İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan əl çəkdi, bədxah konqresmenlər əl çəkmədi...

Siyasi analitik: “Ən güclü tərəf Azərbaycandır, Bakı xarici siyasət prioritetlərini Ermənistanla sülh gündəliyi fonunda genişləndirir” 

ABŞ-dakı erməni diasporu təcili toplantı keçirərək, Bakıda xunta rejiminin mühakimə edilən rəhbərlərinin məhkəməsi ilə bağlı tərəfdarlarına müraciət göndərib. 

Onlar iddia ediblər ki, guya Azərbaycanda ədalətli məhkəmə keçirilə bilməz və onlar azad edilməli, başqa bir ölkəyə ekstradisiya olunmalıdırlar. Həmin müraciətə “Sosialist İnternasionalı”, ABŞ Konqresinin Ermənilərlə İş üzrə Komitəsinin həmsədri Frenk Pallone, həmin komitənin üzvü Dina Titus, Avropa Parlamentinin Sosial-Demokrat Siyasi Qrupunun sədr müavini Yannis Manyatis və eyni siyasi qrupun üzvü Naço Amor Sançez qoşulublar. Amerika Birləşmiş Ştatlarının (ABŞ) anti-Azərbaycan isterikası, separatizmə dəstəyi hələ də səngimək bilmir. Birtərəfli qaydada məğlub Ermənistan dəstəklənir, silahlandırılır, revanşizmə sürüklənir. Görünən odur ki, Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən, erməni lobbisindən yemlənən qüvvələr yenidən fəallaşıb. Ümumiyyətlə, ABŞ-ın bir neçə konqresmeni “hüquq müdafiəçisi” adıyla Azərbaycanda həbsdə olan erməni separatçı-terrorçuları “siyasi məhbus” adlandırır. Həmçinin erməni maliyyəsi ilə beynəlxalq hüquqa zidd olaraq, Azərbaycanı “etnik təmizləmə və müharibə cinayətləri”ndə ittiham edirlər. Halbuki Ermənistan hakimiyyəti heç bu qədər onlara hamilik etmir. Parlamentin spikeri Alen Simonyan məhkəmə prosesindən danışıb. Simonyan jurnalistin "məhkəməni izləyirsinizmi və reaksiyanız necədir" sualına belə cavab verib: “Biz izləyirik, nə baş verdiyini görürük. Ancaq reaksiya verəcək bir şey yoxdur. Nə baş verdiyi göz qabağındadır. Mən Qarabağın keçmiş "rəsmi"lərinin açıqlamalarını izləməmişəm və hesab edirəm ki, imkan daxilində bu işə qarışmasalar, sussalar, daha yaxşı olar. Nə qədər müdaxilə etdiklərinin nəticəsini gördük. Düşünürəm ki, düzgün olan onların susmasıdır". Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinqdə “artsax” desə də, sonra 4 dəfə “Qarabağ” söyləməklə fikirlərini korrektə edib. Erməni spiker daha sonra əlavə edib ki, Ermənistan Qarabağın müstəqilliyini heç vaxt tanımayıb. Spiker bir vaxtlar Ağdamda əlində təzə narla necə poza verdiyini və “Akna (Ağdam) mənim vətənimdir” yazdığını xatırladıb. “Biz hamımız səhv edirik”, - deyə Simonyan mızıldanıb. 

Bəllidir ki, Amerikada yeni bir dönəm - Tramp dövrü başlayıb. Onun Azərbaycana münasibətdə fərqli mövqe tutacağına ümidlər var. ABŞ-dakı ermənipərəst dairələr reallıqları nə zaman anlayacaq? Ümumiyyətlə, bu gedişat nə vəd edir? 

Şərhçi Aqşin Kərimov vəzifəyə təyin olunub

Aqşin Kərimov

Siyasi analitik Aqşin Kərimov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Donald Trampın ikinci prezidentliyi dövründə Ağ Ev administrasiyasının Cənubi Qafqazla əlaqədar yanaşmasını təsvir edərkən Azərbaycana verilən əhəmiyyətin artacağı gözləntilərini qeyd etməliyik. 

Donald Tramp Qafqaz siyasətində birinci prezidentliyi dövrünə istinad etsə, o zaman Vaşinqton strategiyasının qlobal sədasında erməni maraqlarının ifadəsinə verilən yer azala bilər. 

Ona görə ki, Trampın yanaşmalarının Cənubi Qafqaz üçün təhlili regiondakı dövlətlərin geosiyasi əhəmiyyətinə görə düzülüşü, qlobal güclərlə münasibətləri və iqtisadi potensialları ilə əlaqəli şəkildə verilməlidir. Azərbaycan, Gürcüstan və Ermənistandan ibarət olan Cənubi Qafqazda sadalanan parametrlərə görə ən güclü tərəf Azərbaycandır, həm də ona görə ki, Bakı xarici siyasət prioritetlərini Ermənistanla sülh gündəliyi fonunda genişləndirir. Bu mənada ABŞ-ın qlobal güc balansındakı regional yerləşməsini təmin etmək üçün Azərbaycanla dərinləşən əməkdaşlıq kontekstini nəzərdən keçirəcəyi istisna olunmur. Hərçənd ki, geosiyasi mənzərə ilə formalaşan suallar və çağırışlar da yaranacaq, buna görə də Azərbaycan ABŞ-la əlaqələrdə ehtiyatlı yanaşmaları tətbiq edən siyasət yürüdə bilər. Bununla belə, ehtimallar yüksək olaraq qalır ki, ABŞ Azərbaycanla yenilənən açıq əməkdaşlıqlarla paralel, sövdələşmələrə də üstünlük verəcək". 

Analitik hesab edir ki, bu, ABŞ-ın Cənubi Qafqazdakı iştirakını yenidən formalaşdıran akt ola bilər və proseslərin gedişatı Vaşinqtonun Rusiya, Çin, Türkiyə və İran kimi oyunçularla münasibətlərinin necə inkişaf etməsindən asılı olacaq: “Bütün bunlara baxmayaraq, ABŞ-ın Ermənistanın prioritetləri üçün İrəvanın xeyrinə yardımları azaltması proqnozlaşdırıla bilən ssenaridir. Çünki Tramp ABŞ-ın qlobal maraqlarının təminini başqa dövlətlərə əhəmiyyətsiz xərclər hesabına deyil, fərqli formatlarla həyata keçirmək istəyir. Həm də Tramp administrasiyası dövründə Azərbaycan əsasən Cənub Qaz Dəhlizi kimi transregional enerji təşəbbüslərindəki strateji roluna və Yaxın Şərqdə əsas rəqibi olan İranla sərhədlərini bölüşdüyünə görə Vaşinqtonun diqqət mərkəzində qalacaq. Yüksək bir ehtimal mövcuddur ki, ABŞ regional dominantlıq statusunu qazanmaq üçün Azərbaycanın Zəngəzur dəhlizi ilə əlaqədar prioritetlərinə əhəmiyyətli dəstək sərgiləsin, hərçənd ki, onun bu məsələdə Rusiya və Çinə necə meydan oxuyacağı qeyri-müəyyəndir”. 

Artıq Tehranda səfirliyimizin açılması gözlənilmir" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

Məhəmməd Əsədullazadə

Politoloq Məhəmməd Əsədullazadə də bu məsələ ilə bağlı mediaya deyib ki, ABŞ-ın bəzi konqresmenləri erməni lobbisinin təsiri altında Azərbaycana qarşı məqsədyönlü kampaniya aparırlar. O, bu şəxslərin beynəlxalq terrorizmin dəstəkçiləri olduğunu və Azərbaycana qarşı yeni erməni terrorunu bəslədiklərini vurğulayıb. Əsədullazadə əlavə edib ki, bu qərəzli kampaniyanın məqsədi həm də Qərblə Azərbaycan arasında uçurum yaratmaqdır: “Digər tərəfdən, ABŞ konqresmeni Frank Pallonenin Azərbaycana səfəri zamanı ictimaiyyətin sərt qınağı ilə üzləşməsi və ölkəni tərk etməsi göstərir ki, Azərbaycan cəmiyyəti bu cür qərəzli mövqelərə qarşı həssasdır və öz etirazını bildirir. 

Ümumilikdə, ABŞ-dakı ermənipərəst dairələrin Azərbaycana qarşı qərəzli mövqeyi və separatizmə dəstəyi regionda sülh və sabitliyə təhlükə yaradır. Bu cür yanaşmaların davam etməsi Azərbaycanla ABŞ arasında münasibətlərə mənfi təsir göstərə bilər. Ekspertlər hesab edirlər ki, ABŞ-ın yeni rəhbərliyi, xüsusilə prezident Donald Trampın dövründə, Azərbaycana münasibətdə daha ədalətli və balanslı siyasət yürüdülməlidir".

Afaq MİRAYİQ, 
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR