Onlayn ictimai-siyasi qəzet
Politoloq: “SEPAH başda olmaqla mühafizəkar qanad Azərbaycanla daimi gərginlikdə maraqlıdır, çünki...”
Azərbaycan hər nə qədər İranla münasibətlərin düzəlməsində maraqlı olsa da, Tehran terror mahiyyətli siyasətindən əl çəkmir və təhdidlər yağdırır. Tehrandakı səfirliyimizə qarşı həyata keçirilən terrordan sonra İran faktiki olaraq Azərbaycana “narkotik hücumu”na da start verib. Hər gün bir neçə İran vətəndaşı Azərbaycana narkotik gətirmək istəyərkən yaxalanır. Bunun da bir zəhərli siyasət olduğu istisna deyil.
İndi isə İran rəhbəri Əli Xameneinin ofisinin mətbu orqanı sayılan “Keyhan” qəzeti Qəzza məsələsi ilə bağlı dərc etdiyi məqalədə Azərbaycan Respublikasına qarşı təhdidedici ifadələr işlədib.
Axar.az xəbər verir ki, məqalə “Əgər etinasızlıq etsəniz, İsraildən sonra növbə sizdədir!” başlığı ilə dərc olunub. Qəzetin əməkdaşı və yazının müəllifi Məsud Əkbəri məqalənin bir neçə yerində İsrail-Azərbaycan münasibətlərinə toxunub, İsrailin enerji ehtiyacının yarıdan çoxunun Azərbaycan nefti hesabına təmin olunduğunu vurğulayıb.
Bildirilib ki, Asiyadan Hind okeanı-Ədən körfəzi-Bab əl-Məndəb boğazı və Qırmızı dəniz marşrutu vasitəsilə İsrailin Eylat limanına mal daşınmalarının qarşısı husilər tərəfindən alınır: “Qeyd etdiyimiz başqa bir strateji marşrut var, o isə Bakı-Tiflis-Ceyhan kəməridir. Bu dəhlizin pozulması sionist rejimin bütün iqtisadiyyatında böhrana səbəb ola bilər”.
Xaricdə fəaliyyət göstərən İran hökumətinə müxalif ekspertlər “Keyhan” qəzetinin bu ifadəsini kəmərə qarşı təxribat çağırışı kimi dəyərləndiriblər.
Qeyd edək ki, “Keyhan”ın baş redaktoru radikal mövqeyi ilə tanınan Hüseyn Şəriətmədari birbaşa Əli Xameneinin göstərişi ilə bu vəzifəyə təyin olunub. Burada gedən yazılar İranın rəhbəri Əli Xameneinin başçılıq etdiyi mühafizəkar qanadın - SEPAH və ETTELAAT-ın mövqeyini əks etdirir.
İran niyə dayanmır? Nədən onun özü üçün gərginlik yarandığı bir vaxtda Azərbaycanı qazanmaq əvəzinə, yanlış siyasət aparır?
Fikrət Yusifov
Sabiq maliyyə naziri, iqtisadi və siyasi məsələlər üzrə ekspert Fikrət Yusifov İran kimi rejimlərin ancaq bu cür üsullarla ayaqda qaldığını bildirdi. Onun sözlərinə görə, İranın bir dövlət kimi mahiyyəti on illərdir ki, ortadadır: “Əslində, molla təfəkkürü ilə bundan artıq dövlət idarəçiliyi də mümkün deyil. Dini əlində silah edib, dövlətini İslam fədaisi kimi dəyərləndirən, İslam bayrağı altında İslama uyğun olmayan çirkin əməllərlə - terrorla uğraşan bu rejimin ayaqda qalmasının başqa yolu da yoxdur. Bu rejim mütləq kükrəməli, köpməli, onun siyasətinə qarşı gedənlərə isə hədə-qorxu gəlməlidir. Belə rejimlərin başqa yaşam tərzi mümkün deyil. Qərbi söyən, başına yaylıq bağlamış mollaların övladları bu gün Qərbdə, biznesləri Qərbdə, milyardlarla yatrımları Qərbdə, milyardlarla dollar investisiyaları Amerika Birləşmiş Ştatlarında... Sual olunur ki, bütün bunlar ortadaykən bunlar Qərbə necə düşmən ola bilərlər? Oynayırlar! Ancaq dəvə kimi başlarını qanqalın içinə soxsalar da, gövdələri bütün dünyanın gözləri qarşısındadır. İran rejimi 50 ilə yaxındır ki, gecə-gündüz İsraili yer üzündən siləcəyi ilə hədələyir. Rejim nəhayət ki, İsraildən ”icazə alıb" ona birbaşa raket hücumu etdi. Ağılları olsaydı, özlərini belə biabır etməzdilər. On illər boyunca yaratdığları silahların “gücünü” bütün dünya gördü və güldü.
İndi Azərbaycanı növbəti dəfə təhdid edirlər. Bu gün Azərbaycan bölgədə söz və güc sahibi olan bir dövlətdir. Onun Türkiyə kimi hərbi müttəfiqi var. Türkiyə NATO-nun ikinci hərbi gücüdür. Bunlar anlamırlar ki, Azərbaycanı təhdid etmək, Türkiyəni təhdid etmək deməkdir. Bunlar anlamırlar ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinə qarşı təxribat törətmək bu kəmərin mövcudluğunda maraqlı olan böyük güclərin qarşısında nə demək ola bilər? Ağıllarını itiriblər və bu durumda da sərsəm bəyanatlar verərək öz varlıqlarını ortaya qoymaq istəyirlər. Ancaq unutmasınlar, bölgədə gedən böyük geosiyasi proseslər nə ilə nəticələnəcək. Bütün hallarda bu proseslərin İranın xeyrinə başa çatmayacağı tam aşkardır. Özündən dəfələrlə güclü olanların ünvanına “sizi məhv edəcəyik”, “sizi yer üzündən siləcəyik” kimi hədə-qorxuların sonu heç vaxt yaxşı olmur. İran rejimi üçün də bu çılğınlıqlar yaxşı qurtarmayacaq. Bu proses gedir, onun başa çatması zamana bağlıdır. Bu zaman isə çox da uzaqda deyil..."
Niyaməddin Orduxanlı
Ədalət, Hüquq və Demokratiya Partiyası sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı cənub qonşumuzun genefondumuzu məhv etmək üçün tam hərəkətə keçdiyini söylədi: “İran molla rejiminin Azərbaycana qarşı təhdidlərinə, hədə-qorxularına baxdıqda, tam əmin olursan ki, bunlar düşmənçilik, nifrət siyasətindən əl çəkməyiblər, dayanmayıblar. Bizim bir yaxşı el məsəli var: nə çalırsan, çal, mən ”heyvagülü"nü oynayacam. İranın Azərbaycana qarşı ən böyük məkrli siyasətindən biri də gənclərimizin narkotiklə məhv olunmasıdır. Bunu dövlət siyasəti kimi həyata keçirirlər. Heç şübhəniz olmasın ki, İran Azərbaycana göndərdiyi qədər narkotiki başqa ikinci bir ölkəyə göndərmiş olsun. Savadlı gənclərimizin olmaması üçün bunu edir. Gələcək genefondumuzun məhv olması üçün bunu edir. Yenə də bizi dost İsraillə əməkdaşlıqda ittiham edir. Axı sən kimsən ki, müstəqil Azərbaycanı ən yaxın dost ölkə olan İsraillə yaxın münasibətə görə qınayasan?! Dünyanın ən güclü diasporuna, lobbiçiliyinə sahib olan yəhudilər bizə siyasi və diplomatik dəstəyi əsirgəmirlər. 44 günlük vətən müharibəsində Qərb bizə ən müasir silahları vermədi, ancaq İsrail bütün gücü ilə dəstək verdi. Ancaq İran müsəlman torpağında olan məscidlərdə donuz saxlayan ermənilərə hər cür dəstək verir. Budur sizin müsəlmançılığınız? Biz İsraildən aldığımız silahlarla müsəlman məscidlərinin təhqir olunmasının qarşısını aldıq, məscidlərimizi təzədən Allahın evinə çevirdik. Heç bir şübhəmiz yoxdur ki, İran molla rejimi Bakı-Tiflis-Ceyhan neft kəmərində hər hansı bir terror aktı törətməsin. İran dövləti bunu yaxşı bacarır. Səfirliyimizdə terror aktını, millət vəkili Fazil bəyə qarşı terroru törətmədilər? Uzun müddətdir din adı altında Azərbaycanda agentura şəbəkəsi qurmayıblar? Hər cür pisliklərini gözləyirik. Zatən 32 ildir ki, durmadan bunu edirlər. Xalqımız da bunu çox yaxşı bilir. İranın bunu etməsinin əsasında da ikiyə bölünmüş Azərbaycan dayanır. Cənubda yaşayan 40 milyonluq Azərbaycan türkündən qorxurlar. Molla rejimi qorxur ki, günün birində Şimali Azərbaycan kimi Cənubi Azərbaycan da öz müqəddəratını təyin edə bilər və sonda 50 milyonluq Bütöv Azərbaycan yaranar. Bunun baş verməməsi üçün bizlərə, Şimali Azərbaycana hər cür pisliklər edirlər. Bizim günahımız deyil ki, 1813 və 1828- ci il müqavilələri ilə Azərbaycanı ikiyə bölmüsünüz".
Asif Nərimanlı
Siyasi analitik Asif Nərimanlı isə İranın yersiz ittihamlarına bu cür reaksiya göstərdi: “İranda SEPAH başda olmaqla mühafizəkar qanad Azərbaycanla daim gərginlikdə maraqlıdır. Bunun kökündə Cənubi Azərbaycandakı soydaşlarımızı Arazın bu tayına düşmən etmək, onların münasibətini dəyişdirməkdir. Çünki İranda anti-İsrail təbliğatı, xüsusilə din üzərindən aparılır və bu, milli kimliyindən asılı olmayaraq, dini inancları olan əksəriyyətin mövqeyinə təsir edir. İran rejimi də Azərbaycanın İsrailə dəstək verməsi iddiasını daim gündəmdə saxlamaqla böyük çoxluğun Bakıya münasibətini öz maraqlarına uyğun formalaşdırmağa çalışır. Eyni zamanda dini öz siyasəti üçün alət olaraq istifadə edən İran rejimi Azərbaycanın inanclı kəsiminə də təsir etməyə, onların dövlətə ola münasibətini yönləndirməyə cəhd edir. Halbuki, SEPAH-da Qüds adında elit bölmənin olmasına baxmayaraq, İran indiyə qədər fələstinlilərin hüquqlarının qorunması, Qüds məsələsində Fələstinin üstünlük əldə etməsi üçün heç bir şey etməyib. Əksinə, bu gün Qəzzada baş verənlərin günahkarlarından biri də elə İrandır. Həması öz maraqlarına görə hücuma təşviq etdilər, nəticədə mülki insanların öldüyü hazırkı mənzərə yaranıb. Bütün bunlara baxmayaraq, İran İsrailə görə yerli-yersiz Azərbaycanı ittiham edir”.
Cavanşir ABBASLI
“Yeni Müsavat”
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ