İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanın bitməyən “Zəngəzur” isterikası - Bakı bütün variantlara hazırdır!

Erməni tərəfi kapitulyasiya sənədini hələ də yanlış oxuyur; Zəngəzur dəhlizi ya açılacaq, ya da... açılacaq!

Azərbaycan və Ermənistan arasında sərhədlərin dəqiqləşməsi məsələsində, nəhayət, “buz yerindən tərpəndi”. İki ölkə baş nazirlərinin müavinləri ilk dəfə bu məqsədlə bir araya gəldilər. Aydındır ki, proses kifayət qədər uzun və çətin olacaq. Həm də o səbəbə ki, Bakı-İrəvan barışığında maraqlı olmayan Rusiya amili var. Başqa yandan, sərhədlər probleminin həlli tərəflər arasında sülh sazişini zəruri edir. Niyə?

Ona görə ki, məntiqlə Azərbaycan və Ermənistan ən əvvəl bir-birinin ərazi bütövlüyü və suverenliyini tanımalı, ardınca bundan dolayı sərhədlərlə bağlı ortaq xəritə müəyyənləşdirməli, sonra bu sərhədlərin delimitasiyası və demarkasiyasına başlamalıdır. Yaxud mümkündür ki, bəri başdan hansısa xəritə və ya xəritələr tərəflər üçün legitim hesab edilsin ki, bu da əslində həmin xəritə(lər) əsasında bir-birinin ərazi bütövlüyünün tanınması anlamına gələcək.

Təsadüfi deyil ki, son Brüssel görüşündəki mühüm anlaşmalardan biri yaxın həftələrdə ikitərəfli komissiyaların sülh müqaviləsi üzərində işləməyə başlaması haqdadır.

***

Brüssel görüşündən nə gözlənilir? - TƏHLİL

Digər bir anlaşma Azərbaycanla onun ayrılmaz hissəsi Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlıdır. Xatırladaq ki, srağagün Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı deyib ki, mayın 22-də Brüsseldə Zəngəzur dəhlizinin açılması, o cümlədən dəmir və avtomobil yollarının çəkilməsi məsələləri ilə əlaqədar razılıq əldə olunub.

Təəssüf ki, erməni tərəfi hələ də dəhlizlə bağlı köhnə, əsassız mövqeyini saxlayır. Məsələn, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycan dövlət başçısının açıqlamasına cavab olaraq bildirib ki, Ermənistan ərazisində dəhliz məntiqində heç bir yol və ya nəqliyyat kommunikasiyası ola bilməz.

Sitat: “Ermənistan Respublikasının mövqeyi dəyişməyib. Ermənistan ərazisində dəhliz məntiqində heç bir yol və ya nəqliyyat kommunikasiyası ola bilməz. Brüsseldə əldə olunan bütün razılaşmalar regional kommunikasiyaların açılmasına aiddir və Ermənistan nümayəndələrinin bundan əvvəl açıqladığı rəsmi bəyanatlara uyğundur”.

Cənubi Zəngəzur dəhlizi açılır - Yeni dəhlizin hansı üstünlükləri var? -  VİDEO

Qriqoryanın sözlərinə görə, “Avropa İttifaqı Şurası Prezidentinin görüşün yekunlarına dair bəyanatından da görmək olar ki, kommunikasiyaların açılması kontekstində sazişlər sərhəd və gömrük nəzarəti, yol rüsumlarının yığılması, beynəlxalq tranzitin təşkili ilə bağlıdır”.

***

Vurğulayaq ki, rəsmi İrəvan belə yanaşmanı onunla əsaslandırır ki, 10 noyabr (2020) üçtərəfli bəyanatında (9-cu bənd) “Zəngəzur dəhlizi” ifadəsi yoxdur və belə bir ifadə yalnız “Laçın koridoru”na münasibətdə (6-cı bənd) işlədilib. Ancaq bu yerdə erməni rəsmilərinin yaddaşını təzələməyə ehtiyac var. Öncə 9 və 6-cı bəndləri bir daha yada salaq.

9-cu bənddə deyilir: “Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə MANEƏSİZ (seçdirmə bizimdir - red.) hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.

Diqqət edin, Azərbaycanın materik hissəsi ilə Naxçıvanı birləşdirən yollarda nəqliyyat vasitələrimizə, yüklərimizə, vətəndaşlarımıza Ermənistan heç bir maneə, əngəl yarada bilməz. Yəni Zəngəzur koridorunda post-zad qurula bilməz. Dəhliz məntiqi də elə budur. Yollara ümumi nəzarətin isə Ermənistan sərhəd qüvvələri tərəfindən yox, Rusiyanın Federal Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilməsi nəzərdə tutulur.

“Laçın dəhlizi” ilə bağlı 6-cı bənddə isə əksinə, ermənilərə məxsus nəqliyyat vasitələrinin koridorla maneəsiz hərəkəti nəzərdə tutulmayıb. Orada deyilir: “Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 kilometr enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır. Tərəflərin razılığı əsasında növbəti 3 il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingenti gələcək. Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə TƏHLÜKƏSİZLİK (seçdirmə bizimdir - red.) zəmanəti verir”.

***

Göründüyü kimi, Zəngəzur dəhlizindən fərqli olaraq, Azərbaycan Laçın dəhlizinə yalnız təhlükəsizlik zəmanəti verir. Zəngəzur koridoru üzrə isə ermənilər həm təhlükəsizlik, həm də maneəsiz hərəkətlə bağlı öhdəlik götürüblər. Əgər Azərbaycanın materik hissəsi ilə Naxçıvanı birləşdirən yollara İrəvanın heç bir müdaxilə hüququ yoxdursa, ayrı sözlə, orada onun suverenliyi işləməyəcəksə, o zaman bu dəhliz məntiqi deyilsə, nədir?

Yox, əgər erməni tərəfi 10 noyabr sənədində nəzərdə tutulmadığı halda Zəngəzur dəhlizində postlar quracaqsa, o zaman Azərbaycan da Laçın dəhlizində (istər köhnəsi olsun, istərsə də təzəsi) eyni rejim tətbiq edəcək. Belə bir xəbərdarlığı rəsmi Bakı dəfələrlə edib. Son Brüssel anlaşmalarında da bu, “qırmızı xətt” kimi keçir. Bakı bütün variantlara hazırdır...

Siyasət şöbəsi,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR