İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın kürd “paytaxtı”na raket zərbələrinin şifrələri: Ərbil niyə bombalandı?

 

Martın 13-də gecə saatlarında Şimali İraq Kürd Administrasiyasının mərkəzi Ərbil şəhəri raket atəşinə tutulub.  Məlumatlarda qeyd edilir ki, raketlər İran ərazisindən  atılıb.

İraq Kürd Administrasiyası Terrorla Mübarizə Mərkəzi (CT) bəyan edib ki, 13 mart yerli vaxtla saat 1 radələrində Ərbilə 12 raket atılıb. Raketlər Ərbildəki ABŞ Konsulluğunun binasının yaxınlığına, eləcə də Mele Omer kəndi və ətraf ərazilərə düşüb. İlkin məlumatlarda iki nəfərin yaralandığı qeyd olunur. ABŞ Konsulluğu heç bir əməkdaşın xəsarət almadığını bəyan edib.

Qeyd edək ki, son 2 il ərzində Ərbil 9 dəfə raket atəşinə tutulub. Bu hücumlar əsasən ABŞ-ın Ərbil konsulluğunu, eləcə də ABŞ-ın lideri olduğu beynəlxalq antiterror koalisiyası qüvvələrinin bazalarını hədəfə alıb.

Bu gün günorta saatlarında İran İnqilab Keşikçiləri Korpusu (Sepah) Ərbilin raket atəşinə tutulduğunu təsdiqləyən açıqlama yayıb. Açıqlamada raket atəşinin İsrail kəşfiyyat orqanı “Mossad”ın Ərbildə yerləşən mərkəzini hədəfə aldığı qeyd olunub. İran İnqilab Keşikçiləri Korpusunun ictimaiyyətlə əlaqələr mərkəzi adından yayılan açıqlamada Ərbilin bombalanmasının İsrailə cavab olduğu, “Mossad”ın Ərbil qərargahının vurulduğu bildirilib.

İran mənbələri Ərbildə “Mossad” bazasında ölənlərin olması barədə xəbər yayır. Ancaq hələ ki, bu barədə rəsmi məlumat yoxdur. Ərbil şəhərinin valisi Omid Xoşnav İran tərəfinin iddiasını təkzib edərək Ərbildə “Mossad”a məxsus mərkəzin olması barədə iddianın əsassız olduğunu bildirib.

Hazırda ən çox müzakirə olunan məsələ İranın Ərbilə nə üçün məhz indi raket zərbələri endirməsidir. Qeyd olunduğu kimi, son iki ildə Ərbildəki ABŞ bazaları atəşə tutulub.

Yada salaq ki, 2020-ci il yanvarın 8-də İran ordusunun generalı Qasim Süleymaninin öldürülməsinə cavab olaraq İran ordusu İraqdakı, o cümlədən kürd muxtariyyəti ərazisindəki ABŞ bazalarını ağır raket atəşinə tutmuşdu. Lakin bundan sonra bir qayda olaraq, hücumlar İraq ərazisindəki silahlı qruplar tərəfindən həyata keçirilib. İran öz ərazisindən nadir hallarda bu cür geniş miqyaslı hücum həyata keçirir.

Belə olan məqamda bir sual ortaya çıxır- İranın nüvə proqramı ilə bağlı Vyanada 11 aydır davam edən müzakirələrin yekunlaşmağa yaxın olması, Ukrayna ətrafında müharibənin qızışdığı bir zamanda İranın ABŞ-ı hədəfə almasının səbəbi nədir?

İlkin məlumatlar və İranın (Sepah) açıqlamasından belə aydın olur ki, əsas hədəf “Mossad”ın Ərbildəki qərargahı olub. Yaxud da hər hansı buna bənzər bir mərkəz. ABŞ konsulluğu isə ya ümumiyyətlə hədəfdə olmayıb, ya da bu, sadəcə xəbərdarlıq atışı olub.

Çünki rəsmi xəbərdə raketlərin konsulluq binası yaxınlığına düşdüyü, binada heç kimin xəsarət almadığı qeyd olunur. Halbuki Ərbildə və ümumiyyətlə, İraq ərazisində ABŞ-a məxsus çoxlu sayda hərbi və digər məqsədli binalar var. Ancaq raketlərdən bir neçəsi sadəcə ABŞ konsulluğunun yaxınlığına düşüb.

Bu isə belə qənaətə gəlməyə əsas verir ki, raket zərbələrinin iki məqsədi olub: İsrailə zərbə vurmaq və paralel olaraq ABŞ-a xəbərdarlıq etmək.

Bəs niyə indi?

İran mənbələri iddia edir ki, raket atəşi zamanı Ərbildəki qərargahda “Mossad”ın yüksək rütbəli zabitləri olub. Raket atəşi bu məqsədlə həyata keçirilib. Eyni zamanda bir neçə gün əvvəl İsrail aviasiyasının Suriya ərazisini bombalaması nəticəsində İnqilab Keşikçilərinin iki zabiti həlak olub. Raket atəşi rəsmi açıqlamada da deyildiyi kimi qisas məqsədi daşıyıb. Yeri gəlmişkən, İran kəşfiyyat orqanları Qərbi Azərbaycan əyaləti ərazisində İsrail kəşfiyyatına məxsus casus şəbəkəsinin ifşası barədə açıqlama yayıb. 

Ancaq məsələ ondadır ki, İran və 5 ölkə arasında Vyanada 11 aydır davam edən nüvə danışıqları bu həftə yekunlaşıb. Tərəflər anlaşma sazişinə çox yaxın olduğu bir zamanda qəflətən məlum olub ki, saziş alınmır. Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik məsələləri üzrə ali təmsilçisi Borel deyib ki, xarici təsir nəticəsində saziş təxirə düşüb. Amma Borel açıqlamasa da bir sıra Qərb və İran mediası sazişə Rusiyanın əngəl olduğunu iddia edib. Belə ki, Moskva nüvə sazişi üçün ABŞ-dan sanksiyaların İranla ticarətə təsir etməyəcəyi ilə bağlı təminat tələb edib. ABŞ isə bu təminatı vermədiyi üçün saziş baş tutmayıb.

Lakin bəzi mənbələr Vaşinqtonun Moskvasız İranla saziş imzalamağa hazırlandığı və Tehranın yenidən enerji bazarına geri dönməsi üçün Vaşinqtonun əlindən gələni edəcəyini iddia edirdi. Görünür ki, bu informasiyalar ya real olmayıb, ya da Tehranı qane etməyən məqamlar olub.

Maraqlıdır ki, son aylarda Moskva ilə Tehran arasında müəyyən soyuq münasibətlər müşahidə olunur. Lavrovun Əmir Hüseyn Abdullahiyanı Cənubi Qafqaz böhranı zamanı Moskvadan əliboş qaytarması, İbrahim Rəisinin Putinlə anlaşa bilməməsi və nəhayət, Suriyada Rusiyanın İsrail aviasiyasına mane olmaması Tehranı Moskvaya qarşı qəzəbləndirir. İranlılar hesab edir ki, İsrail və Rusiya anlaşdığı üçün Moskva İsrail qırıcılarının hər həftə Suriya ərazisindəki İran mövqelərini bombalamasına göz yumur.

Yeri gəlmişkən, bir neçə gün əvvəl, nüvə sazişinin son mərhələdə olduğu və nümayəndələrin öz ölkələrinə qayıdıb son məsləhətləşmələri apardığı günlərdə İsrail baş naziri gözlənilmədən Moskvaya səfər etmişdi. Rəsmi açıqlamada İsrail baş nazirinin Ukrayna münaqişəsi ilə bağlı Moskvaya səfər etdiyi bildirilsə də, bəzi media orqanlarında Bennetin səfərinin gizli məqsədinin Rusiyanın nüvə sazişinə maneə yaratması üçün danışıqlar aparmaq olduğu bildirilib. Çünki səfərdən bir gün əvvəl Bennetin Beynəlxalq Atom Enerjisi Agentliyinin Tehrana getməyə hazırlaşan sədri Qrossi ilə telefonla danışdığı məlum idi. Məhz Bennetin səfərindən sonra nüvə sazişi baş tutmadı. Çünki 3 Aİ ölkəsi və ABŞ nüvə sazişində maraqlıdır. Çin isə neytraldır, nüvə sazişinə qarşı çıxış etmir. Yeganə həssas tərəf Rusiyadır. Başqa sözlə, Ərbilin bombalanması həm də İsrailin nüvə sazişi ilə bağlı mövqeyinə Tehranın reaksiyası idi.

Ərbil bombardmanında ABŞ Konsulluğunun hədəfə alınması Vaşinqtona xəbərdarlıq kimi yozulur. Mümkündür ki, “Sepah” daxilindəki avrasiyaçı qanad ABŞ-a qarşı Tehranın mövqeyini bildirmək istəyib.

Bu hücumun daha bir mesajı İran silahlarının nümayişidir. Əgər yayılan videolar doğrudursa, raketlər Təbriz ətrafından, yəni təxminən 300 km məsafədən atılıb. İlkin videokadrlar göstərir ki, zərbələr xeyli dağıdıcı olub. ABŞ konsulluğunun tikilməkdə olan binası və bir neçə başqa tikililər dağılıb. Bu, 2020-ci il 8 yanvar bombalanmasından sonra İranın növbəti dəfə güc nümayişidir.

Ərbilin raket atəşinə tutulması və ABŞ konsulluğunun hədəf alınması Tehranın istənilən halda Yaxın Şərq siyasətində geri çəkilməyəcəyi, İsraillə düşmənçiliyin davam edəcəyinin nümayişidir. Ancaq hazırkı gərgin vəziyyətdə İrana qarşı yeni cəbhə yaradılacağı inandırıcı deyil. Çünki onsuz da cümə günü artıq rəsmi olaraq, nüvə danışıqlarının dayandığı elan olunmuş, yenidən nə zaman bərpa olunacağı barədə açıqlama verilməmişdir. Lakin mümkündür ki, Tehran və Vaşinqton arasında birbaşa danışıqlar olsun və Ərbil hücumu bu danışıqlar öncəsi Tehranın hərbi-siyasi gedişidir. 

Kənan Rövşənoğlu,
 Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR