İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan Rusiyadan əlini üzür – Ermənistana ordunu yalnız bu ölkə qura bilər  

Rusiyanın Ukraynaya hərbi təcavüzündən ən çox təlaş keçirən ölkə Ermənistandır yazsaq, yəqin ki, yanlış olmaz. Çünki az qala bir aydır davam edən bu müharibə İrəvanın bölgədə onsuz da axırıncı “söz sahibliyi”ni daha arxa plana atacaq, faktiki basdıracaq. Nəinki Ermənistanın, uzun müddətə ağır sanksiyalar altında olacaq Rusiyanın da Azərbaycanla Türkiyəyə ehtiyacını artıracaq. Bu isə artıq Bakı və Ankaranın xeyrinə tam yeni bir geosiyasi gerçəklik anlamına gəlir.

Ermənistanın ən böyük təlaşı məlum: 44 günlük müharibədə darmadağın edilən işğalçı ordunu təzədən necə qurmalı? Çünki hərbi qüdrəti zəif olan və ya olmayan bir ölkənin qonşulara qarşı ərazi iddiasına davam etdirməsindən danışmağa dəymir. Hərçənd erməni başbilənlərin azacıq ağlı olsaydı, onlar ordudan həmişəlik imtina edər, qonşu ölkələrlə barış yolu tutar, ordu quruculuğuna lazım olan vəsaiti isə öz kasıb xalqının sosial rifahı və güzəranının yaxşılaşmasına yönəldərdilər.

Məsələ də ondadır ki, müasir, 5-ci nəsil ordu quruculuğu üçün olduqca böyük maliyyə və savadlı, peşəkar kadrlar lazımdır ki, bu da ən azı, yaxın on ildə, hətta on illiklərdə Ermənistan üçün əlçatmaz olacaq. Rusiyaya bağlanan sonuncu ümidlər isə bu dəqiqə Ukraynada torpağa gömülməkdədir. Bunu ermənilərin özləri də yaxşı bilir, heç gizlətmirlər də...

“Düşünmürəm ki, rusiyalı mütəxəssislər ordumuzda islahatlar aparmaq və ya onu bərpa etmək üçün resursa malikdir. Biz buna həmişə ehtiyatla yanaşmışıq, çünki Rusiya ordusunda vəziyyət, yumşaq desək, acınacaqlıdır. Bunu rusiyalı hüquq müdafiəçilərinin öz hesabatları da təsdiq edir. Əgər onların belə potensialı varsa, öncə öz ordusunda islahatlar aparsınlar”.

Musavat.com-un məlumatına görə, bu barədə Armenianreport.com-un redaksiya məqaləsində deyilir.

Məqalədə həmçinin deyilir: “Ukraynaya qarşı müharibə Rusiya ordusunun nə dərəcədə köhnəldiyini, həm şəxsi heyətin, həm də silahların acınacaqlı vəziyyətdə olduğunu ortaya qoydu. Bu isə korrupsiyanın birbaşa nəticəsidir. Aydındır ki, korrupsiyanın mövcud olduğu şəraitdə güclü ordu qurmaq, hərbçilərin hüquqlarını qorumaq sadəcə, mümkün deyil. Ukrayna ordusunun müqaviməti guya dünyanın ikinci ordunun gücü ilə bağlı bütün mifləri dağıtdı. Deməli, ordumuzda islahatlara kömək rusiyalı mütəxəssislərin işi deyil. Bizim Ermənistan-NATO fəaliyyət planımız var”.

Qeyd edək ki, kapitulyant ölkədə vaxtaşırı NATO-ya inteqrasiyanın, hətta üzvlüyün vacibliyindən də dəm vururlar. Bu zaman unudurlar ki, Alyansın ikinci ən güclü orduya malik ölkəsi - Türkiyə Ermənistanla həmsərhəddir. Demək ki, İrəvan-NATO əlaqələrindən Ankara zamanında agah olacaq və onun razılığı olmadan belə əlaqələr dərinləşə bilməz. Hələ onu demirik ki, Alyansa üzvlük üçün hər bir NATO ölkəsinin ayrıca razılığı lazımdır. Rusiyanın bu planlara hansı reaksiya verəcəyi də öz yerində.

Rusiyanın Türkiyə xaric, NATO-nun bütün üzvləri ilə, o cümlədən ermənipərəst Fransa ilə uzun müddətə gərgin münasibətlərdə olacağı ciddiyə alınarsa, İrəvanın həmin ölkələrin heç biri ilə Bakı-Ankara formatına oxşar ikitərəfli hərbi əməkdaşlıq qurub inkişaf etdirmək şansı yoxdur. Qalır bircə Türkiyə. Yəni Ukrayna böhranı bu xüsusda da Ermənistanın manevr imkanını xeyli daraltmış olacaq.

Başqa sözlə, İrəvan hansısa müdafiə ordusuna sahib olmaq üçün ən yaxşı halda Türkiyə ilə dil tapmalı olacaq. Qardaş dövlətlə dil tapmaqdan qabaq isə Azərbaycanla anlaşma qaçılmaz olacaq – Bakının İrəvana verdiyi 5 bənddən ibarət məlum təklif əsasında.

Yeri gəlmişkən, həmin təklifin 2-ci və 3-cü bəndlərində belə deyilir:

Bənd 2. Dövlətlərin bir-birilərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;

Bənd 3. Dövlətlərarası münasibətlərdə bir-birilərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək.

Sual yaranır: əgər Ermənistan həqiqətən Azərbaycan tərəfdən hansısa hərbi təhdiddən narahatdırsa və bizə qarşı bəd niyyəti, planı yoxdursa, nədən sırf beynəlxalq hüquqa söykənən bu sülhpərvər təklifinə arxa çevirir? Bu bəndlər ki, onun tam xeyrinədir. Deməli, İrəvanda müdafiə yox, hücum ordusu, işğalçı ordu qurmağı xəyal edirlər. Buna isə Azərbaycan və Türkiyə bir daha imkan verməyəcək. Öz növbəsində Rusiyanın uzun müddətə Ermənistan üçün ordu qurmağa imkanı və həvəsi olmayacaq.

Ümumiyyətlə, Azərbaycan və Türkiyə ilə münasibətlər normallaşandan sonra cırtdan və ələbaxan Ermənistanın müasir ordu görəsən nəyinə gərək olacaq? Kimdən, nədən özünü qoruyacaq?..

Siyasət şöbəsi,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR