İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda girov tələbəmiz, Ermənistanda girov əsgərlərimiz - Tehran və İrəvanı birləşdirən “dəyər”

İranın 4-cü aydır girov saxladığı Fərid Səfərli ilə bağlı hələ ki yenilik yoxdur. Fəridin anası Dilarə Əsgərova bizimlə söhbətdə bildirir ki, ümidi yalnız dövlətin atacağı addımlaradır: “Fəridin dostları, sinif yoldaşları, qrup yoldaşları da Prezidentə məktub hazırlayırlar. Onlar onun casus olaraq həbs olunmasına etiraz edirlər.  Bu, ittihamdır, Fəridi tanıyanlar bilir ki, o necə adamdır”.

Biz sinifdə Fəridlə ən yaxın dostlar idik. O dönəm Fərid mənim, mən Fəridin bütün sirlərini bilirdik. Xarakterinə, kişiliyinə, mərdliyinə bələd idim. Dünyəvi istək kimi sevgini görən insanlar ya Fəridin sevgisinə görə İrana getməsinə inanmaz, ya da lənətə gəlmiş dodağının altından gülər. Amma Fərid insan idi, kişi idi. Sevirdisə kişi kimi, sona qədər sevirdi. Uşaqlıqdan belə idi”- deyə sinif yoldaşı Fərid Quliyev bildirir.

Yeri gəlmişkən, İran daha bir Azərbaycan vətəndaşını casusluq ittihamı ilə saxlayıb. Təxminən iki il 6 ay əvvəl İranda həbs edilən Azərbaycan vətəndaşı Validə Yusifova Evin həbsxanasının qadınlar bölməsində saxlanılır. Validə Yusifova həbs edildikdən sonra ilk olaraq Ərdəbil, daha sonra isə Təbrizdəki təhlükəsizlik müəssisələrindən birinin təcridxanasına köçürülüb. Təxminən üç ay təkadamlıq kamerada saxlanılıb, dindirildikdən sonra Tehrandakı Evin həbsxanasındakı 2-A Palata kimi tanınan SEPAH Kəşfiyyat Təcridxanasına köçürülüb. Validə Yusifova dindirilmə prosesi bitdikdən sonra Evin həbsxanasının qadınlar şöbəsinə köçürülüb. 31 yaşlı Validə Yusifova Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsinin müdiri, hakim Əbülqasim Salvati tərəfindən “casusluq” və “narkotik ticarəti” ittihamı ilə mühakimə olunub. O, həbs olunmazdan əvvəl Bakıda gizli agent fəaliyyəti ittiham edilib. Həmçinin ailəsi ilə əlaqə saxlamaq hüququndan məhrum edilib.

Çingiz Qənizadənin oğluna yeni VƏZİFƏ VERİLDİ

Çingiz Qənizadə: “Bu iki dövlətin Azərbaycana münasibəti eynidir, ona görə...”

Bəs Fərid Səfərli konkret hansı casusluq əməlində ittiham olunur? İranın maraqlarını o, necə və harada “tapdayıb”, hansı dəlil-sübutlardan söhbət gedir? Bəlkə o, İranın hansısa hərbi obyektlərinin şəklini çəkib Azərbaycana və ya İsrailə ötürüb? Əlbəttə ki, belə bir şey yoxdur. “Bəyəm Azərbaycanın İranla bağlı hər hansı məlumatı öyrənməsi üçün tələbəni ora göndərməyə ehtiyacı var? İranda 40 milyon azərbaycanlı yaşayır. Onlar bütün varlıqları ilə Azərbaycan dövlətinə inanır və hər zaman onun yanındadır. Çünki Azərbaycanı öz vətənləri hesab edir. Hər nə lazımdırsa, onun üçün edərlər. Nəinki sadə insanlar, hətta dövlət işlərində çalışan azərbaycanlılar da bütün məlumatları Azərbaycana ötürər. Sadəcə, Azərbaycan Respublikasının belə işlərə əl atmağına ehtiyacı yoxdur və heç bir dövlətdə casus şəbəkəsini yaratmaz. Amma istər İran, istər də Azərbaycanı istəməyən qüvvələr bu məqamı unutmamalı və hesabını da ona görə kəsməlidir”. Bunu Axar.az-a Güney Azərbaycan İstiqlal Partiyasının sədri Saleh İldırım tələbə Fərid Səfərlinin İranda casus kimi tutulmasına münasibət bildirərkən deyib.

Onu da qeyd edək ki, Fəridin arxasınca getdiyi fars qızının guya viza ala bilmədiyi üçün İstanbula gələ bilməməsi də absurddur. Çünki Türkiyə ilə İran arasında viza rejimi çoxdan götürülüb. Bütün bunlar işin qurama olduğunu bir daha sübut edir. Bəs Fərid Səfərliyə Azərbaycan dövləti indiki mərhələdə hüquqi köməklik edə biləcəkmi? Məsələn, azərbaycanlı savadlı və təcrübəli bir vəkilin İrana göndərilməsi mümkünmü? İran qəbul edərmi?

Fərid Səfərli, heç şübhəsiz, oğurlanıb. Eyni zamanda onun taleyi yolunu azıb Ermənistana keçmiş iki əsgərimizin taleyinə bənzəyir. Bəllidir ki, Fərid kimi hərbçilərimizə qarşı da qondarma ittihamlarla cinayət işləri açılıb-dərhal Azərbaycana təhvil verilmək əvəzinə.

Bununla İran və Ermənistanda “qohum” rejimlərin hökm sürdüyü növbəti dəfə təsdiqlənir. Bu da sizə Tehran və İrəvanın birləşdirən daha bir “dəyər”.

Bu arada, İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi dünən absurd açıqlamalar verib: “Azərbaycan Xarici İşlər Nazirliyi öz vətəndaşlarının İrana getməsi ilə bağlı xəbərdarlıq edib”, deyə  XİN sözçüsü Nasir Kənani ötən gün keçirdiyi həftəlik mətbuat konfransında deyib. “Bu sionist rejimin prezidentinin Bakıya son səfəri zamanı apardığı siyasətin eynisidir. Azərbaycan xalqını qorxutmalı olan sivil və İslami İran deyil, İsraildir. Bizim siyasətimiz hələ də vizanı ləğv etmək və azərbaycanlı bacı-qardaşlarımıza qollarımızı açmaqdır. Qarşılıqlı hörmət çərçivəsində təbii ki, qonşuluq siyasətinin davam etdirilməsi gündəmimizdə əvvəldə gəlir", - deyə Kənani qeyd edib.

Bütün bu məsələlər barədə sabiq deputat, hüquq müdafiəçisi Çingiz Qənizadənin fikrini öyrəndik. O,  “Yeni Müsavat”a dedi ki, Fərid Səfərli ilə bağlı baş verən olaya yalnız burada deyil, Güney Azərbaycanda olan soydaşlarımız da təəssüf hissi qeyd edir: “Bu, fars rejiminin iç üzünün bir daha sübutudur. Gənc bir Azərbaycan vətəndaşını, Almaniyadan İrana gəlmiş şəxsi həbs edirlər, oğurlayırlar, məlumat vermirlər və sonda onun casusluqda ittiham edilərək həbs edilməsi barədə açıqlama yayırlar. Bu, beynəlxalq hüquqa, İranın öz cinayət qanunvericiliyinə ziddir. Vətəndaş saxlanılarkən onun nədə ittiham olunduğu və nəyə görə saxlanıldığı dərhal ailə üzvlərinə, qohumlarına bildirilməlidir. Amma təəssüf ki, Fəridlə bağlı aylarla heç bir məlumat verilmədi. Sanki Ermənistandakı iki hərbçimizə qarşı törədilən qanunsuzluqlar da, İranda da Fəridə qarşı törədilib. Bu iki dövlətin Azərbaycana münasibətləri eynidir. Fəriddən düşmən, casus obrazı yaradıblar. Bununla bağlı təkcə Fəridə yox, həm də Azərbaycana qarşı ittiham irəli sürürlər ki, guya Fəridin timsalında Azərbaycan müəyyən casus şəbəkəsi yaratmaqla bir casusunu İrana göndərib. Amma konkret tam açıqlanmır ki,  hansı əməli törətdiyinə görə İran tərəfi onu saxlayıb. Yüngül açıqlamalar hələ hər şey demək deyil. Təbii ki, Azərbaycan dövlətinin bununla bağlı öz mövqeyi var. Azərbaycan XİN-in bununla bağlı açıqlaması var. Fərid Səfərli ilə bağlı Azərbaycan dövləti narahatlığını bildirib. Amma təəssüf ki, baş verən hadisə İrandadır. Digər demokratik dövlətdə olsaydı, təbii ki, ora getmək olardı, onunla görüş keçirmək olardı. Amma İran-fars rejimi o qədər qapalı bir rejimdir ki, təbii ki, ora artıq vəkillərin, ailə üzvlərinin əli çatmır. Belə olan halda ancaq dövlətlərarası danışıqlar yolu ilə azad olunmasına nail olmaq olar. Biz hansısa vəkili İrana göndərib onun hüquqlarını orada müdafiə etməsinə şərait yaradılmayacağını əvvəlcədən bilirik. Elə səfirliyimizə olan terror aktı bu terroru törədənə şəraitin yaradılması polis və digər qurumların gözü qabağında baltanı qoyub avtomatı götürməsi, buna kənardan müşahidə olunması artıq dediyimiz fikirlərin təsdiqidir”.

Ekspert əlavə edib ki, İran heç cür Fəridin hüquqlarının qorunmasına imkan yaratmayacaq: “Diplomatik korpusa qarşı terrorun qarşısını almaq istəməyən bir dövlət və onun nümayəndələri təbii ki, Fəridlə bağlı da mövqe nümayiş etdirəcək. Amma mən bir məqamı qeyd etmək istəyirəm. Ermənistanda olan iki gəncimizlə bağlı Ermənistan tərəfi onların dəyişdirilməsi ilə əlaqədar bir fikir ortaya atmışdı. Yəni onlar alver etmək istəyirdilər. Amma ondan sonra təbii ki, Azərbaycanda olan təxribatçı üzvləri ilə dəyişmək istəyirdilər. Amma sərhəddə baş verən son hadisədə yenə təxribatçı qruplar sərhəd qoşunlarımızın bir neçə şəxsini girov götürüb. Yəqin ki iki gəncin taleyini həll edəcəyik. Çünki dəyişmək üçün əlimizdə kifayət qədər Ermənistanın cinayətkar ünsürləri var. Bir məqamı da deyim ki, İran vətəndaşlarından bizdə çox sayda həbsdə olanlar var. Narkotik daşıyıcıları, cinayət törədənlər. Ola bilər ki, gələcəkdə biz onların da dəyişdirilməsi üzərində iş apararaq müsbət nəticə əldə edə bilərik. Amma indiki zamanda Fəridə hər hansı hüquqi yardımın göstərilməsi qeyri-mümkündür. Fəridin yaxınları narahat olmasınlar, Azərbaycan Prezidenti istər ölkədə, istər kənarda hər bir vətəndaşının taleyi ilə ciddi maraqlanır, lazım gəldikdə onların Azərbaycana gətirilməsi ilə bağlı atılacaq addımları düşünür və bunu reallaşdırır”.

Vəkil Turan Abdullazadə ilə müsahibə

Turan Abdullazadə: “Tərəflər arasında razılıq əldə olunmazsa, Azərbaycan dövləti başqa təsir vasitələri axtarmalıdır”

Vəkil Turan Abdullazadə də bizimlə söhbətdə qeyd etdi ki, itkin düşmüş Fərid Səfərlinin taleyinin necə olacağı Azərbaycan dövlətinin atacağı addımlardan asılıdır: “Aydın məsələdir ki, Fərid Səfərlinin qaytarılması iki dövlət arasında olan danışıqlardan asılıdır. Hər hansı şəxs və ya qurum özü-özlüyündə bu məsələnin həll olunmasına nail ola bilməz. İran hökuməti şəxsin Azərbaycana verilməsi üçün öz üzərinə düşəni etməlidir. Əgər tərəflər arasında razılıq əldə olunmazsa, Azərbaycan dövləti başqa təsir vasitələri axtarmalıdır. Hər bir halda hazırda itkin düşən və İranda casusluqda ittiham edilərək həbs edilən Fərid Səfərli Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən, xarici dövlətin ərazisində cinayət törətmiş Azərbaycan Respublikasının vətəndaşları xarici dövlətə verilə bilməz. İran dövlətinin Azərbaycan dövlətinin savadlı, təcrübəli və peşəkar vəkilini qəbul edəcəyini güman etmirəm. Əks təqdirdə, belə bir həssas mövzu ilə bağlı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəhbərliyi dərhal adekvat addım atardı. Azərbaycan Respublikası Konstitusiyasına əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ var. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Göründüyü kimi, İrandakı rejim nəinki Fərid Səfərlini Azərbaycana vermir, hətta ən ümdə hüquqi dəyərlərdən olan şəxsin müdafiə olunmaq hüququnu ıbelə təmin etmir”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR