Onlayn ictimai-siyasi qəzet
Cənubi Qafqazda "erməni faktoru" yenidən regional ziddiyyət amili kimi ön plana çəkilməkdədir. Hər halda, bu regionun yeni inkişaf mərhələsinə keçmək şansı bəzi beynəlxalq iradə mərkəzlərini ciddi şəkildə narahat etməyə başlayıb. Çünki hazırda Cənubi Qafqazda cərəyan edən proseslər tədricən onların siyasi iradəsindən kənara çıxmaqdadır. Xüsusilə də, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən sonra regionda geopolitik şərtlərin dəyişməsi Qərbdə bəzi dairələri qətiyyən qane etmir. Və bu səbəbdən də, regionda yeni hərbi-siyasi gərginlik mənbəyi yaradılmasına cəhdlər göstərilir.
Brüssel ortaq konfransı ABŞ və Qərbin müəyyən mənada, açıq fəaliyyətə keçmək qərarı verdiyini təsdiqləyir. Cənubi Qafqazda sülh prosesinin pozitiv nəticələr vəd etməsinə açıq-aşkar qıcıqla yanaşılır. Rəsmi İrəvanın sülh prosesindən uzaqlaşdırılıb, yenidən "hərbi forposta" çevrilməsi istiqamətində məqsədyönlü addımlar atılır. Sadəcə, bu dəfə Rusiyanın oyundankənar vəziyyətə salınaraq, Ermənistanın məhz Qərbin "geopolitik aləti" olması planlaşdırılır. Və bu səbəbdən də, indi Cənubi Qafqazda yalnız Rusiya deyil, həm də Qərb siyasi dairələri pozucu faktor roluna iddia edir.
Ona görə də, ABŞ, Avropa Birliyi və Ermənistan arasında keçirilmiş Brüssel ortaq konfransı Rusiya ilə qarşıdurma çərçivəsində reallaçdırılsa da, əslində, bütün Cənubi Qafqaz üçün böyük təhlükə qaynağı sayıla bilər. Çünki Brüssel ortaq konfransında ABŞ və Avropa Birliyi Ermənistan üzərindən Cənubi Qafqazda yeni hərbi toqquşmaların birbaşa sponsoru missiyasını öz üzərinə götürmüş oldu. Və bundan sonra Ermənistanın regionda törədə biləcəyi bütün hərbi təxribatların əsas sifarişçisi kimi siyasi məsuliyyət daşımalı olacaq.
Onu da qeyd etmək lazımdır ki, Brüssel ortaq konfransından dərhal sonra rəsmi İrəvan aqressiv davranışları ilə diqqəti çəkməyə başlayıb. Ermənistan Azərbaycan ilə sərhəddə canlı qüvvə və hərbi texnika cəmləşdirir. Ermənistan ordusu artıq hər gün Azərbaycan ərazilərini atəşə tutur. Bütün bunlarla Azərbaycanı qısamüddətli də olsa, müharibəyə sövq etməyə cəhd göstərir. Bəzi məlumatlara görə, Azərbaycanla hərbi toqquşmalar indi Ermənistanla yanaşı, ABŞ və Avropa Birliyinin də maraqlarına cavab verir. Çünki məhz bu halda, ABŞ və Avropa Birliyi Ermənistana hərbi yardımları əsaslandırmaq üçün arqumentlər qazana bilər.
Digər tərəfdən, ABŞ və Avropa Birliyinə Ermənistanda hərbi kontingent yerləşdirmək bəhanəsi qazanmaq üçün də Cənubi Qafqazda yeni savaşın başladılması vacibdir. Çünki ABŞ və Qərb Rusiyanın cənub sərhədlərinə yerləşməyə can atır, bununla Kremlin "nəfəsliklər"indən daha birisinin qapadılmasına çalışır. Bu, Ermənistanın Qərblə Rusiya arasında hərbi-siyasi qarşıdurmanın əsas poliqonuna çevrilmək üzrə olması deməkdir. Və erməni toplumunda bir çoxları Ermənistanın dünya nəhəngləri arasında savaşın növbəti poliqonuna çevrilmə perspektivindən ciddi şəkildə narahatdır.
Stenford universitetinin professoru Artur Xaçikyan hesab edir ki, ABŞ və Avropa Birliyi Ermənistanı böyük fəlakətə doğru sürükləyir. Onun fikrincə, Rusiya ilə savaşa sövq edilmiş Ukraynaya 300 milyard dollar xərcləyən Qərbin eyni məqsədlə Ermənistana 270 milyon avro ayırması qəbuledilməz yanaşmadır. Erməni professor vurğulayıb ki, Ermənistana 65 milyon dollar vəd edən ABŞ-ın Azərbaycanda 15 milyard dollarlıq investisiyası var, Böyük Britaniya ilə bağlı isə bu rəqəm 35 milyard dollardır. Və ciddi fərqlər Ermənistanın yalnız "qurban" olaraq, seçildiyini göstərir.
Artır Xaçikyan bütün bunlara Ermənistanın Rusiya ilə münasibətlərinin ciddi şəkildə korlanması ucbatından itirəcəyi nəhəng maliyyə qaynaqlarını da əlavə etməyi vacib sayır: "Əgər, Qərb dəstək vermək istəyirsə, onda Ermənistanda hərbi bazalar yaratmalıdır. Cənubi Qafqazda həlledici mövqeləri olan NATO üzvü Türkiyə isə Azərbaycanın strateji müttəfiqidir. Üstəlik, enerji resursları ilə zəngin Azərbaycan Qərb üçün də önəmli strateji tərəfdaşıdır. Qərb Türkiyə və Azərbaycanın maraqlarına qarşı çıxaraq, Ermənistana dəstək verməz".
Erməni politoloq hesab edir ki, belə bir situasiyada Qərbin Ermənistandan Rusiya ilə qarşıdurmaya girməyi, siyasi-iqtisadi əlaqələri kəsməyi tələb etməsi anlaşılmazdır: "Ancaq Qərb Azərbaycan, Türkiyə və Gürcüstandan eyni şeyi tələb etmir. Bu, Qərbin Ermənistanla bağlı əsas maraqlarının çərçivəsini təxmin etmək imkanı verir. Üstəlik, ABŞ və Avropa Birliyi Brüssel konfransının Azərbaycana qarşı yönəlmədiyini bəyan etməklə, artıq rəsmi Bakıdan üzr də istəyib".
Göründüyü kimi, erməni toplumunda Qərbin Ermənistanı Rusiya ilə qarşıdurmada poliqon kimi istifadə etməyə çalışdığını anlamağa başlayıblar. Halbuki, Paşinyan hakimiyyəti hələ də Qərbin sifarişlərini israrla yerinə yetirməkdə canfəşanlıq göstərir. Xüsusilə də, sülhdən imtina edib, savaşa cəhd göstərən rəsmi İrəvan Ermənistan ərazisini Qərb hərbi kontingenti üçün açmağa çalışır. Və bu niyyətinə isə məhz Azərbaycan ilə qısamüddətli də olsa, müharibəyə nail olmaqla, çata biləcəyinə ümid bəsləyir.
Böyük ehtimalla rəsmi İrəvan Qərb hərbi kontingentinin Ermənistanda yerləşdirilməsi planına yeni təhlükəsizlik sistemi kimi yanaşır. Yəni, belə bir sistemin Ermənistanın təhlükəsizliyinə təminat verəcəyi qənaətindədir. Halbuki, hər hansı savaşın nəticələrini əvvəlcədən proqnozlaşdırmağın mümkün olmadığını nəzərə almağı unudur. Hər halda, Azərbaycanla yeni müharibənin Ermənistan üçün daha faciəvi nəticələr doğura biləcəyi qətiyyən istisna deyil.
Üstəlik, ABŞ və Qərbin Ermənistanın köməyinə vaxtında çata biləcəyinə və yaxud buna həvəs göstərəcəyinə də təminat yoxdur. Çünki yeni savaş genişmiqyaslı olarsa və Türkiyə də sərt mövqe tutarsa, ABŞ və Qərb birbaşa müdaxilə etmədən müşahidəçi qalmağa üstünlük verə bilər. Və bu baxımdan, rəsmi İrəvan hazırda sülh prosesindən uzaqlaşaraq, savaş variantını seçməsi ilk növbədə Ermənistan üçün böyük risk təşkil edir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ