Onlayn ictimai-siyasi qəzet
Rusiya Prezidenti yanında İnsan Haqları Şurasının üzvü və Antikorrupsiya Komitəsinin rəhbəri Kirill Kabanovun Azərbaycan əleyhinə çıxışları bu dəfə güclü cavabla qarşılanıb.
Musavat.com xəbər verir ki, uzun müddətdir Azərbaycana qarşı təhqiramiz və təhrif olunmuş bəyanatlar verən Kabanov, Azərbaycan diasporunun sərt reaksiyasından sonra mövqeyini müdafiə etməyə çalışıb.
Rusiya azərbaycanlılarının Teleqram kanalı (orijinala bax: https://t.me/azerdiaspora/2062 ) vasitəsilə yaydığı açıqlamada deyilir:
“Hörmətli Antikorrupsiya Komitəsinin rəhbərinə bir daha xatırlatmaq istərdim ki:
1. Azərbaycanlı olmaq — bu, ölüm hökmü deyil.
2. Rusiya Federasiyasında hətta “dost olmayan ölkələrə” turizm turlarının reklamı qanunla qadağan edilməyib. Halbuki Azərbaycan ümumiyyətlə bu kateqoriyaya aid edilməyib. Turizm baxımından Azərbaycan hər il milyonlarla rusun getdiyi və Ukraynanı, o cümlədən silahla dəstəkləyən Türkiyədən nə ilə pisdir? Rusiya vətəndaşlarına Avropaya, ABŞ-a getmək qadağan olunmayıb, halbuki həmin ölkələr Rusiyaya qarşı müharibəni maliyyələşdirirlər. Ola bilsin ki, əvvəlcə ümumilikdə xarici turizm siyasətinə aydınlıq gətirmək lazımdır, sonra isə Azərbaycan üçün xüsusi qadağalar uydurmaq?
3. Qanunlara əməl edən və Rusiya pasportu daşıyan bir azərbaycanlı hansı əsasla RF-də deputat ola bilməz? RF Konstitusiyası ləğv olunubmu? Yoxsa milli-şovinist yanaşmalar indi dəstəklənirmi?
4. Biz yaxşı bilirik ki, elə yerlər var ki, orada rus icmaları yasaqlanır, rus dili kökündən qoparılır, rus mədəniyyəti ləğv olunur. Hörmətli Kabanov, siz doğrudanmı Rusiyada bütün azərbaycanlılara qarşı həmin Baltik üslubunda “Varfolomey gecəsi” təşkil etmək istəyirsiniz?”
Diasporun bu sərt bəyanatı Rusiyada böyük rezonans doğurub və ictimaiyyətin diqqətini çəkib. Lakin Kabanov öz sosial şəbəkə hesabında bu bəyanata təkrar cavab verərək, əslində Kreml ritorikasını bir daha təkrarlayıb.
O bildirib:
“Böyük Rusiyada istənilən millətdən olmaq heç vaxt önyarğı və hökm olmayıb və indi də deyil. Biz milliyyətindən asılı olmayaraq bütün insanlara hörmətlə yanaşırıq. Hökm ola biləcək şey isə etnik mütəşəkkil cinayət dəstələrində iştirak, açıq-aşkar düşmənlərimizi silahlandıran ölkəni dəstəkləmək, eləcə də hər hansı qanunsuz fəaliyyət ola bilər… Amma Rusiyaya sadəcə “sağılacaq inək” və “işğalçı” kimi yanaşan, ukronasistlərə yardım edən, etnik bandalar yaradan və onların fəaliyyətində iştirak edənlərə isə, bəli, cəmiyyətimizdə yer yoxdur.”
Kabanovun bu açıqlaması Azərbaycanın hədəfə alınmasının Kreml tərəfindən yönləndirilən təbliğatın bir hissəsi olduğu barədə fikirləri gücləndirir. Musavat.com hesab edir ki, Z-blogerlərin və dövlət nəzarətindəki rus mediasının ardıcıl hücumlarından sonra artıq yüksək vəzifəli şəxslərin də bu kampaniyaya qoşulması Moskvanın Azərbaycanla münasibətlərdə yeni gərginlik xəttini göstərir.
Bizə görə, Azərbaycan diasporunun sərt cavabı milli ləyaqətin müdafiəsi, dövlət maraqlarının qorunması və Kremlin “köhnəlmiş imperiya dilinə” verilmiş birmənalı cavabdır.
Musavat.com
20 Sentyabr 2025
19 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ