İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan Kremldən uzaqlaşıb “Azadlıq heykəli”nin qucağına sığınır

KTMT-nin baş katibi ilə görüşməkdən imtina edən Paşinyan hərbçilərini Qazaxıstandakı təlimlərə də göndərmədi - çat dərinləşir; polkovnik: “Qərb ermənilərin Rusiyanın təsir dairəsindən qurtulması üçün əlindən gələni maksimum edəcək”

Ermənistan rəhbərliyi ötən həftə az qala tam heyətlə ABŞ-da səfərdə olub. Yada salaq ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi, sonra isə müdafiə naziri də ABŞ-da səfərdə olmuş, Dövlət Departamentində və Pentaqonda məqsədi bəlli olmayan görüşlər keçirmişdilər.

BMT Baş Assambleyasında iştirak adı ilə bu dəfə təkcə baş nazir Paşinyan deyil, XİN başçısı, Təhlükəsizlik Şurasının sədri, eləcə də Qarabağ separatçılarının liderlərindən David Babayan da ABŞ-da olub. “Turan” yazır ki, ABŞ-da Rusiya əleyhinə ilk “yaylım atəşi” Paşinyanın BMT tribunasından çıxışı zamanı səslənib. O, faktiki olaraq Moskvanı satqınlıqda ittiham edib. O, Rusiyanın adını çəkmədən bildirib ki, “beynəlxalq tərəfdaş” faktiki olaraq İrəvanı Azərbaycanla sərhədlərin delimitasiyası işlərinə başlamağa vadar edib, sonradan isə Bakı “təcavüz” edib bu sərhədləri pozduqda, onu dəstəkləməyib. Bu mövzuda danışıqların Rusiyanın himayəsi altında və onun iştirakı ilə aparıldığını nəzərə alsaq, tənqidin kimə ünvanlandığını təxmin etmək çətin deyil. Eyni zamanda Paşinyan “beynəlxalq tərəfdaşı” Ermənistana müasir silahlar verməməkdə və digər ölkələrdən belə silahlar almasının qarşısını almaqda ittiham edib. Burada da Moskvanın nəzərdə tutulduğu aydındır. “BMT tribunasından bu qədər açıq etiraflar yalnız ilk addım idi. Bundan dərhal sonra Paşinyanın NATO baş katibi Stoltenberqlə görüşü keçirilib, görüşdə regiondakı vəziyyət və Azərbaycanla sərhəddə son qarşıdurmalar müzakirə olunub. Görüşdə həmçinin Ermənistanın XİN başçısı və Təhlükəsizlik Şurasının sədri iştirak edib. Daha sonra Paşinyanın ABŞ baş katibi Entoni Blinkenlə görüşü keçirilib, burada da Azərbaycanın "təcavüzü" mövzusu müzakirə olunub. Paşinyan Ermənistan sərhədlərinin təhlükəsizliyi mövzusunu İran prezidenti Rəisi ilə görüşdə də qaldırıb. O, Tehranın “qonşusunun sərhədlərinin dəyişməsinə dözməyəcəyi haqqında məlum tezisini təkrar edib”, - deyə bildirilir. Eyni zamanda ABŞ Konqresində sülhməramlıların mövcud olduğu bölgədəki separatçıların təmsilçisi, “Qarabağın XİN başçısı” qəbul edilib. O, Vaşinqtonu Qarabağ ermənilərinin “ədalətli mübarizəsini” dəstəkləməyə çağırıb. ABŞ Erməni Milli Komitəsi (ANCA) isə iddia edib ki, ABŞ “Azərbaycana qarşı özünü müdafiə etmək üçün” Ermənistana silah satmağı nəzərdən keçirir. Bildirilir ki, 1991-ci ildə Ermənistan müstəqilliyini bərpa etdikdən sonra ilk dəfə olaraq amerikalı siyasətçilər - Konqresdəki hər iki partiyanın daimi təzyiqi altında Ermənistana özünü müdafiə etmək üçün Amerika silahlarını satmağı düşünürlər. N.Pelosinin İrəvanda verdiyi anonslardan əslində ABŞ-ın erməni lobbisinin təsiri altına düşə biləcəyini güman etmək olardı. Hələlik məsələyə rəsmi münasibət yoxdur, amma Blinkenin İrəvana ünvanladığı məktubunda “Dağlıq Qarabağ xalqı” kimi absurd ifadəsinin əks olunması münasibətin göstəricisidir.

ABŞ-ın Əliyev rejiminə dəstək verməməsi üçün hər cür səy göstərməliyik. Adam  Şif

Adam Şif

Sentyabrın 25-də isə Babayanı Pelosinin müavini və Azərbaycanın kəskin tənqidçisi, ermənipərəst Adam Şif qəbul edib. “Turan” qeyd edir ki, Paşinyan və onun komandası BMT Baş Assambleyasında iştirak adı altında Qərb nümayəndələri ilə fəal danışıqlar aparıb. Göründüyü qədər, hansısa razılaşmalar əldə edilib. Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryanın Vaşinqtonda qaldığı və “sentyabrın 26-dan etibarən bir sıra işgüzar görüşlər keçirəcəyi” haqqında məlumat da bunu təsdiq edir. Qeyd edək ki, Paşinyan ABŞ-dan sonra anti-Rusiya koalisiyasının fəal üzvü olan Fransa prezidenti Emmanuel Makronun qəbuluna gəlib. Mətbuata görüşdən sonrakı açıqlamalarda Ermənistanın Azərbaycan dövlət sərhədində törətdiyi son hərbi təxribatlarla bağlı, eləcə də dialoqun bərpasına, iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına dair fikirlər səsləndirilib.

Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının sammitini boykot edən Paşinyan bir neçə gün sonra Avropa Birliyinin iclasında da iştirak edəcək. Bu, Fransa prezidenti Makronun təşəbbüsü ilə yaradılmış Rusiyanın əleyhinə yönəlmiş birlikdir. Sentyabrın 26-sında isə məlum olub ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Qazaxıstanda keçirilən və 8 oktyabradək davam edəcək təlimlərində iştirakdan imtina edib. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında bildirilib. Qeyd olunub ki, Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət nəzərə alınmaqla Ermənistan silahlı qüvvələrinin bölmələrinin KTMT-nin Qazaxıstanda keçiriləcək təlimlərində iştirakdan imtina edilməsi qərara alınıb.

Paşinyan KTMT-ni Rusiyanın düşməninə SATDI

Mövzu erməni mediasının da gündəmindədir. Ermənistanın “Hraparak” qəzeti yazıb ki, Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) rəhbəri Stanislav Zası İrəvanda qəbul etməkdən imtina edib. Qəzetin məlumatına görə, baş katib İrəvanda səfərdə olarkən Nikol Paşinyanla görüşməli idi, amma Ermənistan rəhbəri bu görüşdən imtina edib: “Sentyabrın 20-də KTMT-nin baş katibi Stanislav Zasın rəhbərlik etdiyi nümayəndə heyəti İrəvana gəlib, 5 günlük səfər planlaşdırılıb. Onun Azərbaycan və Ermənistan sərhədindəki vəziyyəti öyrənmək, mövcud gərginliyi azaltmaqla bağlı təkliflər vermək üçün baş nazirlə görüşü təyin edilib. Amma Paşinyan iki gün sonra Nyu-Yorka yollanıb və orada BMT Baş Assambleyasının sessiyası çərçivəsində KTMT-nin və Rusiyanın bir nömrəli düşməni olan NATO-nun baş katibi Yens Stoltenberqlə görüşüb. Məlumata görə, Paşinyanın Nyu-York görüşündən xəbər tutandan sonra Zas planlaşdırılan vaxtdan bir neçə gün tez Ermənistanı tərk edib. Sentyabrın 22-dən sonra Zas heç bir iclasda iştirak etməyib, onun iştirakı ilə hansısa tədbirlə bağlı mesaj yayılmayıb”, -  “Hraparak” yazıb. (Modern.az) 

Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisələrə münasibəti rəsmi İrəvanı ciddi məyus edib. Ermənistan rəsmiləri KTMT-dən gözlədikləri köməyi ala bilmədiklərinə görə bu təşkilatdan narazı qalıblar. Ermənistan parlamentinin spikeri Alen Simonyan yerli mətbuata açıqlamasında deyib ki, erməni tərəfinin gözləntiləri özünü doğrultmayıb və onlar KTMT-nin reaksiyasından nəticə çıxarmalı olacaqlar. Simonyan açıq şəkildə bəyan edib ki, İrəvan KTMT-nin Azərbaycana verdiyi cavabdan narazıdır. Bundan öncə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan AzadlıqRadiosuna müsahibəsində bildirmişdi ki, İrəvanın KTMT-dən gözləntisi Azərbaycana qarşı hərbi-siyasi yardım əldə etmək olub, lakin bu, alınmayıb və Ermənistanın planı puça çıxıb. “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı gözləntilərimizi doğrultmayıb”, - Qriqoryan söyləyib.

Ermənistanın müraciətindən sonra KTMT “araşdırıcı komissiya” yollasa da, K.Zas İrəvana səfərini bir neçə gün sonra reallaşdırmışdı. Belə çıxır ki, Zasdan adekvat reaksiya görməyən Paşinyan onunla görüşdən yayınmaqla həm də Qərbdəki dayaqlarının xoşuna gəlmək, onlardan maliyyə və silah qopartmaq istəyib. Ermənistanın Kremldən ayrılıb ABŞ-dakı “Azadlıq heykəli”nə sığınması Moskvanı şantaj etmək cəhdidir, yoxsa artıq yolunu müəyyənləşdirib? Ermənistanın “ikinci Ukrayna” ola biləcəyi haqda iddialar gerçəkləşməyə doğrumu gedir?

Müdafiə Nazirliyi yaxın zamanda müəyyən məlumatlar verəcək” - Üzeyir Cəfərov

Üzeyir Cəfərov 

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın son addımları onun düşdüyü ağır vəziyyətdən xəbər verir: “Bu gedişlər Ermənistanın durumunu daha da çətinləşdirəcək. Son illərdə hələ bu cür aşkar erməni ikibaşlı oyunlarını müşahidə etməmişdik. Həm Rusiyanın qorxusundan, həm də hakimiyyəti qoruyub-saxlamaqdan ötəri Paşinyan və komandası maksimum çalışırdılar ki, bir qədər ehtiyatlı, həmçinin çox da diqqəti cəlb etmədən hərəkət etsinlər. Son həftələrdə isə Ermənistan sanki zəncirdən buraxılan canlı kimi ancaq bir tərəfə-Qərbə və daha çox Amerikaya üz tutub. Doğrudur, bu arada ermənilər daimi mənəvi ataları olan Fransanı da yaddan çıxartmayıblar. Ancaq Amerika ilə son təmaslar onu deməyə əsas verir ki, Ermənistanda sözün hər mənasında "sentyabr dərsləri" sürət götürüb". Ü.Cəfərov Ermənistanın KTMT təlimlərindən imtinasının da məkrli məqsədə xidmət etdiyini düşünür. Ekspert hesab edir ki, Ermənistan gülünc “dəlil” irəli sürüb: “Guya sərhəddə vəziyyət çox gərgindir və onlar KTMT-nin Qazaxıstanda keçirilən təlimlərindən açıq şəkildə imtina edirlər. Bu, vəziyyətin necə acınacaqlı olmasına sübutdur. Həm KTMT-dən son vaxtlar açıq narazılıq, həm Rusiyanın mövqeyindən dəhşətli dərəcədə üzüntü və digər amillər Ermənistanı bu arada özünün təzə ağalarının qucağında daha da möhkəm yer tutmağa sövq edib. Əslində burada hər hansı bir təəccübləndirəcək hal yoxdur. Bunlara da erməni deyərlər. Ermənilər daim onlara çörək verənlərinə xəyanət yolunu tutublar. Çətinə və dara düşəndə daima Rusiyadan gen-bol istifadə etməyə öyrəşmiş Ermənistan indi Rusiya Federasiyasının düşdüyü çətinliyi artıq görür və özünə yeni "adaxlılar" axtarır, deyəsən, artıq tapıb. Özləri bilər. Amma görünən budur ki, Qazaxıstandakı təlimlərdən faktiki açıq şəkildə imtina etməklə Ermənistan özünün Qərbdəki ağalarına “bundan sonra sizin qucağınızda oturmağa hazırıq”- demək istəyir. Qərb də elə-belə sadəlövh deyil. Onlar başa düşürlər ki, Ermənistanın hazırda oynadığı oyun, sadəcə, öz dərisini qorumaq üçün atdığı addımdır. Ona görə də, Amerika başda olmaqla, Qərb dairələri hələ uzun müddət Ermənistanı çək-çevir edəcəklər". Polkovnikin sözlərinə görə, Qərb ermənilərin Rusiyanın təsir dairəsindən qurtulması üçün əlindən gələni maksimum edəcək: “Ermənistandakı gərgin vəziyyət yaxın aylarda daha da kəskinləşəcək. Paşinyan əgər bu yaranmış gərginlikdən canını salamat qurtara, bu dəfə də hakimiyyətini qoruyub saxlaya bilsə, o, gələn il fərqli bir mövqe nümayiş etdirməyə başlayacaq. Odur ki, az qalıb, yaxın aylarda biz bunu açıq şəkildə görüb, hiss edəcəyik. Hesab edirəm ki, Rusiyanın Ukraynada düşdüyü vəziyyət artıq Ermənistanı ondan yavaş-yavaş məsafə saxlamağa sövq edəcək. Çünki Ermənistan bundan sonrakı varlığını qoruyub-saxlamaq üçün çalışacaq ki, ABŞ başda olmaqla, Qərbin çətiri altında özünə yer tapsın. Hər halda, Paşinyanın və komandasının bu gün intensiv şəkildə atdıqları addımlar belə düşünməyə əsas verir”.

Gözləyək, görək, KTMT-yə qarşı açıq sayğısızlığa “Rusiya NATO”sundan reaksiya necə olacaq?..

E.PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR