İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda polis vəhşiliyini görməyən Qərb Bakıda “tük” axtarışında

Ermənistanla Azərbaycana fərqli münasibətin maraqlı səbəbi

Ermənistanda müxalifətin və revanşist qüvvələrin Nikol Paşinyan hakimiyyətinə qarşı etiraz aksiyaları  daha da aqressiv xarakter alıb.  Etirazçı kütlə küçələri bağlayır, yürüşlər keçirirlər. Ermənistan hakimiyyəti isə etirazçılara kütləvi həbslər, polis zorakılığı ilə sərt şəkildə cavab verir. Aksiya iştirakçılarına  zorakılıq tətbiq edildiyi  görüntüləri hər yerdə yayılır. Amma  baş verən nə polis zorakılığı, nə də kütləvi həbslərə  Qərb ölkələri heç bir reaksiya vermir. Sanki bunları görməzdən gəlirlər. Halbuki  14 mayda Bakıda keçirilən kiçik bir qrupun iştirak etdiyi aksiyada heç bir xüsusi zorakılıq, həbslər olmasa da, buna dərhal reaksiya verildi.

Əvvəl Böyük Britaniya səfirliyi aksiya ətrafında hay-küy yaratdı. Bunun ardınca isə Dövlət Departamentinin nümayəndəsi bəyanat verdi.  “Vaşinqton Azərbaycan hakimiyyətini insan hüquqlarına və əsas azadlıqlarına hörmət etməyə, o cümlədən bütün vətəndaşlara öz fikirlərini dinc şəkildə ifadə etmək imkan verməyə çağırır. Dinc etirazlar açıq siyasi sistemin elementidir. Biz insanların Azərbaycan Konstitusiyasında zəmanət verilmiş fikirlərini ifadə etmək və dinc şəkildə toplaşmaq azadlıqlarının həyata keçirməsi hüququnu tamamilə dəstəkləyirik”, - deyə Dövlət Departamentinin nümayəndəsi “Turan”ın sorğusuna cavabda bildirib.

Ortaya maraqlı sual çıxır: xarici ölkə səfirlikləri nə üçün Ermənistandakı real zorakılıq faktlarını görmür, erməni polislərin davranışlarına göz yumur, Azərbaycana gəldikdə isə insan haqları ilə bağlı bütün mümkün ifadələri işə salırlar ? Ermənistana və Azərbaycana bu “xüsusi münasibətin” səbəbləri nədir?

Çingiz Qənizadə seçicilərinə müraciət edib -

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə bildirdi ki, Ermənistanda müxalifətin və digər revanşist qüvvələrin kütləvi aksiyaları artıq qanunla nəzərdə tutulmuş formalardan, qaydalardan kənara çıxır, hakimiyyətin başında dayanan şəxsin hətta məhv edilməsi çağırışlarını səsləndirirlər: “Bütün bu kimi hərəkətlər artıq dinc etiraz aksiyası sayıla bilməz. Bu cür hərəkətlər qanunvericiliyin konkret tələblərinin pozulması, cinayət hərəkətləridir. Ermənistanın güc strukturları ilə etirazçılar arasında toqquşmalar baş verir, kütləvi həbslər həyata keçirilir. Görünən budur ki, Ermənistan hakimiyyəti güc strukturları vasitəsilə bəzi hallarda aksiyaçılara qarşı qeyri-qanuni üsullardan istifadə edir. Saxlanılan şəxslərə qarşı təzyiqlər olduğu barədə xəbərlər yayılıb. Amma belə bir vəziyyətə Qərbin heç bir beynəlxalq statuslu təşkilatları, Ermənistandakı hər hansı səfirliklər baş verən bu hadisələrə münasibət bildirmir. Sanki Ermənistan hakimiyyətinin demokratiyaya, insan hüquqlarına tam hörmət edən hakimiyyət olduğu imicini süni olaraq yaratmaq məqsədilə baş verənlərin üstündən sükutla keçirlər. Azərbaycanda isə hətta 3-5 nəfərin iştirak etdiyi qanunsuz aksiyaların qarşısının qanuni yolla alınması addımlarına belə, bəzi Qərb ölkələrinin səfirlikləri, beynəlxalq təşkilatlar reaksiya verirlər, məsələni böyütməyə, Azərbaycana qarşı təzyiq mexanizminə çevirməyə çalışırlar. Bu məsələlərə münasibətdə də Ermənistanla Azərbaycan arasında böyük ayrı-seçkiliyə yol verildiyi göz  önündədir. Səbəb isə odur ki, Ermənistan hakimiyyəti müstəqil deyil və həmin qüvvələrin təsiri altındadır və belə bir hakimiyyətin imicinin qayğısına qalırlar. Azərbaycan hakimiyyəti müstəqildir, qərarlarını özü verir, dövlətin maraqlarını müstəqil şəkildə qoruyur. Bir sıra Qərb dövlətləri və təşkilatları bunu həzm edə bilmirlər və hər fürsətdə Azərbaycana, onun hakimiyyətinə qarşı təzyiq üçün bəhanə axtarırlar. Bu fərqli münasibət həm də Azərbaycana qərəzli yanaşmadan irəli gəlir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR