Onlayn ictimai-siyasi qəzet
Mühafizəkarlar dil tapa bilməsə azərbaycanlı islahatçı Pezeşkiyanın seçilməsi şansı yüksələcək
Sabah İslam Respublikasında 14-cü prezident seçkiləri keçiriləcək. Dünən axşamdan etibarən artıq kampaniya dayandırılıb və bu gün “sükut günüdür”.
Əmirhüseyn Qazızadə Haşimi
Ötən gün seçkilərə qatılmış 6 namizəddən ən cavanı, 54 yaşlı Əmirhüseyn Qazızadə Haşimi namizədliyini geri götürdüyünü açıqlayıb. Bu gün isə Tehranın meri, fundamentalist siyasətçi Əlirza Zakani namizədliyini “inqilab cəbhəsinin birliyi naminə” geri götürdüyünü bildirib. Zakani həmçinin mühafizəkar qanadın iki əsas namizədi olan Səid Cəlili və Məhəmməd Baqir Qalibafa müraciət edərək birləşməyə çağırıb.
Məsud Pezeşkiyan
Məsələ burasındadır ki, son sorğulara əsasən islahatçı, azərbaycanlı namizəd Məsud Pezeşkiyan cüzi fərqlə digər namizədləri üstələyir. Digər 5 namizədin hamısı “mühafizəkar” qanada aiddir. Onlardan 2 nəfər artıq geri çəkilib. Daha şanslı isə iki nəfərdir – Qalibaf və Cəlili.
Əgər bu iki şəxsdən biri geri çəkilməsə o zaman Pezeşkiyanın şansı artacaq. Kardioloq, azərbaycanlı siyasətçi, keçmiş səhiyyə naziri Pezeşkiyan uğurlu seçki kampaniyası keçirib və hazırda favorit namizəddir.
Məhəmməd Baqir Qalibaf
Pezeşkiyanın seçkilərdə iki əsas üstünlüyü var. Birincisi, o, “islahatçılar” qanadının yeganə namizədidir. İslahat qanadının nüfuzlu şəxsləri, o cümlədən, keçmiş prezidentlər Məhəmməd Xatəmi, Həsən Ruhani, keçmiş xarici işlər naziri Cavad Zərif və digər nüfuzlu “islahatçılar” Pezeşkiyana dəstək verib.
Məsud Pezeşkiyanın digər üstünlüyü azərbaycanlı olmasıdır. Hazırda namizədlər içərisində yeganə azərbaycanlı olan Pezeşkiyana Təbriz, Urmiya və digər Azərbaycan vilayətlərində ciddi dəstək var. Nəzərə almaq lazımdır ki, azərbaycanlılar ölkənin digər bölgələrində, o cümlədən, paytaxt Tehran, Xorasan – Məşhəd, İsfahan, Qum və digər şəhərlərdə də çoxdur, o zaman azərbaycanlı amilinin Pezeşkiyan üçün xüsusi əhəmiyyət daşıdığını deyə bilərik.
Lakin seçki kampaniyası göstərdi ki, Azərbaycan vilayətlərində mühafizəkar qanadın da ciddi dəstəyi var. Bu səbəbdən də düşünürəm ki, seçkilərdə həlledici amil iki əsas mühafizəkar namizədin – Qalibaf və Cəlilinin arasındakı konsensusdan daha çox asılıdır. Əgər bu iki namizəd anlaşa bilsə və biri geri çəkilsə, o zaman mühafizəkar namizədin (Cəlili və ya Qalibaf) şansı artacaq, əks halda üstünlük Pezeşkiyanda olacaq.
Səid Cəlili
Maraqlıdır ki, İran mediası hazırda “Sepah” rəhbərliyinin Cəlili və Qalibaf arasında danışıqlar apardığını yazır. Hətta Qüds qüvvələri komandiri İsmayıl Qaaninin də işə qarışdığı bildirilir. Uzun illər dövlətin ali postlarında təmsil olunan və hazırda parlamentin spikeri olan Qalibafın əsas dəstəyi “Sepah”dır. Qalibaf “Sepah”da xidmət edib, rütbəsi generaldır. Ehtimal olunur ki, generallar Qalibafın seçilməsini istəyir.
Səid Cəlili isə hazırda həm mühafizəkar ruhani elita, həm də hərbçilər arasında nüfuza malikdir. Üstəlik, Qalibaf qədər haqqında ittiham və ya tənqid yoxdur. Digər tərəfdən, 2021-ci il seçkilərində Cəlili məhz “inqilab cəbhəsi” naminə namizədliyini İbrahim Rəisinin xeyrinə geri götürüb. Cəlilinin indi belə addım atması ehtimalı azdır.
Bütün bunları nəzərə aldıqda, əslində, İran seçkilərinin taleyinin bu gün həll olunacağını demək olar. Əgər mühafizəkar elita anlaşa bilsə prezident postunu əldə edə biləcək, əks təqdirdə Məsud Pezeşkiyanın qələbə çalması ehtimalı yüksələcək. Digər tərəfdən, seçki kampaniyası göstərdi ki, ən ali səviyyədə Pezeşkiyana qarşı maneə yoxdur, seçkilərdə qalib gələrsə inzibati metodlarla ona qarşı maneələr olmayacaq. Çünki ali dini rəhbərlik də hazırda seçkilərin daha sağlam və rəqabətli şəkildə keçirilməsi təlimatını verib. Bu baxımdan Pezeşkiyanın qarşısında “dəmir səd” yoxdur.
Bu mənada 27 iyuna İranda “seçkidən əvvəl seçki günü” demək olar.
Kənan Rövşənoğlu,
Xüsusi olaraq Musavat.com üçün
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ