İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın 9-cu prezidenti qadın olsa... - Zöhrə İlahianın namizədliyi təsdiqlənəcəkmi...

Sədrəddin Soltan: “Tehran hakimiyyəti üçün əsas şərt seçici fəallığıdır”

İyunun 3-də yerli vaxtla saat 18:00-da İranda prezidentliyə namizədliyə iddiaçıların qeydə alınması prosesi başa çatıb. Məlumata görə, bu tarixədək 37 iddiaçı qeydə alınıb. Onların arasında İran siyasi elitasının nümayəndələri Mahmud Əhmədinejat, Səid Cəlili və Əli Laricaninin də adları var. Qanunvericiliyə əsasən, iddiaçılar Daxili İşlər Nazirliyi və Nəzarət Şurası tərəfindən araşdırıldıqdan sonra prezidentliyə namizəd olaraq qeydə alınacaq. Seçkiqabağı təşfiqat kampaniyası iyunun 12-də başlayacaq, 27-də bitəcək. 

Maraqlıdır ki, İran İslam Respublikasının seçki qərargahının nümayəndəsi Möhsün İslami açıqlayıb  ki, İranda ilk dəfə qadın seçkidə namizəd kimi qeydiyyatdan keçib. O bildirib ki, parlamentin üzvü Zöhrə İlahian ölkədə keçiriləcək prezident seçkisində iştirak etmək üçün sənədləri təqdim edən və namizəd kimi qeydə alınan ilk iranlı qadın olub.

Qeyd edək ki, mayın 31-də üç iranlı qadın şərtlərə cavab vermədiyi üçün qeydiyyata alınmayıb.

Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltan “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, İranda hər zaman qadınlar namizədliyini irəli sürmək istəsə də, buna imkan verilməyib. Politoloq İranda prezidentliyə namizəd olmaq üçün qanunvericilikdə nəzərdə tutulan prosedurlara diqqət çəkdi: “Zöhrə İlahian hələ ki prezidentliyə namizəd deyil, iddiaçıdır. Onun namizədliyi yalnız Ayətullah Seyid Əli Xameneyinin nəzarəti altında olan Nəzarət Şurasının yoxlamasından keçəndən sonra qeydə alına bilər. Nəticə iyunun 13-də bəlli olacaq”.

89d2f47a-aafa-48d4-869c-4c3b21f36d64.jpeg (123 KB)

S.Soltanın fikrincə, İranda prezident qadın olsa belə, bu heç nəyi dəyişməyəcək: “Zöhrə İlahian seçilsə belə, onun Əhmədinejatdan, Ruhanidən, yaxud da Rəisidən heç bir fərqi olmayacaq. Çünki İranda prezident ali icraedici qurumun rəhbəri olsa da, əsas söz sahibi deyil. İranda hökumət ali icraedici qurumun tərkibi olsa da, əsas qurum deyil. İran konstitusiyasına görə, dövlət idarəetmə institutu ali rəhbərlikdir. Ölkənin xarici və daxili siyasəti, iqtisadi proqramları və s. Ayətullah Seyid Əli Xameneyinin rəhbərliyi ilə hazırlanır. Təqdim olunan müxtəlif layihələr, qanunlar Xameneyinin təsdiqi ilə icra olunur. İyunun 3-nə olan məlumata görə, 37 iddiaçıdan 15-i qadındır. Yəni prezidentin kim olmasından asılı olmayaraq, onun siyasətə təsir imkanı olmur”.

Politoloq seçici fəallığı, qadın iddiaçılara mümkün dəstək ehtimalını belə şərh etdi: “Məhsa Əmininin ölümündən sonra rejim tərəfindən öldürülən insanların valideynləri bildirirlər ki, bu seçkidə iştirak etmək İran hakimiyyətinin cinayətlərinə şərik olmaq mənası daşıyar. Məsələn, İranda Niki Şəkram adlı gənc qız aksiyalarda öldürülmüşdü. Onun anası insanları seçkilərə qoşulmamağa çağırıb. Yəni seçkidə iştirak etmək seçici sayının artması deməkdir. Tehran hakimiyyəti üçün əsas şərt də seçici fəallığıdır.  Seçici sayının artmasından hakimiyyət təbliğat vasitəsi kimi istifadə edir. Odur ki, etirazçı kəsim Tehran hakimiyyətinin siyasi kampaniyalarının boykot edilməsinin tərəfdarıdır. Xatırlatmaq yerinə düşər ki, martın 1-də keçirilən parlament seçkilərini İranın keçmiş prezidentləri Məhəmməd Xatəmi, Mahmud Əhmədinejat boykot etmişdi. Həsən Ruhani isə namizədliyi Dini Ekspertlər Şurası tərəfindən qeydə alınmadığı üçün seçkiləri boykot etdi. Hətta Məhəmməd Xatəmi dedi ki, "etirazçılara dəstək olaraq parlament seçkilərində səsverməyə də getmədim, seçkini boykot etdim". Bu o deməkdir ki, cəmiyyətdə Məhsa Əmininin öldürülməsi ilə bağlı münasibətdə kiminsə seçilməsi məsələsi yoxdur. Əksinə, seçkiyə getməmək, rejimin bu siyasi kampaniyasını iflasa uğratmaq məsələsi var. Məsələn, Tehran hakimiyyəti parlament seçkisində xeyli insanın iştirakını gözləyirdi. Özlərinin hesablamalarına görə, seçicilərin 50 faizinin iştirakı gözlənilirdi. Amma nəticədə 30-40 faiz arası seçici gəldi. Onların kim olduğu da bəlli idi - SEPAH, BƏSİC, hakimiyyəti təmsil edən nümayəndələr və başqaları. Onların sayı təxminən 20 milyondur. İkinci turda keçirilən seçkidə isə cəmi 9 faiz iştiraklılıq qeydə alındı. Bu, İran hakimiyyətinin siyasi kampaniyasının boykotu deməkdir. Hesab edirəm ki, cəmiyyət, fəal siyasi qüvvələr, eləcə də etirazçılar iyunun 28-də nəzərdə tutulan prezident seçkisini də boykot edəcəklər. Cəmiyyət bilir ki, rejim öz adamını seçəcək. Bu halda da seçki formal xarakter daşıyır".

Qeyd edək ki, İranda prezident seçkisində iştirak edəcək namizədlərin adları iyunun 12-də açıqlanacaq. Seçkilər iyunun 28-nə nəzərdə tutulub. Namizədlərdən heç biri lazımi miqdarda səs yığa bilməsə, ən çox səs toplayan iki namizədin iştirakı ilə iyulun 5-də seçkilərin ikinci turu keçiriləcək. İran qanunvericiliyinə əsasən, prezident birbaşa ümumi səsvermə yolu ilə dörd il müddətinə seçilir. Eyni şəxs ardıcıl iki müddətdən çox dövlət başçısı seçilə bilməz. 

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat” 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR