İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın zəifləməsi bu 2 ölkənin möhkəmlənməsinə imkan yaradır - İDDİA

“Türkiyə və Azərbaycanın xarici işlər nazirləri yanvarda Bakı və İstanbulda iqtisadi, ticarət əməkdaşlığını dərinləşdirmək üçün görüşdülər. Bu məqsədlərin açarı Azərbaycanı Türkiyə ilə həmsərhəd olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizi adlı marşrutun yaradılması planıdır”.

Musavat.com xəbər verir ki, bu sözlər Fransanın RFI radiosunun xüsusi reportajında səslənib.

“Ermənistan ərazisindən keçəcək bu dəhliz Çin ilə Avropa arasında ticarət yolunun inkişaf etdirilməsinə dair Türkiyə və Azərbaycanın baxışının bir hissəsidir.

İran bu 40 kilometrlik təklif edilən dəhlizə qəti şəkildə qarşıdır, çünki müşahidəçilərin fikrincə, bu, onun sanksiyalardan yayınmaq üçün istifadə etdiyi həyati əhəmiyyətli marşrutu məhdudlaşdıra bilər.

İranın müttəfiqi olan Ermənistan da bu layihəyə öz ərazisinə zorla tətbiq olunan bir plan kimi baxaraq ona qarşı çıxır. Lakin İranın Suriyada və Livanda uğursuzluqlara düçar olması fonunda Bakı və Ankara bu fürsətdən istifadə etmək niyyətindədir”, - deyə bununla bağlı radionun saytında dərc olunan yazıda qeyd edilib.

“Zəifləyən İran Türkiyə üçün Cənubi Qafqazda böyük bir fürsətdir”, - deyə “GlobalSource Partners” şirkətinin Türkiyə üzrə analitiki Atilla Yeşilada bildirib.

Yeşiladanın fikrincə, Ermənistanın Zəngəzur dəhlizinin yaradılmasına müqavimət göstərməsinin yeganə səbəbi İranın onu hərbi cəhətdən qoruyacağına dair vədləridir.

“Lakin İran ABŞ-ın yeni administrasiyasının təzyiqləri altında olduğundan Azərbaycan və ya Türkiyə onun təhdidlərini ciddi qəbul etməyə bilər”, - deyə Atilla Yeşilada əlavə edib.

Radio analitiklərinin fikrincə, bununla belə, İranın bölgədəki uğursuzluqları və Vaşinqtonun artan təzyiqi fonunda Tehranın bölgədə dostlara ehtiyacı var.

“Yanvarda İranın bu məsələyə münasibətində yumşalma müşahidə olunub. Yüksək rütbəli bir İran diplomatı bildirib ki, artıq Zəngəzur dəhlizinə qarşı çıxmaq Tehran üçün prioritet deyil. Tehranın mövqeyindəki bu dəyişikliyin Moskva ilə əlaqələrinin dərinləşməsiylə üst-üstə düşdüyü görünür.

Türkiyə və Azərbaycan Rusiyaya qarşı tətbiq olunan sanksiyaların çoxunu qəbul etmədikləri üçün Moskva Zəngəzur dəhlizini yeni ticarət yollarının yaradılması vasitəsi kimi dəstəkləyir. Bu yollar beynəlxalq sanksiyalara məruz qalmayan ölkələr vasitəsilə keçəcək.

Keçən il ABŞ və Ermənistan daha sıx əlaqələrin bir göstəricisi olaraq birgə hərbi təlimlər keçiriblər. Analitiklər hesab edirlər ki, Vaşinqton hələ də Türkiyə və Azərbaycanın planlarını məhdudlaşdırır.

Bununla belə, Tramp administrasiyasının Zəngəzur dəhlizi layihəsinə münasibətinin hələ tam aydınlaşmadığı bildirilir”, - deyə yazıda qeyd olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR