Onlayn ictimai-siyasi qəzet
Qərblə Rusiya arasında “iki stul” siyasəti bumeranq effekti verməyə başlayıb
Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyan iyulun 1-də Rusiyanın Belqorod şəhərində olub. Erməni qaynaqlarının məlumatına görə, “səfir Ukrayna Silahlı Qüvvələrinin raketi nəticəsində dağıdılan yaşayış binasına baş çəkib”.
Erməni diplomat Belqoroda işgüzar səfəri zamanı jurnalistlərə bildirib: “Onlarla insanın kədərinin cəmləşdiyi yer, məncə, bütün şəhərə psixoloji təsir göstərir. Burada yalnız bir hissi yaşamaq olar - mərhəmətlilik və bu acını bütün miqyası ilə anlamaq dərdi. Və təbii ki, istək odur ki, bütün bunlar tez bir zamanda sona çatsın”.
Xatırladaq ki, ötən ayın əvvəlində Rusiya Ermənistana nota vermişdi. Etiraz notasına səbəb isə Ermənistan nümayəndə heyətinin - İrəvanın Nor-Nork inzibati dairəsinin rəhbərləri Tiqran Ter-Marqaryanın və Ermənistan diplomatik missiyasının rəhbəri Vladimir Karapetyanın Ukraynanın Buça şəhərinə səfər etməsi və orada anti-Rusiya açıqlamaları verməsi olmuşdu. Rəsmi Moskva Rusiyaya ünvanlanan bəyanatları qəbuledilməz olduğunu bildirmiş, Kiyevə humanitar yardımın göstərilməsini isə İrəvanın açıq-aşkar qeyri-dost addımı kimi qiymətləndirmişdi.
Daha öncə isə baş nazir Nikol Paşinyan Ukrayna müharibəsində Ermənistanın Rusiyanın müttəfiqi olmadığını demişdi. O zaman Moskvadakı erməni səfirin Belqorod səfərini necə oxuyaq - ermənisayağı “balans” siyasəti kimi, yoxsa?
Bəhruz Məhərrəmov
Deputat Bəhruz Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın Rusiyadakı səfirinin Belqorod şəhərinə səfəri Ermənistan diplomatiyasının növbəti fiaskosu və düşdüyü çıxılmaz vəziyyətin göstəricisidir: “Görünən odur ki, İrəvan bir müddət öncə Ermənistan nümayəndə heyətinin Ukraynanın Buça şəhərinə səfəri və oradan Rusiya əleyhinə bəyanatlar fonunda Moskva ilə müşahidə olunan gərginliyi azaltmaq üçün "balans" yaratmağa çalışır. Bu səfər eyni zamanda çoxsaylı vədləri fonunda Qərbin Ermənistanın “ümidlərini” doğrulda bilməməsi və İrəvanın Qərbə yenidən Paşinyandan öncəki siyasi kursa qayıda biləcəyi ilə bağlı şantaj xarakterli gedişi sayıla bilər. Maraqlıdır ki, Qərblə Ermənistan arasında münasibətlərin nisbi soyumasına dair elementlər mövcud erməni iqtidarının davranışlarında da hiss edilir və qısa müddət öncə Nikol Paşinyan Ermənistanın Avropa İttifaqına üzvlüyünə dair referendumun mümkünlüyünü rədd etməklə bu qənaətləri daha da gücləndirir. Lakin bütün hallarda Ermənistanın suveren dövlət olmaması, həm Qərbin, həm də Rusiyanın bu ölkədə ciddi təsir rıçaqlarına malik olması fonunda proseslərin İrəvanın xeyrinə inkişaf və cərəyan etmədiyini göstərir. Sirr deyil ki, Qərb Rusiya-Ukrayna münaqişəsi fonunda Moskvanın Cənubi Qafqazda mövqeyinin nisbi zəifləməsi qənaətindədir və xüsusən Ermənistanda bu boşluğu öz xeyrinə dəyişmək niyyətini gizlətmir. Lakin belə bir situasiyada Ermənistan səfirinin Qərb üçün xüsusi həssas məsələ olan Ukrayna-Rusiya müharibəsi ilə bağlı gözlənilməz gedişi, əlbəttə ki, Qərb tərəfindən xoş qarşılana bilməz. Çox güman ki, Qərb mediası, o cümlədən erməni diasporu və Qərbin Ermənistandakı “beşinci kolon”u bunu Paşinyana bağışlamayacaq və proseslər Ermənistanda daxili gərginliyin artması fonunda inkişaf edəcək. Əlbəttə, Ermənistanın Rusiyadakı səfirinin müvafiq bəyanatlarının İrəvanda hər hansı ciddi qarşıdurmaya, yaxud Paşinyan iqtidarı üçün hansısa təhdidə yol açacağını düşünmək sadəlövhlükdür. Lakin istənilən halda Qərbin Ermənistanda güclənməkdə olan mövqeləri çərçivəsində erməni səfirin “balans yaratmaq” cəhdi cavabsız da buraxılmayacaq. Görünən odur ki, onsuz da böyük uğursuzluqla həyata keçirilən Ermənistanın xarici siyasət kursu növbəti çətin sınaq qarşısındadır".
Əli Orucov
AMİP liderinin köməkçisi, politoloq Əli Orucov hesab edir ki, Ermənistan hakimiyyəti özünü qərbyönlü təqdim etməyə çalışsa da, Moskvaya qarşı açıq konfrontasiyaya getməkdən ehtiyatlanır: “İrəvanın Rusiyadan birbaşa asılılığı Paşinyan hakimiyyətini məcbur edir ki, siyasi kursunda korrektələr etsin. Bildiyiniz kimi, Ermənistanın bəzi rəsmilərinin Buça şəhərinə səfər etməsi və ordan anti-Rusiya bəyanatı verməsi Kremli hiddətləndirmişdi. Rusiya-Ermənistan arasında ziddiyyətlərin kulminasiya nöqtəsi olaraq Moskva öz səfirini məsləhətləşmək üçün geri çağırmışdı. Erməni baş nazir bir qədər də irəli gedərək Putinin sadiq dostu və müttəfiqi, Belarus prezidenti Lukaşenkonu da hədəfə almış, nəticədə bu dövlət ilə diplomatik gərginliklər yaranmışdı. Görünür, proseslərin bu cür axarının heç də yaxşı sonuclanmayacağını anlayan İrəvan Rusiyaya jest edir. Erməni səfir Belqorodda cildə girib mərhəmətdən danışır. Halbuki Ermənistan Azərbaycana qarşı insanlıqdan kənar bütün vəhşilikləri edib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı Gəncənin, Tərtərin, Goranboyun və digər şəhərlərin raket zərbələrinə məruz qalması, mülki şəxslərin kütləvi qətlə yetirilməsi erməni mahiyyətini tam çılpaqlığı ilə göstərdiyi halda Belqorodda səfir Vaqarşak Arutyunyanın verdiyi bəyanat ikiüzlükdən başqa bir şey deyil. Səfir simvolik olaraq Ermənistanın Rusiyaya sadiqliyini, dostluğunu nümayiş etdirməyə çalışır. Halbuki bu dostluq, sadiqlik nümayişi formal xarakter daşıyır və erməni xəyanətini ört-basdır etmək üçündür. Ermənistanın son dövrlər atdığı addımlar ABŞ və Qərblə sıx əlaqələr qurmağa çalışması, NATO silahlarının regiona gətirilməsi Rusiyanın hiddətinə səbəb olub. Ancaq Rusiyanın səbri də sonsuz deyil və Moskva öz sərt üzünü İrəvana göstərəcək. Moskva imkan verməz ki, özünün yaratdığı və himayə etdiyi Ermənistan adlı bir dövlət özbaşına hərəkət etsin və üzünü Qərbə çevirsin. Hesab edirəm ki, Ermənistan hakimiyyəti də həmin fəlakəti yaşamamaq üçün Rusiyaya qarşı xoşməram göstərmək zorunda qalıb. Digər tərəfdən, məncə, Ermənistan Rusiyadan qopmağı deyil, güzəştlər əldə etməyi, Rusiyanın vasitəsilə regionda itirilmiş mövqeyini bərpa etmək istəyir. Azərbaycan-Rusiya əlaqələrinin dinamik inkişafı Paşinyanı çətin duruma salıb. Məsələnin çətinliyi ondan ibarətdir ki, Bakı-Moskva münasibətlərinin indiki durumu İrəvana nə Rusiyanın əvvəlki patronajlığını qazandıra bilir, nə də Avroatlantika məkanına inteqrasiyanı. Odur ki, Qərblə Rusiya arasında vurnuxaraq stabil və sistemli xarici siyasət yürüdə bilmir. Bu isə Ermənistanın müqəddəratını getdikcə qeyri-müəyyənliyə aparır”.
Şəhla Cəlilzadə
Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadənin sözlərinə görə, Ermənistan hazırda Azərbaycanın birinci Qarabağ müharibəsindən sonrakı dövrdəki balans siyasətini imitasiya etməklə məşğuldur: “Bu, sadəcə, Rusiya-Ukrayna müharibəsi fonunda aşkara çıxarılacaq bir məsələ deyil, daha geniş konspektdə yanaşılacaq məsələdir. Məsələn, Ermənistan bir tərəfdən KTMT-dən çıxmaq niyyətini bəyan edir, digər tərəfdən, Aİ ilə əməkdaşlığın genişləndirilməsi üçün danışıqlar aparır. 2023-cü ilin oktyabrında Avropa Parlamentindəki çıxışında Paşinyan "Ermənistan Avropa İttifaqına bu ittifaqın mümkün saydığı qədər yaxın olmağa hazırdır", 2024-cü ilin mayında “Ermənistan bu il Aİ-yə üzv olmağa hazırdır” kimi bəyanlar versə də, indi bu bəyanatın əksinə deyir ki, Ermənistanın Aİ üzvlüyünə dair niyyəti yoxdur. Bunu Paşinyan sətiraltı belə ifadə edib: “Aİ üzvlüyü üçün referendum keçirsək, insanlar sual verəcək ki, necə, nə zaman, hansı müddətə? Lakin Aİ bunu istəyirmi, buna hazırdırmı?” Paşinyanın Aİ üzvlüyünə dair referendum keçirməməsi o deməkdir ki, Aİ buna hazır deyil. Yəni Aİ-də Ermənistanı gözləmirlər. Bununla belə, kollektiv Qərb Rusiya ilə müharibə fonunda özünün Cənubi Qafqaza dair regional siyasətinin həyata keçirilməsi üçün Ermənistandan istifadə etməkdə davam edir və görünür, hələ uzun müddət istifadə edəcək. Bu isə təbii olaraq, Ermənistan-Azərbaycan münasibətlərinə, Ermənistan-Türkiyə münasibətlərinə birbaşa olaraq yansıyacaq. Ermənistanın “balans” siyasətini seçməsi həm də Rusiyanın təzyiqləri ilə birbaşa bağlıdır. Ermənistan siyasi elitası anlayır ki, onlar Gürcüstan və Ukrayna yolunu seçsələr, başlarına nələr gələcək. Bütün bunlarla yanaşı Ermənistan-Rusiya iqtisadi əlaqələri əvvəl olduğu kimi davam edir, hətta 2023-cü ildə iki ölkə arasındakı ticarət dövriyyəsi pikə çatmışdı. Ancaq Ermənistanda anlamalıdırlar ki, balansı imitasiya siyasətləri Azərbaycan və Türkiyə ilə sülh əldə etmədən onlara heç bir fayda gətirməyəcək".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ