İnsanlara hürriyət, millətlərə istiqlal!

İran yenə də çalxalandı, minlərlə azərbaycanlı küçələrə çıxdı - MÜSAHİBƏ, VİDEO

Jurnalist Vahid Mustafayev Urmiyadakı Azərbaycanlı fəal Aslan Abbaszadədən müsahibə alıb. 

Musavat.com həmin müsahibəni təqdim edir: 

Vahid Mustafayev yazır: 

Urmiyada kürdlər milli aksiya keçirdikdən sonra cənubi azərbaycanlı fəallar küçələrə axışaraq milli kimliyini və ərazi bütövlüyünü müdafiə etmək üçün aksiyalara başlayıblar. Urmiyada son illər kürdlər və türklər arasında yaşanan toqquşmalardan bu ilki və görünür sonuncusu deyil. Bununla əlaqədar izləyicilərimin xahişi ilə Ürmiyədəki Azərbaycanlı fəallardan biri ağayi Aslan Abbaszadə ilə vəziyyətin kökləri haqda müsahibə götürdüm!

VM: Aslan bəy, salam. ANS Press İnformasiya Agentliyi üçün Sizdən müsahibə alıram. Son günlər Cənubi Azərbaycandan bizə çox gərgin məlumatlar gəlir. İlk sualım – Urmiyada nə baş verir?

AA: Vahid bəy, salam. Ürmiyyədə tuta-tuta baxmayaraq ANS-ə müsahibə vermək və şəxsən Sizinlə danışmağdan çox şadam. Burada vəziyyət, sadə desəm, yaxşı deyil. Bu il, yəni ilin axır ayı (Novruzla yeni ilin başlanması nəzərdə tutulur – müəllif), şəmsi, yəni günəş ilin axır ayında İraqda olan kürd qruplar belə bir qərara gəldilər ki, hər gün İranın hər şəhərində 5 nəfər, 10 nəfər kürd olsa belə, orada Novruz bayramını qeyd etsinlər. Onu da ərz edim ki, ümumən kürdlər Novruz bayramını qeyd etməzdilər, yalnız islami dini bayramları – Oruc və Qurban bayramlarını qeyd edərdilər. Bu dəfə isə terrorçu qrupların göstərişi ilə 2025-ci ildən Naxçıvanın sərhədindən tutmuş, ta İranın İraq sərhədinə qədər, hər şəhərdə kürdləri belə bir təşəbbüsə məcbur etdilər.

VM: Mən dəqiq bilirəm ki, kürdlər də Novruz bayramını keçirirlər. Məsələn, məhz kürdlərin kütləvi toplaşmalarının və iğtişaşların qarşısını almaq məqsədilə Türkiyədə 1925-ci ildən 1991-ci ilədək Novruz şənlikləri qadağan olunmuşdu. Və 25 il ötdükdən sonra 2016-cı ildə Türkiyə yenidən Novruz bayramının keçirilməsinə qadağa qoydu. Bundan əlavə, kürdlərin yaşadığı Türkiyə, Suriya və İraq kimi ölkələrdə hökumətlər Novruzun qeyd olunmasını məhz kürdlərin milli günü və separatçı arzularının simvolu olduğu üçün qadağan ediblər.

AA: Ermənilərin necə Qarabağda və ya Azərbaycanın ayrı məntəqələrində torpaq iddiaları var idisə, kürdlərin də bizim Urmiyəyə və Qərbi Azərbaycan əyalətinə belə bir iddiaları var. Buna görə onlar 19 martda, yəni 5-6 gün bundan əvvəl burada bir mitinq hazırladılar. Dünyanın hər yerindən, İranın hər yerindən avtobuslarla, maşınlarla kürdləri Urmiyaya yığdılar və burada bir şənlik keçirdilər. Bu şənlik orucluğun əhya gecələri deyilən məxsusi günlərdə keçirildi. Təbii ki, İran dövləti bunlara göz yumdu, yəni təşkilatçılara heç bir maneçilik törətmədilər. Bizim xalqımız – azərbaycanlılar, dövlətə dərhal etiraz etdilər. Təbii ki, valilik, yəni yerli hökumət buna qarşı idi, amma Tehrandan kürdlərə dəstək verdilər.

VM: Maraqlıdır. Yerli əhali əsasən azərbaycanlı, Urmiyanın İcra Hakimiyyəti də azərbaycanlılardan ibarət məmurlar olan bir yerdə rəsmi Tehran niyə bu hərəkəti etsin?

AA: Niyə? Türkiyənin acığına! Çünki Türkiyə Suriyada və ümumiyyətlə bölgədə son zamanlar irəlidə olduğu üçün ona gözdağı, yəni xəbərdarlıq vermək istədilər.

VM: Aslan bəy, necə düşünürsünüz, ola bilər ki, İranın şimalı və Azərbaycan Respublikasının cənubunda bu kimi cərayanlar Zəngəzur mahalının, daha dəqiq desək Azərbaycanla Naxçvan arasında yaradılacaq koridor layihəsinin qarşısını almaq üçün hazırlanan və problemi dərinləşdirmək məqsədi ilə milli zəminli yeni oyunçuları cəlb etmək cəhtləridir?

AA: Tamamilə məqsədə uyğun fərziyədir. Lakin Türkiyyəlilər bizim əmioğlu və əmiqızılarımızdılarsa biz, cənubi Azərbaycanlılar Sizin doğma qardaş bacılarınızıq. Biz öz xalqımıza problem yaranmasına heç bir zaman imkan vermərik. Necə ki, 44 günlük müharibə zamanı bizim ərazilərimizdən Ermənistana sürsatın keçirilməsinə imkan vermədik, indi də biz sipərik! Xalqımız 21 mart cümə gecəsi, yəni bayramın birinci günü, 22 mart Həzrət Əlinin şəhid olma günü, 19 Ramazanda o məzhəbi dəstələri küçəyə çıxarmaqla böyük bir mitinq keçirdi. Bu mitinq məzhəbdən çıxdı, milli mitinqə çevrildi və ən azı 100-150 min nəfər Urmiyə əhalisi, baxmayaraq ki, indi tətil günləridir, böyük bir mitinq keçirdi. “Azərbaycan var olsun – istəməyən kor olsun!”, “Azərbaycan yurdumuz - Urmiyə boz qurdumuz!”, “Burda Kürdistan olmaz – bu torpaqdan pay olmaz!” kimi şüarlarla torpaq iddialarına qarşı səhər 9-dan günorta 12-yə qədər mitinq davam etdi. Çox gözəl oldu bu mitinq, çünki xalqımız – azərbaycanlılar yatmışdı, lakin indi oyandı və inandı ki, Tehran hökuməti hansısa geosiyasi oyun sayəsində bu gün kürdlərin arxasındadır.

VM: Bildiyimiz kimi Azərbaycan İranın sənaye qüvvəsidir və bu sənaye təşkilatları, zavod və fabriklər məhz azərbaycanlılara məxsusdur. Azərbaycanlılarla münasibəti korlamaq rəsmi Tehranın hansı maraqlarına uyğun gələ bilər?

AA: Bu gün İranda türklərə və ümumiyyətlə türklüyə qarşı bir sistem yaranmaqdadır. Bunu bilmək və buna hazır olmaq lazımdır.

VM: Türklərə deyəndə Siz azərbaycanlıları da nəzərdə tutursunuz yəqin ki. Bəs axı bu gün İranın prezidenti cənab Məsud Pezeşkian da azərbaycanlıdır…

AA: Demək olar ki, cənab Pezeşkian bu gün səthi bir dövlətin, idarəçi bir dövlətin təmsilçisidir. Nəhayət, indi hər şey birinci məqamın əlindədir, yəni dərin dövlətin – o da hər zaman olduğu kimi fars dövlətidir! Prezidentin səlahiyyətləri varsa da, yalnız məişət məsələləri çərçivəsindədir. Daxili və xarici siyasət yalnız dərin dövlətin səlahiyyətinə aiddir.

VM: Məsələ dediyiniz kimidirsə, demək, azərbaycanlı fəallara qarşı indi repressiyalar başlanmalıdır. Amma bu barədə bizə hələ xəbərlər gəlməyib.

AA: Sizə bu barədə xəbərlər gəlməz. Amma burada indi tuta-tutdur. Artıq bizim fəallardan 22 nəfər həbs olunaraq zindana atılıb. Gərginlik var və davam etməkdədir.

VM: Bəs bu məqamda kürdlərin hərəkətləri nədən ibarətdir? Onlar bu mitinqdə səslənən şüarlara münasibət bildiriblər, ya yox?

AA: Kürdlər və PKK böyük bir bəyanat yayıblar ki, “Biz qayıdacağıq”. Azərbaycanlıların mitinqində səslənən şüarlara etirazlarını bildiriblər. Lakin ciddi bir hərəkətə əl atmırlar, çünki azlıqdadırlar. Amma bizdə olan məlumatlara görə, qüvvə toplamaqdadırlar və Urmiyaya göz tikiblər. Onların planlarına görə, yaxın zamanda İran dövləti parçalanacaq. Və bu parçalanma nəticəsində Urmiyə kimi məntəqələri onlar öz bölgə yönətimlərinə qatsınlar.

VM: Amma bu nə qədər realistik plandır? Axı bildiyimə görə, haqqında danışdığımız region əksərən azərbaycanlılardan ibarətdir və hətta 75% əhali orada fars deyil, azərbaycanca danışır.

AA: Təbii ki, çoxluq hələ azərbaycanlılardadır. Kürdlər burada aşirətdirlər. Aşirət olduqlarına görə bunların təşkilatlanma imkanları çox-çox güclüdür. Son vaxtlara qədər burada yaşayan kürdlərin işi-peşəsi dağlarda qoyunçuluq və maldarlıqla məşğul olmaq idi. Amma dövlətin dəstəyi ilə sərhəd alveri ilə məşğul olaraq ciddi varlanıblar. Artıq onların parlamentdə nümayəndələri var. Demək olar ki, bu gün hər 3 deputatdan 2-si kürddür. Azərbaycanlılara isə 1 yer qalır. Düşünürəm ki, bu proseslər bizim millət üçün intibah dövrü sayılmalıdır və şimaldakı qardaşlarımızın müasir tarixini unutmadan torpaqlarımızı qorumağa səmərəli səylər göstərəcəyik, İnşallah! 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Mart 2025

BÜTÜN XƏBƏRLƏR