İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan Krım körpüsünü partlatmaqda əli olan ermənilərin müdafiəsinə qalxdı

Tiflis də Rusiya “FSB”nin iddialarını təkzib edir

Ermənistan və Gürcüstan Rusiya Federal Təhlükəsizlik Xidmətinin(FTX) Krım körpüsündə baş verən terror aktında öz vətəndaşlarının əli olması ilə bağlı ittihamları rədd ediblər. Tiflis bəyan edib ki, Gürcüstanın gömrük sərhədindən heç bir partlayıcı maddə keçməyib. İrəvan isə “təhlükəli yük”lə bağlı bütün proseslərin qanuni, bütün lazımi nəzarətlə həyata keçirildiyini iddia edir.

Ermənistan Dövlət Gəlirləri Komitəsinin bəyanatında deyilir: “Yükün bütün ixrac prosesləri Ermənistana giriş və çıxışda nəzarəti düzgün və qanuni şəkildə həyata keçirilib. Müvafiq olaraq, yük üçün risk faktoru müəyyən edilməyib”. Buna baxmayaraq, Ermənistan Milli Təhlükəsizlik Xidməti partlayıcı maddələrin daşınmasında Ermənistan vətəndaşının iştirakı ilə bağlı cinayət işi açıb.

Erməni mediası partlayışla bağlı cinayət işinin materiallarında adı keçən “GU RG GROUP” şirkəti ilə maraqlanıb. Məlum olub ki, bu şirkət Alaverdi şəhərində qeydiyyatdadır, Ermənistanın ən böyük vergi ödəyiciləri siyahısına daxildir və kənd təsərrüfatı məhsullarının topdan satışı ilə məşğul olur. Şirkət yaşayış binasının yerləşdiyi ünvanda qeydiyyatdadır.

Tiflis isə FTX-nın bəyanatına daha sərt reaksiya verib. Daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze və maliyyə nazirinin müavini Georgi Kakauridze FTX-nın ittihamlarını təkzib ediblər. Hər iki məmur hadisə ilə Gürcüstanın heç bir əlaqəsinin olmadığını bildirib: “Partlayıcılar yüklənmiş heç bir qoşqu Gürcüstanın gömrük sərhədindən keçməyib. İttihamlar tamamilə əsassızdır. “Əgər yükün sərhədimizi keçdiyi əsaslı şəkildə sübut olunarsa, biz araşdırmaya başlayacağıq və cavabdeh şəxsləri müəyyən edəcəyik” deyə, Kakauridze əlavə edib.

ABŞ-ın Gürcüstandakı səfirliyi də gözlənilmədən bu məsələyə müdaxilə edib. Diplomatik missiyanın rəhbəri Kelli Deqnan bildirib ki, ABŞ onilliklər ərzində Gürcüstan gömrük, sərhəd polisi və sahil mühafizəsi ilə işləyir ki, onlar öz sərhədlərini qoruya bilsinlər. “Rusiya mediasında körpüdəki partlayışla bağlı çoxlu fərziyyələr var. Ancaq heç kimdə dəqiq məlumat yoxdur. Biz uzun müddətdir ki, Gürcüstan xidmətləri ilə işləyirik, avadanlıq təmin edirik, təhsil və təlim keçiririk - bu strukturlarda yüksək səviyyəli mütəxəssislər çalışır. Və biz bu əməkdaşlığı davam etdirəcəyik”,- deyə səfir bildirib.

Gürcü müxalifəti isə Rusiyanın Gürcüstanın adını hallandırmasından hakim “Gürcü Arzusu” hökumətinə qarşı istifadə edir. Bunu “Gürcüstanı məkrli şəkildə Avropaya deyil, Rusiyaya tərəf çəkən Rusiyayönlü “Gürcü Arzusu”nun üzünə vurulmuş sillə” hesab edir.

Rusiya prezidenti Vladimir Putin Astanada keçirdiyi mətbuat konfransında terror aktı ilə bağlı suala cavab olaraq bildirib ki, Federal Təhlükəsizlik Xidməti partlayıcı maddələrin Odessadan dəniz yolu ilə göndərildiyini, lakin bunun ABŞ-ın köməyi ilə edilib-edilmədiyi dəqiq müəyyən etməyib.

Orxan ƏLİYEV,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR