Onlayn ictimai-siyasi qəzet
İranın Bəndər-Abbas limanında partlayışdan sonra ölənlərin və yaralıların sayı hər keçən gün artır.
Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib ki, İran Daxili İşlər Nazirliyi limanda baş verən partlayışın səbəbi kimi səhlənkarlığı göstərsə də, başqa versiyalar da araşdırılır.
Onun sözlərinə görə, limanda əvvəlcə yanacaq çəni partlayıb, bundan sonra yanğın başlayıb və limanın binalarından biri uçub. Nəticədə İran üçün vacib olan limanın fəaliyyəti tamamilə dayandırılıb.
Politoloq qeyd edir ki, ABŞ-ın nüfuzlu “The New York Times” nəşri partlayışla bağlı yeni versiya irəli sürüb:
“Qəzetin yazdığına görə, Bəndər-Abbas limanında baş verən güclü partlayışa Çindən idxal edilən raket yanacağı səbəb olub. Bu ilin əvvəlində İran Çindən ammonium perklorat idxal etmişdi. Bu kimyəvi maddə raketlərdə yanacaq kimi istifadə olunur. Ammonium perkloratın İrana satışı isə ABŞ-ın islamçı rejimə qarşı tətbiq etdiyi sanksiyalar səbəbindən qadağan olunmuşdu. Versiyaya əsasən, limanda onlarla insanın ölümünə və yüzlərlə insanın yaralanmasına səbəb olan partlayış məhz bu maddənin düzgün idarə edilməməsi nəticəsində baş verib”.
E. Şahinoğlunun sözlərinə görə, partlayışın səbəbi nə olursa-olsun, Bəndər-Abbas limanının fəaliyyətinin dayanması onsuz da sanksiyalar altında çətinlik çəkən İran iqtisadiyyatına əlavə zərbə vurub: “İran müxtəlif dövlətlərlə idxal-ixrac əməliyyatlarını əsasən bu liman üzərindən həyata keçirirdi. Digər Çabahar limanı isə Bəndər-Abbas qədər işlək deyil və ABŞ sanksiyaları Çabaharın fəaliyyətini də məhdudlaşdırır”.
Politoloq əlavə edib ki, Bəndər-Abbasdakı partlayışın kənar qüvvələrin müdaxiləsi nəticəsində baş verməsi ehtimalı da ciddi şəkildə müzakirə olunur. Bu kontekstdə ən çox İsrailin adı çəkilir. Çünki məlumdur ki, İsrailin İran ərazisində güclü kəşfiyyat şəbəkəsi mövcuddur.
“İranın atom elektrik stansiyalarında çalışan alimlərin qətlə yetirilməsində də İsrail kəşfiyyatının əli olduğu iddia edilirdi. Bundan əlavə, HƏMAS liderinin Tehranda partlayış nəticəsində öldürülməsi də İsrailin işi kimi qiymətləndirilmişdi. Ancaq İran rəsmiləri bu dəfə də partlayışın səbəbini sadəcə səhlənkarlıqla əlaqələndirir. Əgər bu dəfə də İsrailin adını çəksələr, bu, Tehranın əsas düşməni olan ölkənin İran daxilində istədiyini edə bildiyini etiraf etmək anlamına gələcək”, – deyə Elxan Şahinoğlu vurğulayıb.
Xalidə Gəray
Musavat.com
01 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ