İnsanlara hürriyət, millətlərə istiqlal!

“İranın xoş sözünün arxasında böyük hiylə, düşmənçilik dayanır"- ŞƏRH

 

İranda baş verən ayaqlanmaların, daxili ziddiyyətlərin fonunda teokratik Tehran rejimi Azərbaycan dövlətinə hücuma keçdi. Ölkəmizə qarşı aqressiv, təhqiramiz və düşməncə ritorika Tehran rejiminin hazırkı sifətidir. Məsələnin maraqlı tərəflərindən biri də budur ki, İran mətbuatında Azərbaycana, dövlət rəhbərlərimizə qarşı həyata keçirilən təhqir-söyüş kampaniyası heç Ermənistan mediasında yoxdur. Yəni düşmən Ermənistan mediası Azərbaycana münasibətdə daha ölçülü, daha üsulludur, nəinki özünə müsəlman və bizlərə də qardaş deyən İran mediası...

Üstəlik İranın hərbi elitası da, Azərbaycanla təhdid dilində danışır. Bütün bunlar İran-Azərbaycan münasibətlərini son 30 ildə ən gərgin duruma gətirib və iki qonşu dövlət arasında birmənalı olaraq deyə bilərik ki, əsl ‘’soyuq müharibə’’ gedir. Belə bir vəziyyət Azərbaycan dövlətini də adekvat addımlar atmağa vadar etdi. Rəsmi Bakı münasibətlər dövründə ilk dəfə olaraq, İrana qarşı açıq və sərt üslubda açıqlamalar verdi, Azərbaycanın rəsmi televiziyaları, digər xəbər orqanları İranın siyasətini, ölkəmizə düşməncə yanaşmasını kəskin tənqid etdi. Bu məsələlərin paralelində, Azərbaycanın rəsmi yayın orqanları tarixində ilk dəfə olaraq Güney Azərbaycandan olan hərəkat fəallarına, dünyanın müxtəlif ölkələrinə səpələnmiş ziyalılara, milli fəallara tribuna verdi. Eyni zamanda, Azərbaycan xüsusi xidmət orqanları bir-birinin ardınca İranın ölkəmizdəki casus şəbəkəsini ifşa etməyə başladı. Nəticədə, İranın son 30 ildə qurduğu təbliğat sistemi ciddi zədə aldı, casus şəbəkəsi hədəfə götürüldü, teokratik rejim ictimaiyyətin gözündə düşmən obrazına düşdü. İranın maskası cırıldı və gerçək sifəti ortaya çıxdı.

Belə bir vəziyyətdə İranın teokratik rejiminə qarşı bu ölkənin daxilindəki bütün xalqlar etiraza qalxıblar. Onların içərisində Güney Azərbaycan türkləri xüsusi fərqlənir. İranın sayca ən böyük etnosu olan Azərbaycan türkləri özlərinə Güney Azərbaycan Cümhuriyyəti qurmaq fikirlərini də ortaya atırlar. GAC iddiası getdikcə vüsət alır və artıq Şimali Azərbaycanın rəsmi tv-lərinə də bu barədə materiallar yer almaqdadır.

İranın gələcəyi və bu gələcəkdə Azərbaycan türklərinin yeri necə görünür? Güney Azərbaycan Cümhuriyyəti yaratmaq, daha sonrakı zamanlarda isə iki Azərbaycanı birləşdirmək ideyası mümkün ola bilərmi? İrandakı molla rejimi çöksə, İranı və Bütöv Azərbaycan ideyasını nələr gözləyir?

Günaz TV-nin rəhbəri Əhməd Obalı mövzu ilə bağlı Musavat.com-a danışıb. O bildirib ki, İranda baş verən son hadisələr, xüsusən də İran-Azərbaycan arasındakı gərginlik, bu gərginliyin aşkara çıxması Güney Azərbaycan faktorunu bir qədər də qabardır:

“Lakin biz məsələyə bu baxışla deyil, strateji hədəf kimi baxmalıyıq. Günaz TV olaraq, biz 18 ildir efirdəyik və adından da göründüyü kimi televiziyamızın məramı, məqsədi Güney Azərbaycanla bağlıdır.  Hədəfimiz müstəqil Güney Azərbaycan dövlətinin, cümhuriyyətinin yaranması yolunda çalışmaqdır. Bu o deməkdir ki, Güney Azərbaycan cümhuriyyəti reallaşmalıdır və biz bu məsələyə ciddi yanaşmalıyıq, çünki strategiya baxımından başqa çarəmiz yoxdur.

İranda iki ideologiya çarpıntısı var, hansı ki, bir-biri ilə qarşı-qarşıya dayanıb.  Bunlardan biri farsçılıq və ya fars dövlətidir, digəri isə türkçülük, azadlıqdır ki, bu da Azərbaycan tərəfidir. Bu baxımdan İranla Güney Azərbaycan yağla suya bənzəyir, nə qədər qatışdırmağa çalışsan da, onlar bir-birinə qarışmaz.

Güney Azərbaycan Quzey Azərbaycanın bir parçasıdır. Biz parçalanmış  bir millətik və bütövləşmək, birləşmək bizim haqımızdır”.

Əhməd Obalı qeyd etdi ki,  bütövləşmək üçün Güney Azərbaycan müəyyən proseslərdən keçməlidir:

“Birincisi, Güneyin özünün ciddi addım atması lazımdır. Yəni Güney özünü azad etməli və bunun üçün həm Quzey Azərbaycandan, həm də türk dünyasından, azadlığı sevən insanlardan, dövlətlərdən güc almalıdır.  

Hesab edirəm ki, birinci mərhələdə olmasa da, yavaş-yavaş bu addım atılacaq və biz bütövləşəcəyik. Əlbəttə ki, bu, lazımdır, vacibdir və olacaq da. Bu baxımdan Güney Azərbaycan Cümhuriyyətinin yaranması zürriyyətini həm şimalda, həm də Cənubda həyat  məsələsinə çevirməliyik. Bu bizim üçün ölüm-qalım məsələsidir. Güney Azərbaycan azad olmadığı təqdirdə İran həmişə Şimali Azərbaycana düşmənçiliyini dərinləşdirəcək.

İran Şimali Azərbaycanın üzünə gülsə də, gülməsə də ona düşməndir. Əslində, İran dövləti Şimali Azərbaycana yumşaqlıq göstərəndə bu, təhlükədən xəbər verir. Yəni onlar üzdə xoş görünüb, arxada çox ziyanlı planlar hazırlayır və yaxud həyata keçirirlər. Biz bunun nümunələrini görmüşük.

1992-ci ildə Şuşaya hücumdan bir neçə saat öncə Tehranda İranın o vaxtkı prezidenti Haşimi Rəfsəncaninin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan prezidentləri Qarabağ münaqişəsinin dinc yolla həllinə dair saziş imzaladı. Hər üç ölkə prezidentinin imzaladığı sənəddə bir həftə ərzində Cənubi Qafqaz regionuna Rəfsəncaninin şəxsi nümayəndəsi Mahmud Vaezinin gəlməsi və aparılan danışıqlardan sonra atəşkəs rejiminin qüvvəyə minməsi, bütün kommunikasiyaların açılması və bütün tərəflərin iqtisadi ehtiyaclarının ödənilməsi nəzərdə tutulurdu. Ancaq həmin razılaşma imzalandıqdan bir gün sonra - mayın 8-də pozuldu. Qarabağdakı erməni qüvvələri havadarlarının yardımı ilə Şuşanı işğal etdilər. 

Yəni İran Azərbaycanın başını sülh sazişi ilə qatıb, arxada ermənilərə böyük dəstək verdi ki, Şuşa işğal olunsun. Məqsəd bu idi. Demək istəyirəm ki, İran nə vaxt Azərbaycanın üzünə gülürsə, özünü dost, qardaş göstərməyə çalışırsa, demək ki, arxada bundan dəfələrlə, qat-qat çox düşmənçiliklə məşğuldur. Ona görə də İranın heç vaxt xoş sözünə, üzünə inanmamalıyıq.

Unutmaq olmaz ki, İran farsçılıq üzərində qurulan bir dövlətdir və farsçılığın da birinci düşməni türkdür. Hazırda İranın Türkiyəyə bir o qədər gücü çatmır, amma bacardığı düşmənçiliyi etməyə çalışır. Məsələn, Azərbaycana qarşı olaraq ermənilərə, Türkiyəyə  qarşı olaraq PKK-ya dəstək göstərir. Türkiyə ilə sərhəddə İran PKK-çılarına silah yardımı edir, onların yaralılarını xəstəxanaya çatdırır, ailələrinə öz ölkəsində yer verir. Bu gün xeyli sayda PKK-çı ailələri Güney Azərbaycana yerləşdirilib, onlara vətəndaşlıq verilib. Məqsəd də odur ki, həmin ərazilərdən azərbaycanlılar qovulsun. Beləliklə, gözümüzün  önündə Türkiyə sərhədində yeni bir Qarabağ yaradılır”.

 

Xalidə Gəray,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR