəziyyətin belə təhlükəli həddə çatmasının günahkarı Nyu-Dehli və onun əsassız ambisiyalarıdır. Nədən tərəflər arasında vasitəçilik etməyə təşəbbüskar azdır?

Onu da qeyd edək ki, İranın xarici işlər naziri Əraqçi bu həftə Pakistan və Hindistana səfər edəcək. Konkret olaraq Tehranın vasitəçiliyi nəticə verəcəkmi? Kritik mərhələ artıq arxada qaldı söyləmək mümkündürmü?

Deputat Sona Əliyeva: Özəl sektorda çalışanların da maddi vəziyyəti  yaxşılaşacaq

Sona Əliyeva 

Siyasi təhlilçi Sona Əliyeva “Yeni Müsavat”a açıqlamasında dedi ki, Pakistanla Hindistan arasında savaş riski hələ də qalır: “İslamabad Nyu-Dehlinin istənilən təxribatına artıqlaması ilə cavab verəcəyini vurğulayıb. Hindistan isə məkrli planlarından əl çəkmir. İranın özünə vasitəçi lazımdır. Yəni Tehranın vasitəçi kimi sözünün eşidiləcəyi inandırıcı görünmür. Çünki İran müsəlman qardaşlarının yox, ari irqinin daşıyıcısı olan hindlilərin yanındadır. Pakistan isə Türk dünyasına arxalanır.

Üstəlik, nüvə dövləti kimi öz resurslarını ölüm-qalım savaşına cəlb etməyə hazırdır. Bu baxımdan, düşünürəm ki, geri addım atan tərəf məhz Hindistan olacaq. Çünki hindlilərin çinlilərlə də böyük strateji rəqabəti var və onlar bu savaş fonunda Çinə uduza bilərlər.

Düşünürəm ki, bu səbəbdən Bharat Respublikası Pakistanla üz-üzə gəlmək istəmir. Üstəlik, Hindistanı Pakistanla üz-üzə qoymaq istəyən Qərbdir. Nyu-Dehlidə bunu da yaxşı anlayırlar. Fikrimcə, əgər Pakistan bütün gücünü Kəşmirin azad edilməsinə yönəldib və uyğun zamanı gözləyir. İranın vasitəçilik missiyası isə yenə də nəticəsiz qalacaq".

Sülhün ləngiməsinə səbəb Ermənistanın Konstitusiyasına dəyişiklik  etməməsidir"

Şəhla Cəlilzadə

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadənin sözlərinə görə, Hindistan və Pakistan beynəlxalq münasibətlər arenasına daxil olduqları 1947-ci ildən bəri Kəşmir bölgəsi iki ölkə arasında mübahisə və müharibə səbəbi olaraq qalmaqda davam edir: “1947, 1965 və 1971-ci illərdə iki ölkə arasında bu bölgə uğrunda tammiqyaslı müharibə yaşanıb.

Mübahisəli ərazidə iki ölkə arasındakı sərhəd xətti (Line of Contact) 1972-ci ildə əldə olunan razılaşma əsasında müəyyən olunub. Lakin nə Hindistan, nə də Pakistan bunu rəsmi dövlətlərarası sərhəd olaraq tanımayıb. Bir-birini terroru dəstəkləməkdə ittiham edən iki ölkə arasında zaman-zaman bu xətt boyunca hərbi eskalasiya yaşanıb".

Onun fikrincə, hər iki ölkənin nüvə silahına sahib olması, ciddi çəkindirici amil rolunu oynayır: “Pakistan Hindistanı çəkindirmək üçün həm də rəsmi olaraq BMT Təhlükəsizlik Şurasında təcili məsləhətləşmələrin keçirilməsini tələb edib. Odur ki, Pakistanın xüsusi diplomatik səyi, o cümlədən BMT-nin və aparıcı dünya güclərinin müvafiq çağırışları ilə Hindistan və Pakistan arasında gərginliyin müharibə həddinə çatmadan səngiyəcəyini ehtimal etmək olar. Bütün bunlarla yanaşı, yaşanan hadisələr dünyaya bir sıra mesajları da çatdırmış oldu.

Belə ki, Hindistan Pakistana qarşı bir sıra sərt qərarları çərçivəsində 1960-cı ildə əldə olunan Hind çayları üzrə müqavilənin icrasını dayandırdığını elan etdi. Bu, Pakistan üçün strateji təhlükəsizlik məsələsi, yaxud milyonlarla insanın susuz qalması demək olub, o cümlədən bəşəri cinayət adlandırıla bilər.

Təsadüfi deyil ki, Hindistanın silah tədarük etdiyi və yaxınlıq etdiyi Ermənistan da uzun işğal illərində ölkəmizə qarşı su cinayəti (ekoterror) həyata keçirib. Hətta bir rus ekspert bu coğrafiyadakı hadisələri “Mərkəzi Asiyanın Dağlıq Qarabağı” olaraq təsvir etmişdi. Düzdür, Türk dünyasının ortaq çalışmaları, TDT çərçivəsində bölgəyə sülh və barış gəldi, 2025-ci ilin martında üç ölkə sərhəd sazişi imzaladı".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 May 2025

BÜTÜN XƏBƏRLƏR