İnsanlara hürriyət, millətlərə istiqlal!

İran və Ermənistan “Şuşa Bəyannaməsi”nin oxşarını imzalayacaq? - Düşmənlər həşirdə

Tehran İrəvana ümumi təhlükəsizlik konsepsiyasının formalaşdırılması ilə bağlı təklif təqdim edib və hərbi müttəfiqlik üçün zəmin yaranıb; ABŞ və Rusiyanın reaksiyası nə olacaq...

“İran faktiki olaraq İrəvana ümumi təhlükəsizlik konsepsiyasının formalaşdırılması ilə bağlı təklif təqdim edib və ”Şuşa bəyannaməsi"nin analoqunun imzalanması üçün zəmin yaradıb".

“Yeni Müsavat” bildirir ki, bu sözləri erməni politoloq Sergey Melkonyan deyib.

Melkonyana görə, ötən həftə İranın görünməmiş hərbi, siyasi və diplomatik fəaliyyəti ilə yadda qalıb və əsas nəticələri aşağıdakı kimi ümumiləşdirmək vacibdir: “Qafanda konsulluğun açılması. Əsas məqsəd özləri üçün həyati əhəmiyyət kəsb edən bir sahədə mövcudluq əldə etmək, Türkiyə və Azərbaycan istiqamətində vəziyyətin monitorinqi imkanlarını genişləndirmək, həmçinin adıçəkilən iki dövlətin təcavüzü halında operativ reaksiya vermək üçün şərait yaratmaqdır. İran Türkiyənin mövcudluğuna yalnız qismən tarazlıq yaradıb. Tam balans üçün ona ”Şuşa bəyannaməsi"nin analoqu lazımdır".

Erməni ekspert xatırladıb ki, İran xarici işlər nazirinin Qafanda bəyan etdiyi kimi, “İran Ermənistanın və regionun təhlükəsizliyini öz təhlükəsizliyi hesab edir”. “Yəni Tehran ”bərabər və bölünməz təhlükəsizlik" prinsipini təsdiq edir.

“Beləliklə, heç bir qüvvə öz təhlükəsizliyini nəzərə alaraq regionda mövcudluğunu yaratmamalı və genişləndirməməlidir, çünki bu prinsipi pozar. Əslində İran nəinki ”qırmızı xətləri"ni təsdiqlədi, eyni zamanda, Ermənistanla yuxarıda qeyd olunan balansı yaradacaq müvafiq saziş imzalamağa zəmin yaratdı.

Müasir silahların satışı. Ukrayna əməliyyatları teatrında İran istehsalı olan silahların (və ya onların analoqlarının) aktiv istifadəsi təbii olaraq İranın hərbi sənaye kompleksinə diqqəti artırır. Keçmiş SEPAH komandirinin sözlərinə görə, PUA-ların alınması üçün Ermənistan da daxil olmaqla, 22 ölkə İrana müraciət edib. Qiymət və keyfiyyət baxımından sərfəli İran PUA-larının alınması prosesi çoxdan başlamalı idi. Ermənistanın hazırkı hakimiyyəti Qərb tərəfdaşlarının reaksiyasından ehtiyat edərək İranla sıx hərbi-texniki əməkdaşlıqdan imtina edir, baxmayaraq ki, Tehran İrəvana daha çox siqnallar göndərməkdə davam edir. İran qoşunlarının Araz boyu və Türkiyə ilə sərhəddə təlimləri bütün bu kampaniyanın gözəl akkordu idi", - deyə Melkonyan qeyd edib.

Məlumdur ki, Ermənistan son vaxtlar öz hərbi potensialını həm də İran silahları, xüsusən də kamikadze-dronlar hesabına ciddi şəkildə artırmağı hədəfləyib. Bəs İranla Ermənistan arasında “Şuşa Bəyannaməsi”nə oxşar sənəd imzalana bilərmi? İmzalanarsa, bu İrəvana nə verəcək? İran-Ermənistan hərbi müttəfiqliyi mümkündürmü? Rusiya və ABŞ-ın buna reaksiyası necə ola bilər?

Asif Nərimanlı: ”Eskalasiyanın baş verməsi Ermənistana sərf edə bilər”

 Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, Ermənistan zərbə PUA-ları almaq üçün İrana müraciət edib: “Əsas silah təchizatı Rusiya olan İrəvan 44 günlük müharibədə ağır zərbə alan hərbi arsenalını gücləndirmək üçün İran və Hindistan kimi üçüncü ölkələrə üz tutur. İrəvanın hərbi baxımdan özünü bərpa etmək cəhdləri həm hazırda regiondakı proseslər, həm də perspektivdə yenidən təhdidlər yaratması baxımından Azərbaycana sərf etmir. Hərçənd Azərbaycan Ordusunun arsenalında olan Türkiyə istehsalı ”Bayraktar" və İsrail istehsalı dronlarla müqayisədə İran dronları daha zəifdir, xüsusilə dağ relyefində döyüşlərin aparılması baxımından. Və Türkiyənin yeni istehsalı olan “Akıncı”nı hərbi arsenalımıza daxil etməyə hazırlıq da Azərbaycanın gücünü qat-qat artıracaq. Burada İranın Azərbaycana dua, Ermənistana PUA göndərməsi siyasəti də yenidən gündəmə gəlir".

Ekspert hesab edir ki, İranın Qafanda konsulluq açması isə Qərbi Zəngəzurda mövcud olmaq planının tərkib hissəsidir: “Lakin bunu indi, özü də inşası başa çatmayan binada təcili etməsi Ərdoğanın Şərqi Zəngəzura gəlişindən qaynaqlanır. Molla rejimi Bak-Ankara birliyinə Tehran-İrəvan ”qardaşlığı" ilə cavab verir. Ala-yarımçıq binada “qırmızı lenti” kəsən Abdullahianın verdiyi açıqlamalar bu kontekstdə diqqət çəkir. “İran Ermənistanın və regionun təhlükəsizliyini özünün təhlükəsizliyi hesab edir. Yaşasın Ermənistan, yaşasın İran”, “Qafanlılara demək istəyirəm ki, narahat olmasınlar, biz erməni xalqı üçün buradayıq”. Qafandakı baş konsul Mürtəza Abdin Vəramin də vəzifəsinə başlayan kimi “Azərbaycanın Ermənistan ərazisinə hücumu” iddialarına münasibət bildirib və qeyd edib ki, “İran sərhədlərin dəyişikliyinə müdaxilə edəcək”. İran açıq şəkildə Azərbaycana düşmənçilik etdiyini elan edir".

Hazırda Ukrayna torpağında ABŞ-Rusiya müharibəsi gedir" - RAMİYƏ MƏMMƏDOVA

 Ramiyə Məmmədova

Siyasi ekspert Ramiyə Məmmədovanın fikrincə, Ermənistan İranla periodik olaraq bu şəkildə qardaşlaşıb: “Düzdür, onlar həmişə bir-birinə yaxın olublar. Amma son aylarda bu təmaslar Ankara-Bakı gücünə qarşı yönəlib. Yəni bir müddət sonra yenidən əlaqələr bu səviyyədə olmaya bilər. İkincisi, İranla Ermənistan hərbi müttəfiqlik sənədi imzalasa, Rusiya o qədər də buna aqressiv reaksiya verməyəcək, amma ABŞ müsbət qarşılamayacaq. Çünki Vaşinqton İrəvanı KTMT-dən qoparmağa, bölgədə ona təsir edən güclərdən uzaqlaşdırmağa çalışır. Belə şəraitdə Amerika imkan verməz ki, onun düşmən elan etdiyi İranla Ermənistan hərbi müttəfiqliyi yüksəltsinlər. Paşinyan regional qüvvələr arasında manevr etsə də, arxasını Qərbə çevirmiş siyasətçidir.

Ona görə İran Ermənistanı silahlandıra bilər, amma yeni bir sənəd gözləmirəm. Rusiya da iki hərbi bazası Ermənistanda olan bir dövlət kimi İrana macal verməyəcək ki, Tehranın İrəvana təsirləri hərbi cəhətdən güclənsin. Lakin bütün bunlar xoş gedişat deyil, erməni ordusunu yenidən reanimasiya etmək cəhdləri, bölgədə müharibəyə şərait yaradacaq hərəkətlərdir".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR