Onlayn ictimai-siyasi qəzet
İrəvanda Azərbaycan və Ermənistan arasında etimad quruculuğu istiqamətində mühüm bir addım atılıb. İlk dəfə olaraq hər iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Bu görüş təkcə diplomatik masada deyil, həm də ictimai səviyyədə sülhə dəstəyin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır.
Musavat.com xəbər verir ki, iki ölkə arasında etimadın möhkəmləndirilməsi prosesinin artıq siyasi dairələrlə məhdudlaşmaması, cəmiyyətlərin birbaşa ünsiyyət qurmağa başlaması yeni mərhələnin başlanğıcını göstərir.
Bakı ilə İrəvan arasında ilk çarter reysinin həyata keçirilməsi bu prosesi rəmzi mənada tamamlayır. İllərlə davam edən düşmənçilik atmosferindən sonra bu cür addımlar xalqlar arasında real ünsiyyətin və qarşılıqlı inamın bərpasına yönəlib. Ən önəmlisi isə budur ki, bu təşəbbüslər Qərbin vasitəçiliyi və ya diktəsi olmadan baş verir. Uzun illər ərzində Qərb institutları bölgədə “sülh təşəbbüskarları” rolunda çıxış edərək prosesə öz maraqlarını daşıyırdı. İndi isə Azərbaycan və Ermənistan öz iradələri ilə, heç bir kənar müdaxilə olmadan etimad quruculuğu istiqamətində real addımlar atırlar.
Vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən bu görüş bir başlanğıcdır. Qarşıda isə uzun və çətin bir proses dayanır. Azərbaycan və Ermənistan cəmiyyətlərinin sülh şəraitində birgəyaşayış modelinə uyğunlaşması, illərlə formalaşmış düşmən obrazının dəyişməsi asan olmayacaq. Amma bu cür görüşlər cəmiyyətlərin bir-birini tanıması və qarşılıqlı ünsiyyətin bərqərar olması üçün mühüm baza yaradır.
Unutmaq olmaz ki, Azərbaycanda bir neçə nəsil müharibə şəraitində yaşayıb. İndi əsas məsələ insanlarda yeni düşüncənin – sülh düşüncəsinin formalaşdırılmasıdır. Cəmiyyətlərin bir-biri ilə təmasda olması, real həyat səviyyəsində ünsiyyət qurması, etimad mühitini gücləndirməyə xidmət edir. Məhz bu fonda Azərbaycan parlamentinin sədri Sahibə Qafarova ilə Ermənistan parlamentinin sədri Alen Simonyan arasında baş tutan görüş də sülh prosesinin siyasi və ictimai tərəflərinin uzlaşdırılması baxımından əhəmiyyətlidir. Bu görüş Vaşinqtonda start verilən sülh prosesinin davamı kimi dəyərləndirilir.
Köçəryan-Sərkisyan amili və revanşist kölgə
Sülhün ən böyük düşməni Ermənistan cəmiyyətində hələ də yaşayan revanşist meyillərdir. Bu meyillərin başında isə Köçəryan və Sərkisyan kimi keçmiş prezidentlər dayanır. Onlar öz siyasi karyeralarını Qarabağ müharibələrinin üzərində qurduqları üçün müharibəsiz Ermənistan modeli onlar üçün siyasi ölüm deməkdir. Köçəryan-Sərkisyan tandemi “Qarabağ klanı”, kilsə və Rusiyadakı erməni əsilli oliqarxiya ilə birlikdə revanşist ruhun diri qalmasında maraqlıdır.
Bu qruplar ictimai şüuru manipulyasiya etməyə çalışır, Azərbaycanla etimad quruculuğu təşəbbüslərini “xəyanət” kimi qələmə verir. Halbuki, Ermənistan xalqının bu gün ehtiyacı yeni müharibəyə deyil, sosial-iqtisadi inkişafa və sabitliyədir. Revanşist düşüncələrin cəmiyyətdən təmizlənməsi, gələcək sülh nəsli üçün ən vacib addımdır.
Gümrü merinin həbsi və Qərbin ikili standartı
Etimad quruculuğu prosesinin fonunda Ermənistanda baş verən son hadisələr, xüsusilə də Gümrü şəhərinin meri Vardan Qukasyanın həbsi, bu ölkədə daxili siyasi gərginliyin davam etdiyini göstərir. Qukasyan seçilmiş şəxsdir, lakin onun həbsi Qərb institutları tərəfindən tam susqunluqla qarşılanıb.
Əgər bu hadisə Azərbaycanda baş versəydi, Avropa təsisatları və beynəlxalq media dərhal “demokratiya böhranı”ndan danışar, “insan haqları pozuntusu” iddiaları ilə çıxış edərdi. Amma məsələ Ermənistana aid olduğuna görə səssizlik hökm sürür. Bu, Qərbin bölgəyə yanaşmasında uzun illərdir müşahidə edilən ikili standartların növbəti nümunəsidir.
İrəvanda başlanan etimad quruculuğu prosesi Cənubi Qafqazda sülhün yalnız diplomatik sənədlərlə deyil, cəmiyyətlərin iradəsi ilə möhkəmlənə biləcəyini göstərir. Bu prosesi baltalamağa çalışan revanşist qüvvələr və Qərbin manipulyativ yanaşması isə yeni reallığı dəyişə bilməyəcək.
Bu gün ermənilər də başa düşürlər ki, xilasları və dünyaya çıxışları yalnız Azərbaycanla sülh şəraitində yaşadıqları an mümkündür. Azərbaycan heç zaman hansısa qonşusunun ərazisinə göz dikməyib. Biz hər zaman öz ərazi bütövlüyümüzün bərpası üçün çalışmışıq. Əvvəlcə bunu danışıqlar masasında bərpa etməyə çalışmışıq. Bunun üçün 30 ilimiz gedib. Başqa yol mümkün olmadığı təqdirdə isə müharibə ilə torpaqlarımızı geri alıb, hüququmuzu, qürurumuzu bərpa etmişik. İndi təbii ki, bizim kimsənin ərazisində gözümüz yoxdur. Azərbaycan hər zaman sülhdən yana olub. Ermənistanın da sülhdən yana olmaq, dediklərimizi qəbul etməkdən başqa variantı yoxdur.
Musavat.com
23 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ