İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın bir günlük qisas əməliyyatı - Ukrayna savaşı arxa plana keçir

Yaxın Şərq alov içərisindədir, İsrail İrana cavab verməyə hazırlaşır; BMT-nin Baş katibi Antoniu Quterreş persona-non-qrata elan edildi

İran-İsrail savaşı dünyanın hazırda əsas diqqət mərkəzindədir. Oktyabrın 1-də cənub qonşumuzun İsrail ərazisinə 200-ə yaxın raket atmasından sonra regionda və dünyada böyük bir savaşın başlayacağı ehtimalları önə çəkilməkdədir. Hətta III dünya müharibəsinin ola biləcəyindən də söz açılır. Dünyanın əsas gücləri bir-birilərini ittiham etməyə başlayıblar.

“Regiondakı problemlərin kökündə ABŞ və bəzi Avropa ölkələri dayanır”.

Bunu İranın Ali Rəhbəri Seyid Əli Xameneyi İranın İsrailə hücumundan sonra etdiyi ilk müraciətində deyib.

Xameneyi regionun ABŞ və Avropa ölkələrindən qurtulduğu zaman müharibələrin tamamilə dayanacağını söyləyib: “Region ölkələri isə özlərini idarə edə, sülh və rifah içində birlikdə yaşaya bilərlər”.

İranın Ali Rəhbəri həmçinin vurğulayıb ki, İsrail hər hansı səhvə yol versə, daha güclü və daha dağıdıcı cavab alacaq: “Seyid Həsən Nəsrullahın itkisi kiçik hadisə deyil, bu bizi çox kədərləndirdi”.

Rusiya isə Yaxın Şərqdəki vəziyyətlə bağlı xəbərdarlıq edib.

Kremlin rəsmi nümayəndəsi Dmitri Peskovun sözlərinə görə, Yaxın Şərqdə vəziyyət ən qorxulu ssenari üzrə inkişaf edir: “Moskva bütün tərəfləri təmkinli olmağa çağırır və mülki şəxslərin ölümünə səbəb olan istənilən hərəkəti pisləyir”.

Rusiya eyni zamanda Yaxın Şərqdə baş verənlərə görə Amerikanı günahlandırıb. Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Yaxın Şərqdəki vəziyyətə görə Vaşinqtonun birbaşa məsuliyyət daşıdığını söyləyib: “Bizim gördüyümüz hər şey, mən buna tam əminəm, birbaşa Amerika Birləşmiş Ştatlarının məsuliyyətidir, hansı ki, bu regionda təkbaşına "yaxşılıq" etmək hüququnu özünə verib".

ABŞ-ın vitse-prezident, prezidentliyə namizəd Kamala Harris İranın İsrailə qarşı ballistik raket hücumunu pisləyib.

Musavat.com xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

“İran İsrailə təxminən 200 ballistik raket atıb, mən bu hücumu birmənalı olaraq pisləyirəm. İran Yaxın Şərqdə sabitliyi pozan, təhlükəli qüvvədir və İsrailə hücum bu faktı daha da nümayiş etdirdi. Mən prezident Baydenin apreldə etdiyimiz kimi, ABŞ ordusunun İsraili hədəf alan İran raketlərini vurması əmrini dəstəkləyirəm. İsrail bizim köməyimizlə bu hücumu dəf edə bildi. Dediyim kimi, mən həmişə İsrailin İrana və İranın dəstəklədiyi qruplaşmalara qarşı müdafiə qabiliyyətinə malik olmasını təmin edəcəyəm. İsrailin təhlükəsizliyinə sadiqliyim sarsılmazdır”, - deyə Harris bildirib.

Harris vurğulayıb ki, İran təkcə İsrail üçün təhlükə deyil, İran və bölgədəki Amerika heyəti, Amerika maraqları və İranda yerləşən və dəstəklədiyi qruplaşmaların əlindən əziyyət çəkən bölgədəki günahsız mülki insanlar üçün təhlükədir: “Biz heç vaxt ABŞ qüvvələrini və maraqlarını İrana və İranın dəstəklədiyi qruplaşmalara qarşı müdafiə etmək üçün lazım olan hər şeyi etməkdən çəkinməyəcəyik. Biz İranın aqressiv davranışını qarşısını almaq və onları məsuliyyətə cəlb etmək üçün müttəfiqlərimiz və tərəfdaşlarımızla işləməyə davam edəcəyik”.

İsrail Xarici İşlər Nazirliyi BMT-nin Baş katibi Antoniu Quterreşi “arzuolunmaz şəxs” (persona-non-qrata) elan edib.

Bu barədə İsrailin xarici işlər naziri İsrael Kats bildirib.

Xarici işlər naziri İranın İsrailə raket hücumundan sonra Quterreşin bəyanatını pisləyərək BMT-nin Baş katibi Antoniu Quterreşi “arzuolunmaz şəxs” elan etmək və onun ölkəyə girişini qadağan etmək qərarına gəldiklərini bəyan edib.

“İranın İsrailə qarşı hücumunu birmənalı şəkildə pisləyə bilməyən kəs İsrail torpağına ayaq basmağa layiq deyil. Bu, terrorçulara, təcavüzkarlara və qatillərə dəstək verən anti-İsrail baş katibidir”, - Kats qeyd edib.

Proseslər hara gedir? Yaxın günlərdə hansı dəhşətli olaylar baş verə bilər? Durdurmaq mümkünsüzdürmü?

fikret.jpeg (167 KB)

 Fikrət Yusifov

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə ekspert Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, Yaxın Şərqdə baş verən hadisələrin inkişaf edərək bu səviyyəyə çatacağı gözlənilən idi: “Bu hələ son deyil. Qarşıda daha ciddi hadisələrin baş verəcəyi qaçılmaz olacaq. İsrail sanki olum-ölüm müharibəsi aparır. Biz əvvəlki açıqlamalarımızda da demişdik - bu yalnız İsrail-Fələstin qarşıdurması deyil. Bu İsrailin İranın Yaxın Şərqdəki proksilərinə qarşı başlatdığı müharibə də deyil. Görünən budur ki, hədəfdə İrandır. İran bu gerçəyi İsrailin Livana qarşı müharibəyə başlamasından sonra aydın başa düşdü. Əgər İsrail müharibəni bu şəkildə böyütməsəydi, İran heç vaxt İsrailə təkrar raket hücumuna rəvac verməyəcəkdi. Lakin İran artıq bu addımı atdı. Çünki İran rəhbərliyi anladı ki, İsrail durmayacaq və bu səbəbdən də ona əlində olan bütün imkanlardan istifadə edərək cavab vermək qərarına gəldi. İranın bu addımına ABŞ rəhbərliyi dərhal cavab verdi. Birləşmiş Ştatların prezidenti Co Bayden münaqişə bölgəsində yerləşən ordusuna İrandan İsrailə atılan raketləri vurmaq əmri verdi. Əgər İranın İsrailə atdığı raketlər ciddi fəsadlar törədərsə (bəlkə də atılan raketlərin ciddi fəsadlar törətməsinə bilərəkdən imkan veriləcəkdir), bu artıq İsrailin və ABŞ-ın əlində İrana qarşı başladılacaq hərbi əməliyyatların açarı rolunu oynayacaq. Qərb artıq uzun illər idi ki, İran ətrafında həlqəni daraldırdı.

Hesab edirəm ki, Qərb, başda ABŞ olmaqla, İran probleminin çözülməsinin vaxtının çatdığı qənaətindədir. Dünyanın yenidən bölüşdürülməsi istiqamətində böyük güclərin ciddi addımlar atmağa rəvac verdikləri indiki zamanda İran kimi bir dövlətin Yaxın Şərqdə hegemonluğunun qalmasına yol verilməz! Bunu birdəfəlik başa düşmək lazımdır. Qərb İrana qarşı başlatdığı bu müharibənin yekunu olaraq bu ölkədə hakimiyyətə onun sözü ilə oturub-duran qüvvələri gətirməyi hədəfləyir. Keçən ilin aprel ayında Şah Rza Pəhləvinin oğlunun İsrailə səfəri və bu səfər zamanı Onun İsrailin baş naziri Netanyahu və digər rəsmlərlə görüşü  sıradan bir hadisə deyildi.  Yaxın zaman kəsiyində bölgədə indi heç kimin təsəvvür edə bilməyəcəyi hadisələrin şahidi ola biləcəyik".

Yeni müharibə riski

 Rəşad Bayramov

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov hesab edir ki, İsrailin müharibənin coğrafiyasını genişləndirəcəyi əvvəlcədən də proqnozlaşdırılırdı: “Hələ HƏMAS qüvvələrinə qarşı Qəzzada əməliyyatlar başlanarkən, İranın digər proksi qüvvələri olan "Hizbullah", Hüsilər kimi qrupların buna seyrçi qalmaması və zaman-zaman İsraili hədəf alan əməliyyatlar keçirməsi İsrailin istər Suriyada, istər Livanda, istərsə də Qırmızı dəniz istiqmətində əməliyyatara başlayacağı ehtimalını artırmışdı. Belə də oldu. Qəzzadakı əməliyyatlara Qərbin böyük ölçüdə səssizliyi və təzyiq göstərilməməsi və ya bu təzyiqlərin quru bəyanatlardan o yana keçməməsi fonunda daha da ruhlanan İsrail özünün əzəli düşməni olan İranla münasibətləri birdəfəlik həll etmək üçün ilk öncə proksi qüvvələrə qarşı müharibəyə başladı. Hədəf təbii ki, İran idi. Çünki İsrail kifayət qədər yaxşı başa düşürdü ki, İranın birbaşa hərbi əməliyyatlara qoşulması anti-İran koalisiyasının hərəkətə keçməsinə və İranla haqq-hesab çürütmək istəyən güclərin İsraili dəstəkləməsinə səbəb olacaq. Bu baxımdan İranın HƏMAS, "Hizbullah" kimi qruplara qarşı əməliyyatlara səssiz qalması İsrailin maraqlarına cavab vermirdi. Elə buna görə növbəti hədəf olaraq Tehran seçildi. HƏMAS-ın siyasi büro rəhbəri İsmayıl Haniyə birbaşa İranın paytaxtında Tehranda hədəfə alınaraq öldürüldü. İsrailə birbaşa cavab zərbələri endirməyin böyük müharibəyə gətirib çıxaracağını və İran bu müharibədə rüsvayçı şəkildə məğlub olma ehtimalını nəzərə alan rəsmi Tehran İsrailə qarşı cavab tədbirləri görməkdən yayınmaq yolunu seçmişdi. Belə ki, istər HƏMAS lideri İsmayil Haniyənin, istərsə də "Hizbullah" lideri Seyid Həsən Nəsrullahın öldürülməsi İranın Yaxın Şərqdə geosiyasi nüfuzuna ciddi zərbədir. Başqa sözlə desək, İran müharibəyə girib məğlub olmaqdansa Yaxın Şərqə təsir imkanları və nüfuzunu itirməklə barışmışdı. Amma İran gördü ki, səssiz qalmaqda davam etdikcə İsrail cəbhəni biraz da böyüdür və gec-tez onun qapılarına dayanacaq. Sistan və Bəlucistan vilayətinin Bent şəhərinin SEPAH komandiri Pərviz Kadxodaeinin öldürülməsi, ümumiyyətlə, son bir həftədə ayrı-ayrı bölgələrdə SEPAH komandirlərinə qarşı əməliyyatlar bunun bariz sübutudur.

Odur ki, İran istəsə də, istəməsə də cavab zərbələri endirməyə məcbur oldu. İsrailə raket hücumları ilə sakit qalmayacağının mesajını verdi və həm də HƏMAS və "Hizbullah"la aralarında yaranmış soyuqluğun aradan qaldırılması istiqamətində addım atdı. Düzdür, İsrailə raket zərbələri ilə bağlı əməliyyatın İran prezidenti Pezeşkiandan xəbərsiz həyata keçirilməsi ilə bağlı söyləntilər də var. Amma mən bunun belə olduğunu düşünmürəm. Çünki bu əməliyyat bir saatin içində hazırlanmayıb. Bununla bağlı bir müddətdir ki, hazırlıqların getdiyi şübhəsizdir. Odur ki, Pezeşkianın belə bir əməliyyatdan xəbərsiz olması inandırıcı deyil. Amma o başqa məsələdir ki, Pezeşkian hətta buna etiraz etsəydi belə ali dini lider tərəfindən verilmiş qərarın qarşısını ala bilməzdi. Çünki İranın hərbi birlikləri, xüsusilə də SEPAH birbaşa Xameneyinin qərarlarına tabedir.

İranın bu əməliyyatı sözsüz ki, İsrailin maraqlarına cavab verir. İndi İsrail cavab vermək hüququnun olduğunu bəyan edərək İranda ayrı-ayrı obyektləri hədəfə alan əməliyyatlara başlayacaq. Düşünürəm ki, bu, ilk növbədə İranın neft sənayesi və nüvə obyektləri olacaq. Daha genişmiqyaslı hərbi əməliyyatlara başlanılıb-başlanılmayacağı isə indi daha çox İsrailin müttəfiqlərindən asılıdır. Xüsusilə də ABŞ-dan".

Yazarlar Kənan Rövşənoğlu

 Kənan Rövşənoğlu

Tanınmış siyasət yazarı Kənan Rövşənoğlu bu qarşıdurmanın böyük müharibəyə səbəb olacağını düşünmür: “İsrail uzun müddətdir ki, İranı qarşıdurmaya çəkmək və yaranmış vəziyyətdə Yaxın Şərqdə mövcud hərbi-siyasi xəritəni yenidən formalaşdırmağa çalışır. Baş nazir Netanyahunun məqsədi Qəzza və İordan çayının qərb sahilində, Suriyada, Livanda, İraqda və Yəməndə İsrail üçün təhlükə ərz edən hərbi-siyasi gücləri məhv etmək və İsrail üçün yeni regional siyasi şəraiti formalaşdırmaqdır. Başqa bir deyimlə, 7 oktyabr 2023-cü ildə başlayan müharibəni İsrailin xeyrinə çevirməkdir. Bunun üçünsə İranla qarşıdurma qaçılmazdır. Çünki adıçəkilən ölkələrdə İsrailə qarşı olan qrupların əsas dəstəkçisi İrandır. Bu səbəbdən də Netanyahu üçün İran başlıca hədəfdir. Digər tərəfdən, İranın dəstəklədiyi HƏMAS. "İslami Cihad" və "Hizbullah" şimaldan və cənubdan İsraili müharibə vəziyətində saxlayaraq yorur, tədrici müharibə ilə Netanyahunu məğlubiyyətə sürükləyirdi. Netanyahu və İsrailin indiki rəhbərliyi "sürünən müharibədən" qaçmaq üçün böyük toqquşmaya getməli olduğunu anlayırdı. Bunun üçünsə İranı qarşıdurmaya çəkmək lazım idi. Buna qədər İsrail dəfələrlə cəhd etdi, Dəməşqdə, Livanda, Tehranda İran maraqlarına zərbə vurmaqla İranı İsraillə toqquşmaya çəkməyə çalışsa da, Tehran ehtiyatlı davrandı. Apreldə isə Dəməşqdəki səfirliyin vurulmasına cavab olaraq İsrailin hərbi hədəflərinə məhdud zərbələr endirməklə Tehran faktiki olaraq İsraillə, yəni əslində ABŞ-la böyük müharibədən yayındı. Bu məsələnin digər tərəfi ondan ibarətdir ki, Vaşinqton da regionda böyük müharibəyə girmək istəmir. Ancaq əlbəttə, İran İsrailə hücum edəcəyi təqdirdə ABŞ İsrailin yanında yer almalıdır. Bu mənada İranın İsrailə apreldə və son zərbələri Vaşinqtonun İrana qarşı böyük müharibəyə qarışmasına əsas vermir. Güman ki, İsrail İranın son zərbələrinə cavab olaraq İranın hərbi obyektlərinə “hesablanmış” zərbələr endirəcək. Ancaq bunun İranla genişmiqyaslı müharibəyə səbəb olması ehtimalı yüksək deyil. Yaxın Şərqdə isə gərginlik davam edəcək. Xüsusən də İsrail sərt, cəzalandırıcı obrazını qorumaq üçün çox güman ki, İrana daha sarsıdıcı zərbə vurmağa çalışacaq. Ancaq bu, yaxın günlərdə böyük müharibəyə səbəb olmayacaq güman edirəm".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR