İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan Moskvanın hərbi sirlərini Qərbə satıb - Putin bilir, amma...

Rusiya silah sistemlərinin bütün texniki xarakteristikalarına bələd olan Ermənistanın bu məlumatları Qərbə ötürdüyünə dair əsaslı şübhələr yaranıb, lakin Kreml rəhbəri Paşinyanın xəyanət yolu tutmasına rəğmən...

Ermənistanın Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) aşağılamaq və bu qurumdan çıxmaqla bağlı şantaj xarakterli bəyanatların əsl səbəbləri üzə çıxır. Aydındır ki, bu cür mövqe təsadüfi deyildi və KTMT-nin hərbi qurumdan daha çox “siyasi liderlərin məsləhətləşmə klubu” səviyyəsində təqdim olunması Qərb ssenarisinin davamıdır.

“Yeni Müsavat” yazır ki, faktiki olaraq, 12-15 sentyabr tarixində Ermənistan hərbi birləşmələrinin növbəti lokal təxribatından sonra Azərbaycan Ordusunun önəmli yüksəklikləri ermənilərdən geri alması, həmin istiqamətdə möhkəmlənməsini bütün dünyaya “Ermənistana təcavüz” kimi sırımağa çalışan rəsmi İrəvanın çırpınışlarının növbəti dəfə Kremldə əsassız hesab edilməsi Paşinyan hakimiyyətini Rusiyanın orbitindən çıxmaq istiqamətində Qərbin tapşırıqlarına uyğun şəkildə addımlar atmasına imkanlar açıb. Amma bu da son deyil...

Milli.az saytı yazır ki, Rusiya silah sistemlərinin bütün texniki xarakteristikalarına, Rusiya döyüş planlarına və döyüş hazırlığına, onun aparılmasına, metodologiyasına yaxşı bələd olan Ermənistanın bütün bu məlumatları Qərbə ötürdüyünə dair əsaslı şübhələr yaranmağa başlayıb. Hətta istisna edilmir ki, Rusiyanın Ukrayna ilə savaşda Qərbin silahlarına qarşı aciz qalmasının, gözlənilməz geriçəkilmələrinin əsl səbəbləri Ermənistan tərəfindən KTMT çərçivəsində hərbi planlaşdırma və birgə hava hücumundan müdafiə sistemlərinin Qərbə sızdırılması, ötürülməsi ilə bağlıdır. Təbii ki, bu iddialar və ehtimallar daha çox konspiroloji variantlardır, lakin rus-sovet hərbi məktəbinə yiyələnmiş Ermənistanın belə məlumatları sızdırması istisna deyil.

Qeyd edək ki, bu ilin yayında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börnsün Ermənistana yarıgizli səfəri haqlı suallar doğurmuşdu. Dünyanın ən qaranlıq təşkilatının rəhbərinin Ermənistanda nələri müzakirə etdiyi hələ də bilinmir. Rusiya mənbələri əsas olaraq bu versiya üzərində dayanırdılar ki, MKİ rəhbəri indi Moskvanın keçmiş SSRİ-dəki müttəfiqlərini “dişinə vurur” və onları Rusiyaya qarşı qoymağa çalışır. Bəs Rusiya İrəvanın hətta onun hərbi sirlərini satmağa cəsarət etməsindən xəbərsizdirmi? Əlbəttə ki, Vladimir Putinin KTMT-nin sessiyasında iştirak etmək üçün İrəvana getməsinin əsl səbəbləri sırasında Paşinyanla təkbətək görüşmək də var. Rusiya lideri anlayır ki, Ermənistan xəyanət yolunu tutsa belə, onu əldən qaçırmaq da olmaz. Moskva gözəl anlayır ki, regionda əsrlər öncə ən böyük layihəsi olan Ermənistanı itirmək onun Cənubi Qafqazdakı mövqeyinin itirilməsi, Qarabağ kartının əldən çıxması demək olacaq ki, bu da Rusiyanın Ukraynanın ardınca daha bir sarsıdıcı zərbə sayılacaq...

Elə Putinin Paşinyanla ikitərəfli görüşdə söylədikləri də bunu deməyə əsas yaradır ki, Rusiya Ermənistanı əldən vermək istəmir. Sitat: “Ermənistanla Rusiya arasında münasibətlər qədim və dərin köklərə malikdir. Siz artıq qeyd etdiniz ki, ikitərəfli əlaqələr müttəfiqlik mahiyyəti daşıyır, dərin və qədim kökləri var. Bu tarixə baş vurmağa ehtiyac belə yoxdur. Bunun nə olduğu, ikitərəfli münasibətlərimiz üçün nə qədər əhəmiyyət kəsb etdiyi artıq bizə aydındır. Bu günə gəldikdə, əgər ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 19% artmışdısa, bu ilin 10 ayında 67% artıb. Bəli, bu, hazırkı vəziyyətin xüsusiyyəti ilə bağlıdır, ancaq şübhəsiz ki, gələcək üçün yaxşı bazadır”.

Paşinyanın xəyanətinə Putin sona qədər göz yumacaqmı? Rusiya Ermənistandakı antirus rüzgarını necə kəsəcək?

Asif Nərimanlı: "Avropanı “qazla boğmaq” və..."

Asif Nərimanlı 

Siyasi şərhçi Asif Nərimanlı qeyd edir ki, Ermənistan bundan sonra KTMT və Rusiyaya qarşı sərgilədiyi mövqeyi gücləndirəcək, lakin bunun rəsmi İrəvan səviyyəsindən daha çox, ictimai rəy müstəvisində kampaniya şəklində olacağı ehtimalı daha böyükdür: “Paşinyan narazıdır və bunu açıq mətnlə ifadə etdi, həm də bu, İrəvan üçün itirilmiş fürsətdir. Ermənistan KTMT-yə sədrliyi dövründə Azərbaycana qarşı cəbhəni qurmaq şansının olduğunu düşünür, buna çalışırdı, lakin sədrlik etdiyi son iclasda da nəticə əldə edə bilmədi. Belarusun KTMT-yə sədrlik edəcəyi müddətdə Azərbaycanla bağlı məsələlərin gündəmə daxil edilməsi, yaxud qəbul edilməsi imkanları olduqca zəifdir. Lukaşenkonun mövqeyi də bunu deməyə əsas verir. Paşinyanın KTMT-də Azərbaycana qarşı əlindəki son şansdan istifadə edə bilməməsini Bakının İrəvanı öz evində məğlub etməsi kimi də qiymətləndirmək olar. Ona görə antirus əhval-ruhiyyəsi artacaq”.

Oxu.az - Ramiyə Məmmədova: “Ermənilər Türkiyədə pul qazanır, amma  Ermənistanda türk görmək istəmirlər”

Ramiyə Məmmədova

Siyasi ekspert Ramiyə Məmmədovanın fikrincə, Rusiya Ermənistana tək Paşinyana görə münasibət bəsləmir: “İrəvanda iqtidarlar dəyişə bilər, amma Ermənistan Rusiya üçün forpostdur. Gümrüdə hərbi baza, Erebunidə aviabaza rusların əsas təsir imkanlarıdır. Eləcə də Ermənistan sərhədləri rusların əlindədir, dəmiryolları rus şirkətlərinin mülkiyyətindədir, kəsəsi, Putin Ermənistanı Avropaya peşkəş etməyəcək. Vaxtilə Gürcüstanda da oxşar ssenarilər baş verdi, 8 il Saakaşvili Gürcüstanı Rusiyadan qopardı, amma sonra İvanişvili vasitəsilə Moskva Tiflisə qayıtdı. Ona görə indi Ermənistanda Rusiya əleyhinə ab-hava, ritorika olsa da, Kreml təmkinlə yanaşmır və heç bir halda bu ölkəni öz peykindən uzaqlaşmağa imkan verməyəcək. Hətta erməni tərəfi rusların hərbi sirlərini Qərbə ötürmüş olsa da, Rusiya öz siyasətini yürütməklə Ermənistanı orbitindən kənarlaşmağa qoymayacaq”. Təhlilçi Paşinyanın manevr etməklə iki stulda oturmağa üstünlük verdiyini düşünür: “Məsələn, Ermənistanın müdafiə naziri Papikyan deyir ki, rus-sovet hərb məktəbinin yararsız olduğu 44 günlük müharibədə göründü, o səbəbdən müasir Qərb silahları almalıyıq. Bununla Rusiya hərbi sənaye kompleksindən uzaqlaşmaq xətti götürülür. Ancaq digər tərəfdən, Paşinyan sülh müqaviləsi mövzusunda ”rus variantı"na hazır olduğunu, Qarabağda rus qoşunlarının daha 20 il qalması üçün sənədə qol çəkmək istədiyini dilə gətirir, KTMT-nin digər üzv ölkələrinin liderlərini hava limanında xarici işlər nazirinin müavini qarşıladığı halda Putini qarşılamağa Paşinyan özü gedir və onun maşınında iclasa yollanır... Yəni bütün bunlar göstərir ki, Ermənistan hakimiyyəti Qərb və Rusiya siyasətində ikibaşlı və ikiüzlü oynamaqdadır. Putin isə Paşinyanı tam ram edənə qədər onu sıxışdıracaq".

Emil SALAMOĞLU
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR