İnsanlara hürriyət, millətlərə istiqlal!

"Naxçıvanda muxtariyyətin ləğvi müzakirəyə çıxarılmalıdır” – Deputatdan təklif

Qüdrət Həsənquliyev: “Naxçıvanda Muxtar Respublikanın saxlanılmasına ehtiyac olub-olmaması ilə bağlı ictimai müzakirələr açılmalıdır”

“Azərbaycandan ayrı düşəndən Naxçıvanda həmişə həyat səviyyəsi Azərbaycanın digər bölgələri ilə müqayisədə aşağı olub. Bunun bir səbəbi orada əkin sahələrinin az olması  və torpağın çox da münbit olmaması idisə, ikinci səbəbi məmurların çoxluğu idi. Ona görə Naxçıvana nazirlər, məmurlar ölkəsi deyirdilər. Və məmur təbəqəsi, bürokratiya orada inkişafında qarşısında ən böyük maneələrdən biri idi”.

Musavat.com-un məlumatına görə, bunu deputat Qüdrət Həsənquliyev parlamentdə, “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq  edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya qanunu layihəsinin  birinci oxunuşda müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, o, vaxtilə universitetə daxil olanda Bakıya gəlib və Azərbaycanın başqa rayonlarına gedərkən orada “kubik”dən evlər tikildiyini görüb:

“Amma Naxçıvanda binanın küncünə kimsə düz olsun deyə, bir-iki “kubik” qoyurdusa, onu müxtəlif dövlət orqanları 2 ay sorğu-suala çəkirdi ki, bu kubik səndə haradandır? Sonradan da orada istehsal emal müəssisələri açmaq çətin olanda, Qarabağ işğal altında idi. Məsələn, bir Şərur rayonu 3 yerə bölündü, bir rayonun yerində 3 yeni rayon yaradıldı. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sayı artırıldı. İndi də biz burada yeni bir icra orqanı strukturu yaradırıq, səlahiyyətli nümayəndəlik. Baxmayaraq ki, Azərbaycanın qüvvədə olan Konstitusiyasının 135-ci maddəsinə görə qeyd olunur ki, Naxçıvan Muxtar Respublikasında icra hakimiyyətini Nazirlər Kabineti həyata keçirir və Baş nazir də Prezidentin təqdimatı ilə təyin olunur. Bu səlahiyyətli nümayəndə də Prezidentin xüsusi tapşırıqlarını yerinə yetirən ayrı bir icra orqanıdır. Yəni hər ikisi icra orqanıdır. Bundan başqa hörmətli Əli müəllim (Hüseynli-red.) qeyd elədi, amma yenə Milli Məclisin sədri üçün icra orqanı funksiyaları saxlanılır. Yəqin layihə ilə tanış olanda görərsiniz ki, Muxtar Respublikanı məclisin sədri təqdim edir, təmsil edir, sonra yerli icra hakimiyyəti başçılarının təyin olunması ilə bağlı təqdimatı o verir və s. Əslində Azərbaycanın özündə də, yəni bir bölgəni, o cümlədən Azərbaycanı da təmsil edən icra hakimiyyətinin başçısıdır. Ona görə də Muxtar Respublikanın təmsilçiliyi Baş nazirdə olmalıdır. 

Amma mən ümumən nəyi təklif edirəm, əlbəttə, burada çox müsbət dəyişikliklər də var. Xüsusilə də Konstitusiyanın 1-2-ci maddəsindən Moskva və Qars beynəlxalq müqavilələri sözünün çıxarılması çox müsbət haldır. Amma geniş ictimaiyyət düşünürəm, müzakirələrə başlasın və müzakirələr açılsın ki, ümumiyyətlə, Naxçıvanda Muxtar Respublikanın saxlanılmasına ehtiyac var, yoxsa yox? Naxçıvan balaca bir yerdir və əvvəllər haradasa başa düşmək olardı, amma indi, həm İran üzərindən qısa yol çəkilir, həm də inşallah yəqin ki, Zəngəzur dəhlizi də tezliklə açılar. Konstitusiyaya görə də Naxçıvan həm də unitar bir dövlətdir. Bu baxımdan orada muxtariyyətin ləğvi məsələsi barədə düşünmək lazımdır”.

Q.Həsənquliyev daha sonra bildirib: “Əksinə, Naxçıvanda bu gün iş yerləri problemi yeni məmurlar üçün iş yerlərinin açılması ilə həll olunmamalıdır. Məsələn, Naxçıvanın kəndlərində su çatışmır, əkin sahələri azdır, insanların evində qaz var, amma qazın pulunu verməyə pulları yoxdur, onlar kənd yerlərində evlərində odun yandırırlar”. 

Deputat deyib ki, ona görə də Naxçıvanda istehsal, emal müəssisələri açılmalıdır, xidmət sahələri yaradılmalıdır və diqqət daha çox bu istiqamətə yönəldilməlidir: “Orada da maksimum çalışmaq lazımdır ki, ümumiyyətlə, Azərbaycanın özündə də dövlətin idarəetmə xərcləri azaldılsın, bürokratik aparat maksimum dərəcədə kiçildilsin. Ona görə də  mən hesab edirəm ki, bu dəyişiklikləri də Azərbaycanın Konstitusiyasında dəyişikliklər etdikdən sonra etmək olar. Amma bu gün nə qədər ki, Azərbaycan Respublikasının Konstitusiyası qüvvədədir və Konstitusiyada da deyilir ki, Naxçıvanın ali vəzifəli şəxsi dediyim kimi Naxçıvan Ali Məclisinin sədridir və s. yəni bu Konstitusiyamızda bu qala-qala burada biz Naxçıvan Konstitusiyasında başqa bir qanun qəbul edirik. Sadalamadığım başqa məsələlər də var, vaxt almaq istəmirəm, amma ümumən, belə düşünürəm ki, yəni biz Azərbaycanın Konstitusiyasında dəyişiklik edəndən sonra bu dəyişikliyi etsək, daha məqsədəuyğun olar”. 

 

E.Paşasoy,
Musavat.com 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR