Onlayn ictimai-siyasi qəzet
2025-ci ilin ilk yarısı İran İslam Respublikasında insan haqlarının kütləvi pozulması ilə yadda qaldı. Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının yaydığı məlumata əsasən, bu dövrdə İranda azı 612 nəfər edam edilib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur və ölkədə ölüm hökmünün siyasi alətə çevrildiyini bir daha sübut edir.
Ən dəhşətlisi isə odur ki, edam edilənlərin 40 faizindən çoxu narkotiklərlə əlaqəsi olmayan ittihamlarla – daha çox siyasi və ideoloji motivli səbəblərlə ölümə məhkum olunub. Onların bir qismi “casusluq”, “moharəbeh” (Allahın düşməni olmaq), “yer üzündə fəsad yaymaq” kimi mücərrəd ittihamlarla qapalı məhkəmə proseslərində mühakimə olunublar.
***
2025-ci ilin iyununda İsrail və ABŞ-la baş verən 12 günlük qısamüddətli, lakin təsirli qarşıdurmadan sonra İran daxilində genişmiqyaslı təqib və həbslər başladı. Hökumət bu münaqişədən istifadə edərək ölkə daxilində öz əhalisinə qarşı yeni repressiv kampaniyaya start verdi.
700-dən çox İran vətəndaşı, habelə dəqiq sayı açıqlanmayan xarici ölkə vətəndaşları casusluq və “düşmənlə əməkdaşlıq” ittihamı ilə həbs olundu. Onlardan azı altı nəfər qısa zamanda edam edildi.
İnsan haqları təşkilatları bu həbsləri və edamları siyasi təqibin yeni mərhələsi adlandırır. Onların fikrincə, rejim müharibə bəhanəsi ilə cəmiyyətdəki etiraz səsini boğmaq, qorxu mühiti yaratmaq və əhali üzərində nəzarəti gücləndirmək niyyətindədir.
Məhkəmələrin iş prinsipləri isə beynəlxalq hüquq normalarını açıq şəkildə pozur. Hüquq müdafiəçilərinin məlumatına görə, edama məhkum edilən şəxslərin əksəriyyəti əsl hüquqi müdafiədən məhrum olub, işgəncələr altında etiraflar ediblər və onların məhkəmələri şəffaf keçirilməyib. Bəzən ölüm hökmü bir neçə gün ərzində icra olunur, apellyasiya və müdafiə hüququ isə praktiki olaraq yoxdur.
Statistika: ölüm maşınının rəqəmlərlə gerçək üzü
2025-ci ilin yalnız ilk beş ayında qeydə alınan 511 edam ölkənin hazırda dünyada ən çox edam həyata keçirən ölkələrdən biri olmasına gətirib çıxarıb. Bu edamların təxminən 244-ü narkotiklərlə bağlı ittihamlarla həyata keçirilsə də, qalanları daha çox siyasi, dini və ictimai motivli səbəblərlə əlaqəlidir.
Xüsusi vurğulanmalı məqamlardan biri də azlıqların bu prosesdə qeyri-mütənasib şəkildə təqib olunmasıdır. Aprel ayında edam edilənlərin 31.8 faizi Beluc azlığına mənsub şəxslər olub. Eyni zamanda kürdlər və əfqan əsilli şəxslər də edam dalğasından xüsusilə zərər çəkən qruplar sırasındadır.
2024-cü ildə isə ümumilikdə 975 nəfər edam edilmişdi və bu rəqəm son 20 ilin ən yüksək göstəricisi sayılır. Lakin 2025-ci ildə bu statistikanın daha da ağırlaşacağı ehtimal olunur.
***
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk iyulun 28-də verdiyi bəyanatda İranı ölüm cəzasından dərhal imtina etməyə və edamların tətbiqinə moratorium qoymağa çağırıb. O, xüsusilə siyasi ittihamlar və casusluq kimi mübahisəli məsələlərdə ölüm cəzasının tətbiqinin beynəlxalq hüquqa zidd olduğunu vurğulayıb.
"Amnesty International", "Human Rights Watch" və digər beynəlxalq hüquq-müdafiə təşkilatları da İranı bu siyasətə son qoymağa səsləyib, ölüm hökmlərinin siyasi və ideoloji repressiya alətinə çevrildiyini bildiriblər.
1988-ci ilin kabusu geri qayıdır
Müşahidəçilərin bir çoxu hazırkı repressiya kampaniyasını 1988-ci ildə baş verən kütləvi edamlarla müqayisə edir. Həmin il də on minlərlə siyasi məhbus bir gecədə yoxa çıxmış, rejim tərəfindən gizli şəkildə edam olunmuşdu. Bu gün yaşananlar da o faciəli prosesin davamı kimi qiymətləndirilir – yalnız bu dəfə texnologiyanın, beynəlxalq medianın və insan haqları qurumlarının işıqlandırdığı daha açıq bir şəkildə.
***
İranın molla rejimi ölüm hökmünü siyasi idarəçiliyin rəsmi alətinə çevirib. Daxili narazılıqları, iqtisadi çöküşü, beynəlxalq təcridi və gənc nəslin üsyan əhval-ruhiyyəsini nəzarətdə saxlamaq üçün rejim edamdan qorxu mexanizmi kimi istifadə edir.
Bu isə nəinki İran xalqı, həm də bütün Yaxın Şərq regionu üçün təhlükəli tendensiyadır. İnsan həyatına belə laqeyd münasibət, hüququn belə təhqir olunması uzunmüddətli sabitlik və inkişaf üçün ciddi təhdid yaradır. Rejim öz mövcudluğunu qorumaq üçün insan canını qurban verməkdən çəkinmir və bu, XXI əsrdə qəbuledilməz barbarlıq nümunəsidir.
Musavat.com
31 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ