İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan İranın birgə hərbi təlimlər təklifindən imtina edir

Ermənistan rəsmiləri iddia edirlər ki, bunun üçün müvafiq hüquqi baza da formalaşdırılmayıb, amma əsl səbəb...

İran son iki ildə Ermənistanla birgə hərbi təlimlər keçirmək təklifi  etsə də, rəsmi İrəvan bundan imtina edir. Ermənistan rəsmiləri iddia edirlər ki, bunun üçün müvafiq hüquqi baza formalaşdırılmayıb. Ermənistan hakimiyyəti buna razılaşarsa, ölkə “geosiyasi toqquşmaların mərkəzinə çevrilə bilər”. 

Erməni iranşünas Vardan Voskanyan deyib ki, İran Ermənistanın ərazi bütövlüyünün təmin olunmasında təhlükəsizlik baxımından daha da böyük rol oynaya bilər, bunun üçün qanunverici baza yaradılmalıdır: “Başqa sözlə, birgə hərbi təlimlər keçirməliyik, müəyyən birgə təhlükəsizlik çətiri formalaşdırmalıyıq ki, bunun çərçivəsində iki dövlət risk şəraitində fəaliyyət göstərə bilsin. Bu risklər isə Ermənistanda həmişə mövcuddur. Bu müddət ərzində İranla ən azı bir irimiqyaslı hərbi təlim keçirilməli idi”. 

O bildirib ki, iranlılar səssiz ittifaq şəraitində də hərəkət edə bilərlər, bu da təsirli ola bilər".

Ceyhun Bayramov Koreya səfiri ilə görüşüb

Rəşad Bayramov

AMİP Ali Məclisinin rəhbəri Rəşad Bayramovun fikrincə, İranın Ermənistanla birgə hərbi təlimlər keçirmək istəməsi və ümumiyyətlə hərbi əməkdaşlığı genişləndirmə cəhdləri yeni bir şey deyil: “İran uzun illər ərzində davamlı olaraq bir çox istiqamətdə, o cümlədən hərbi sahədə Ermənistanın etibarlı tərəfdaşı olduğunu nümayiş etdirib. Biz bunu Birinci Qarabağ savaşında erməni əsgərlərinin təchizatının İran tərəfndən həyata keçirilməsinin, İran hərbi təlimatçılarının erməni terrorçuları üçün təlimlər keçməsinin, 30 illik işğal dövründə İranın Ermənistana etdiyi yardımların, eləcə də İkinci Qarabağ savaşında silah və texnikanın İran ərazisindən daşınmasının, 2022-ci ildə Qarabağda separatçıların tör-töküntülərinə təlim keçmək üçün 14 nəfərlik iranlı təlimçinin qanunsuz olaraq Azərbaycanın suveren ərazilərinə göndərilməsinin və indi Hindistandan göndərilən silah və texnikanın yenə də İran ərazisindən daşınmasının, İranın Ermənistanı pilotsuz uçuş aparatları ilə təchiz etməsinin timsalında da görürük. 

Torpaqlarımız işğaldan azad edildikdən sonra həmin ərazilərlə sərhədyanı bölgədə hərbi təlimlər keçirmək də İranın Azərbaycana hərbi güc nümayiş etdirmək cəhdi ilə yanaşı, həm də Ermənistana mənəvi dəstək xarakteri daşıyırdı.

İran bütün bu fəaliyyətlərinə müxtəlif don geyindirməyə çalışsa da, indiki davranışlarına bəhanə tapmaqda belə acizlik nümayiş etdirir. Ermənistanın aktiv şəkildə regiona kənar oyunçuları cəlb etmək istiqamətindəki fəaliyyətinə, İranın birinci düşmən olaraq gördüyü ABŞ-Ermənistan birgə hərbi təlimlərinə, sərhəd boyu mülki missiya adı altında ayrı-ayrı Qərb ölkələrinin kəşfiyyat qruplarının yerləşməsinə səsini çıxarmır.

Türk düşmənçiliyi və Bütöv Azərbaycan qorxusu bir yana, Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədlərinin bağlı olması, Gürcüstanla sərhədin faktiki olaraq ancaq yaz-yay aylarında fəaliyyət göstərməsini fürsət olaraq görən İran həm də Rusiyadan boşalacaq yerdə pay sahibi olmaq istəyir. Yəni başqa sözlə, İran ümid edir ki, Ermənistanı Rusiyanın asılılığından qurtarmaq və bununla da Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq istəyən Qərb Ermənistan iqtisadiyyatını ayaqda saxlamaq üçün, onların enerji, qida təhlükəsizliklərini təmin etmək üçün İranla hansısa sövdələşməyə gedə və tətbiq olunmuş sanksiyaların yumşaldılması istiqamətində addımlar ata bilər. 

ABŞ-la olmasa da Fransa ilə İran arasında belə bir gizli sövdələşmənin olma ehtimalı kifayət qədər yüksəkdir. Yəni İran Qərbin Ermənistan ərazisində yerləşməsinə göz yumur, əvəzində Avropa İttifaqı İranla bağlı sanksiyaların yumşaldılması istiqamətində qərarlar qəbul edir və buna Ermənistan iqtisadiyyatını ayaqda saxlaya bilmək üçün məcburi addım donu geyindirir. 

Bütün bu sadalananların nəticəsidir ki, İran Ermənistan ərazisində öz dayaqlarını möhkəmləndirmək üçün rəsmi İrəvanla həm də hərbi sahədə daha böyük əməkdaşlığa can atır. Elə birgə hərbi təlimlərin keçirilməsi ilə bağlı təkliflər də bunun bariz sübutudur".

Emin Həsənli: “Ordunun sağlamlaşdırılmasında informasiya resurslarının rolu  danılmazdır”

Emin Həsənli

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İB-in sədri Emin Həsənli E,rmənistanı ayaqda iki dövlətin saxladığını qeyd etdi: “Ermənistan Rusiya və İranla birgə hərbi təlimlər keçirmək istəmir. Hər iki dövlətdən uzaqlaşmaq istəyir. Bunun da səbəbi Qərbə yaxınlaşmaq istəyidir. Əvvəllər hər iki tərəflə eyni masada otururdu. Qərb göz yumurdu, regionda Ermənistanın mövcud olması üçün. Amma indi Amerika ortaya konkret məsələ qoyub. O da Rusiyanı Cənubi Qafqazdan çıxarmaq istəyidir. Türkiyə də bu proseslərdən narahatdır. Ermənistan tərəfdən get-gedə halqa daralır. Uzun müddətdir ki, Ermənistanı ayaqda iki dövlət saxlayır, Rusiya və İran. İran hazırda Hindistan silahlarının üzərindən Ermənistana daşınmasına icazə verir. Hüquqi baza-filan məsələsi bir bəhanədir. İstəsələr, bir gündə hazırlayıb verərlər. Parlamentdə çoxluq Paşinyanın tərəfindədir. Necə olur ki, Amerika ilə razılaşırlar, birgə təlimlər keçirirlər?” 

Jurnalist Səxavət Məmməd həbs edildi — FOTOLAR

Səxavət Məmməd

Hərbi ekspert Səxavət Məmməd bildirdi ki, İran regionumuzun ən təhlükəli dövlətidir: “İranla Ermənistanın münasibətləri hər zaman yüksək səviyyədə olub. Tərəflərin hərbi əməkdaşlığı da var. Belə ki, 44 günlük müharibə zamanı İran istehsalı olan mərmilərin və digər hərbi məhsulların Ermənistan ordusu tərəfindən istifadə edildiyi aşkarlandı. Qarabağda qeyri-qanuni erməni silahlılarına iranlı mütəxəssislərin təlimlər keçməsi də sübut olundu. İran Azərbaycana qarşı aqressivdir və Azərbaycanın müstəqil dövlət olmasını həzm etmir desək, yanılmarıq. İran ordusuna Ermənistan ordusu ilə hərbi təlim keçməsi heç nə qazandırmayacaq. Bu cür təlimlər ancaq siyasi mesaj xarakterli ola bilər. İran sanki Azərbaycanla İsrail münasibətlərinin heyfini çıxırmış kimi davranır. Bu isə uşaq davranışı kimi görünür. İş o yerə çatıb ki, İran rəsmiləri Suriyada səfirlik vurulandan sonra Azərbaycanı hədələyir. İranın Suriyada kifayət qədər qüvvəsi var, ancaq birbaşa İsrailə zərbə endirmək istəmir, yaxud bundan ehtiyat edir, ona görə də qonşuluğundakı dövlətə təzyiq etmək istəyir. İran bundan əlavə, Türkiyəyə də əzələ nümayiş etdirmək niyyətindədir. Türkiyə ilə Azərbaycanın hərbi əməkdaşlığı üst səviyyədədir. İran bundan da narahatdır. Ona görə də Türkiyə ilə Azərbaycanın etdiyinin eynisini Ermənistanla etmək istəyir. Məsələ ondadır ki, Ermənistan İranın sözdə düşmənləri olan Fransa, hətta ABŞ-ı regiona daxil edib. Məntiqlə İran Ermənistanla münasibətlərini kəsməli idi. Ancaq biz bunun tam əksini görürük. Əslində kiçik dövlətlər böyük dövlətlərlə hərbi əməkdaşlığa, hərbi təlimlərə maraqlı olur, ancaq İran Ermənistanla hərbi təlimlər keçirmək istəyir və Ermənistan bundan imtina edir. İran elə düşünür ki, ona qarşı zərbələr Azərbaycan ərazisindən endirilə bilər. Hesab edirəm ki, İran bunda yanılır. İran zərbəni elə Ermənistan üzərindən alacaq. Antiterror əməliyyatından əvvəl ABŞ hərbçiləri Ermənistanda təlimdə idi. Elə o zaman informasiya yayıldı ki, ABŞ hərbçiləri daha çox İran sərhədi istiqamətində fəaliyyət göstəriblər. ABŞ-ın dünyadakı personalının sayına görə ən böyük səfirliyi məhz Ermənistanda yerləşir. Ancaq İran yenə də Ermənistanla əməkdaşlıqda maraqlıdır. İranı məntiqlə çözmək mümkün deyil”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR