İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan “sülh planı” ilə Azərbaycana yeni savaş açıb: Bakı isə Qərbin təzyiqlərindən çəkinmir

Paşinyan hakimiyyəti beynəlxalq məkanda Ermənistanın sülh tərəfdarı olmasıyla bağlı uydurma imic yaratmağa can atır, belə siyasi manipulyasiyalarla ABŞ və Qərbin Azərbaycana qarşı sərt təzyiq göstərməsinə nail ola biləcəyinə ümid edir... Rəsmi İrəvan hesab edir ki, Azərbaycana qarşı ərazi iddialarını qoruyub, saxlamaq şansı və bunun sayəsində də Ermənistan üçün daha sərfəli regional situasiyada öz revanşist niyyətlərini ön plana keçirtmək imkanları qazana bilər...

Ermənistan məkrli manevrlərini davam etdirməkdə israrlı görünür. Belə ki, rəsmi İrəvan indiyə qədər verdiyi bütün vədlərdən yayınmağa çalışır. Paşinyan hakimiyyəti Cənubi Qafqazda geopolitik şərtləri Ermənistanın xeyrinə dəyişmək üçün ardıcıl və müxtəlif siyasi manipulyasiyalara əl atır. Xüsusilə də, son vaxtlar rəsmi İrəvan sülh prosesi ilə Ermənistan arasında müəyyən məsafənin mövcud olmasına, hətta bəzi hallarda, “geopolitik divar”ın yaradılmasına cəhd göstərir. Və belə şəritdə regional sülh prosesinin uğur qazana biləcəyinə tam əmin olmaq, ən yaxşı halda, sadəlövhlük xarakteri daşıya bilər.

Onu da qeyd etmək lazımdır ki, rəsmi İrəvanı sülh prosesindən yayınmağa cəsarətləndirən əsas faktorların sırasında məhz ABŞ, Avropa Birliyi və Fransanın hərbi-siyasi dəstəyi önəmli rol oynayır. Çünki son vaxtlar ABŞ və Qərbin tam dəstəyini hiss edən rəsmi İrəvan hətta Ermənistanı yeni “təhlükəsizlik çətiri” altına alındığına inanmağa da başlayıb.

brussel-gorusu.jpg (163 KB)

Hər halda, ABŞ və Fransanın Ermənistana müasir silah-sursat göndərməsi, Avropa Birliyinin isə hərbi məqsədlər üçün “Sülh Fondu”ndan rəsmi İrəvana maliyyə dəstəyi ayırması Paşinyan hakimiyyətinin indiki qeyri-konstruktiv mövqeyinin təməlini təşkil edir. Və bu sıraya Qərbin Ermənistana beynəlxalq məkanda siyasi dəstəyini də əlavə etdikdə, ümumi situasiyanı təsəsvvür etmək o qədər də çətinlik törətmir.

Bütün bunları nəzərə aldıqda, rəsmi İrəvanın məkrli manevrlərinin əsas hədəflərini təxmin etmək imkanları daha da genişlənir. Belə ki, ABŞ və Qərb Cənubi Qafqazda sülhü, sabitliyi, eləcə də Azərbaycan və Ermənistan arasında danışıqlar prosesini dəstəklədiyini hər imkanda bəyan edir. Cənubi Qafqazdakı sülh prosesinə vasitəçilik uğrunda mübarizədə ABŞ və Qərb məhz Rusiya ilə rəqabət aparır. Və elə bu mübarizənin yaratdığı yeni situasiyadan istifadə edən Ermənistan Cənubi Qafqazda ümumiyyətlə, geopolitik şərtlərin dəyişdirilməsinin planlarını qurmağa çalışır.

Məsələ ondadır ki, Paşinyan hakimiyyəti hazırda Azərbaycana qarşı Qərbin siyasi təzyiq göstərməsinə münbit şərait yaratmağa çalışır. Bu səbəbdən də, rəsmi İrəvan beynəlxalq məkanda Ermənistanın sülhə can atan tərəf imicini yaratmaqda maraqlıdır. Baş nazir Nikol Paşinyanın yekun sülh sazişinin indiyə qədər razılaşdırılmış müddəalar üzərindən imzalanması ilə bağlı “təklifi” gündəmə gətirməsinin əsas hədəfi də məhz elə bu maraqla birbaşa bağlıdır. Və hazırda erməni baş nazir bu absurd “təklif”ini beyməlxalq gündəmə daşımağa can atır.

12323.jpg (861 KB) 

Baş nazir Nikol Paşinyanın BMT Baş Assambleyasının toplantısında məhz bu mövzu barədə danışması qətiyyən təsadüfi deyil. Çünki erməni baş nazir birmənalı şəkildə Azərbaycanla yekun sülh sazişini imzalamağa və nəqliyyat-kommunikasiya xətlərini açmağa hazır olduğunu bəyan edib. Yəni, yekun sülh sazişinin mətni tam şəkildə razılaşdırılmasa da, bunu tamamilə mümkün hesab etdiyini vurğulayıb. Halbuki, baş nazir Nikol Paşinyan da tam dəqiqliyi ilə bilir ki, yarımçıq sülh sazişinin Cənubi Qafqazda növbəti savaş təhlükəsini bloklamaq ehtimalı mövcud deyil.

Ona görə də, baş nazir Nikol Paşinyan yarımçıq sülh sazişi imzalanarsa, gələcəkdə baş verə biləcək münaqişəyə elə indidən haqq qazandırmaq üçün bəhanə də uydurmağı unutmayıb. Belə ki, erməni baş nazir imzalanacaq yekun sülh sazişinin Ermənistan konstitusiyası ilə ziddiyyətlər təşkil edə biləcəyini də vurğulayıb. Hər halda, istənilən ölkənin konstitusiyanın hökmünün digər sənədlərdən daha üstün olduğu inkaredilməz hüquqi reallıqdır. Və bu baxımdan, baş nazir Nikol Paşinyan regional sülh prosesinin uğursuz olma ehtimalını nəzərə alaraq, Ermənistan konstitusiyasının arxasına sığınmağa cəhd göstərib.

Halbuki, erməni baş nazirin bu davranışı tamamilə absurd və məntiqsiz yanaşma tərzidir. Belə ki, mövcud problemin çox sadə həlli yolu da mövcuddur. Hər halda, rəsmi İrəvan həqiqətən regional sülh prosesinin uğur qazanmasında maraqlı olsaydı, ən qısa zamanda Ermənistanın konstitusiyasını dəyişməyə üstünlük verərdi. Çünki Ermənistan konstitusiyasında həm Azərbaycana, həm də Türkiyəyə qarşı ərazi iddialarını ifadə edən müddəalar mövcuddur. Və belə şəraitdə hətta tam mətni razılaşdırılmış yekun sülh sazişi də yeni silahlı münaqişənin olmayacağına təminat verə bilməz.

 323243546645b9a0ad652aba73e092f9.jpeg (111 KB)

Göründüyü kimi, Paşinyan hakimiyyəti sadəcə, sülh tərəfdarı olmasıyla bağlı siyasi manipulyasiyalar etməyə can atır. Rəsmi İrəvan Ermənistanı sülhə can atan əsas tərəf olaraq, təqdim etməklə, ABŞ və Qərbin Azərbaycana qarşı sərt təzyiq göstərməsinə nail ola biləcəyinə ümid edir. Çünki buna nail olarsa, yarımçıq sülh sazişi ilə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını qoruyub, saxlamaq şansı qazana bilər. Və bu, Ermənistan üçün daha sərfəli regional situasiyada rəsmi İrəvana öz revanşist mövqeyini ön plana keçirtmək imkanları da aça bilər.

Ancaq rəsmi Bakının bu hiyləgər və məkrli erməni planının baş tutmasına imkan verəcəyinə inanmaq mümkün deyil. Çünki Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə açıq mətnlə bəyan edib ki, rəsmi Bakı Ermənistanın beynəlxalq himayədarlarının hər hansı təzyiqi qarşısında geri çəkilmək niyyətində deyil.

Əksinə, rəsmi Bakı prinsipial mövqeyinə qətiyyətlə sadiq qalmaqda davam edəcək. Yəni, rəsmi Bakı yarımçıq sülh sazişini heç bir halda, imzalamayacaq. Bu sənədin tam mətninin razılaşdırılmasından sonrasa, onun imzalanması üçün Ermənistan konstitusiyasının dəyişdirilməsini gözləyəcək. Və bu, Azərbaycan-Ermənistan yekun sülh sazişinin imzalanması üçün mümkün ola biləcək yeganə variantdır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR