İnsanlara hürriyət, millətlərə istiqlal!

“İran iki həftəyə nüvə silahına sahib olacaq” iddiası - təhlükə cənub qapımızda

Ekspertlər deyir ki, Tehran nüvə başlıqlarına sahib olarsa, bu, regionda böyük fəlakətlərə gətirib çıxaracaq

Pentaqon İranın iki həftədən az müddətdə nüvə qurğusu yaratmaq üçün kifayət qədər resursunun olduğunu bildirib. Pentaqonun hesabatına görə, Tehran rejimi nüvə silahına ehtiyacı olduğuna qərar verərsə, bunun üçün iki həftədən çox vaxt lazım olmayacaq. “İranın yaxın gələcəkdə nüvə silahı proqramı həyata keçirəcəyi güman edilmir, lakin iki həftədən az müddətdə nüvə silahı yaratmaq üçün kifayət qədər material istehsal etmək qabiliyyətinə malikdir”, - Pentaqon bildirib.

Yada salaq ki, bu ilin mart ayında İran rəsmi olaraq bəyan edib ki, səs sürətindən 8 dəfə daha sürətli uçmağa qadir olan “hipersəsli ballistik raketi uğurla sınaqdan keçirib.

İranın öz uran ehtiyatlarını 90%-ə qədər zənginləşdirmək və ballistik raketlər üçün nüvə başlığı əldə etməsi üçün bir neçə həftə vaxt lazım olduğu haqda xəbərdarlıqlar yeni deyil. İran rəsmiləri və din xadimləri nüvə silahının İslama zidd olduğunu vurğulasalar da, uranı zənginləşdirməklə məşğuldurlar. Məqsəd nüvə silahına yiyələnməkdir. İran nüvə silahı əldə etdikdən sonra bu ölkə ilə müharibə hamı üçün təhlükəli olacaq.

İranın nüvə silahına yiyələnməsi Azərbaycanın maraqlarına ziddir. Aydındır ki, nüvə silahına yiyələnmək kimi planımız yoxdur. Buna baxmayaraq, İran nüvə silahı əldə edərsə, təhlükəsizlik təminatımızın artırılması barədə ciddi düşünməli olacağıq.

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov cənub qonşumuzun regionda sabitliyi pozmağa xidmət edən siyasət yürütdüyünü qeyd etdi:

1623403775_1623401844_990.png (171 KB)

“Son illərdə İranın nüvə silahı istehsal etməyə yaxın olması ilə bağlı  çoxsaylı çağırışlar edilir. Bütün səviyyələrdən olan çıxışlarda İran kimi bir dövlətin nüvə silahına sahiblənməsinin tək region üçün deyil, sivil dünya üçün böyük bir təhlükə olduğu qeyd olunur. İranın nüvə silahına yiyələnməsinə bu cür münasibətin səbəbləri hamıya bəllidir. Heç kim regionda ikinci Şimali Koreyanın olmasını istəmir.

Əgər İran nüvə silahına sahiblənərsə, bu, regiondakı geosiyasətin kökündən dəyişməsinə gətirib çıxara bilər. Hesab edirəm ki, Amerika Birləşmiş Ştatları, Yaxın Şərqdə onun ən yaxın müttəfiqi İsrail və Avropa Birliyi bunun fərqindədir. İran onsuz da çoxdandır yaxın ətrafındakı ölkələrlə bu və ya digər formada təhdid və xüsusilə Azərbaycanla təhdid dilində danışır. Təsəvvür etmək çətin deyil ki, bu ölkə nüvə silahına və bu silahları 1500 km məsafəyə daşıya biləcək sürətli raketlərə sahib olduqdan sonra necə davranacaq. Odur ki, dünya birliyi bu məsələdə bir araya gəlib problemin həlli yolları üzərində ciddi düşünməlidir. İran kimi molla rejimli bir ölkənin nüvə silahına sahiblənməsinə yol vermək olmaz. İran bu gün regionda sabitliyin yaranmasını dildə istəsə də, sözdə regionda sabitliyi pozmağa xidmət edən əməllərlə məşğuldur. Otuz ildir Qarabağdakı erməni separatistlərinə silah-sursat, yanacaq və s. ötürən İran rejimi əslində regionda odun üzərinə yanan maddə tökməklə onu qızışdırırdı. Azərbaycanın ərazi bütövlüyünü sözdə bəyənən İran işdə ərazi bütövlüyümüzə təhlükə yaradanlara yardım edirdi. Qonşuları ilə bu qədər anormal davranan ölkənin atom silahı olarsa, görün nələr edər".

Niyaməddin Orduxanlı - Publika.Az

Niyaməddin Orduxanlı 

BAXCP sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı burada Amerikanı tam haqlı görür: “İran molla rejimi hər zaman Azərbaycanı özü üçün çox böyük təhlükə hesab edib. Şimali Azərbaycan öz müstəqilliyini qazandığı ilk gündən bu günə kimi bu belədir. İran nüvə dövlətinə çevrilərsə, nəinki region üçün, bütövlükdə bəşəriyyət üçün ciddi təhlükədir. Çünki İran terror dövlətidir. İran terror təşkilatlarına hərtərəfli dəstək olur. Heç kim inanmır ki, İran kimyəvi silahlara nəzarət üzrə beynəlxalq öhdəliklərə əməl edəcək. Bu baxımdan, Birləşmiş Ştatlar tam haqlıdır. Heç kimdə şübhə yoxdur ki, İran nüvə silahına tam sahib olandan sonra molla rejiminin uzun ömürlü olması üçün bundan yararlanmasın, qonşu dövlətləri təhdid etməsin. İranın nüvə silahı əldə etməsi Azərbaycan üçün də təhlükədir. Əlbəttə, Azərbaycan nüvə dövlətinə çevrilmək niyyətində deyil. Ancaq İranın təhdidlərinin qarşısının alınması üçün Azərbaycan bütün gücü ilə qardaş Türkiyəyə böyük dəstək verməlidir. Bizim partiya uzun müddətdir ki, Türkiyənin nüvə dövlətinə çevrilməsinin vacib olduğunu qeyd edir. Bunun üçün nüvə dövləti olan qonşu Rusiya ilə yaxından əməkdaşlıq olunmalıdır. Putini razı sala bilsək, dəstəyini qazansaq, o zaman Türkiyə nüvə dövlətinə çevrilə bilər. Türkiyənin nüvə dövləti olması, elə Azərbaycanın da nüvə dövləti olması deməkdir”.

Şeirlər - Tural TURAN | Edebiyyatqazeti.az

Tural Turan 

Politoloq Tural Turan isə bildirdi ki, İran artıq nüvə silahına sahib olmaq üçün “qırmızı düymə”yə basıb: “Əgər Tehran nüvə başlıqlarına sahib olarsa, bu, regionda böyük fəlakətlərə gətirib çıxaracaq. Eyni zamanda regionda güc balansı da pozulacaq. Hazırda Türkiyə və İran aşağı-yuxarı eyni balansa sahibdir. Bu da regional müstəvidə müəyyən qədər balansı qoruyur. İranın nüvə dövlətinə çevrilməsi isə başda Azərbaycan və Türkiyə olmaqla, bütün region ölkələri üçün ciddi təhdidə çevriləcək. Bu təhdid Türk dünyası və türk birliyi üçün də keçərlidir. Fars-molla rejimi çoxdandır ki, Türkmənistanın cənub rayonlarına iddia edir. İran nüvə dövlətinə çevriləcəyi halda bu arzusunu da gerçəkləşdirmək üçün tələsəcək. Üstəlik, Əfqanıstanın İranla sərhəd bölgəsinin işğalını da Tehran daha asan reallaşdıra bilər. Qardaş Türkiyənin İraq və Suriyada apardığı antiterror əməliyyatları üçün böyük təhlükə yaranacaq. Ona görə də MAQATE bu işin üzərinə ciddi şəkildə düşməlidir. Tehranla nüvə sahəsində danışıqlar bərpa olunmalıdır. Əgər Tehran uranın zənginləşdirilməsi əleyhinə olan danışıqlardan imtina edərsə, o zaman ABŞ və digər güclər daha sərt addımlar atmalıdırlar.

Bu vaxta qədər Azərbaycan İrana müdaxilənin əleyhinə olub. Artıq bölgədə yeni geosiyasi vəziyyət mövcuddur. Şərtlər də əvvəlki deyil. Çünki İranın nüvə dövlətinə çevrilməsi Azərbaycanın həm daxili, həm də geosiyasi maraqları üçün ciddi təhdiddir. Üstəlik, İran nüvə dövləti kimi Ermənistana da ciddi dəstək olacaq və Zəngəzur dəhlizinin reallaşmaması üçün əlindən gələni edəcək. Belə olan halda Azərbaycan və Türkiyə, eləcə də Türkmənistan bu istiqamətdə daha sərt mövqe ortaya qoymalıdır. Hələlik bu istiqamətdə balansı nisbətən qoruya biləcək Pakistan var. Çünki Pakistan nüvə dövləti olmaqla yanaşı, həm də İranın şərq qonşusudur. Azərbaycanla və Türkiyə ilə dost Pakistan dövlətinin hazırkı əlaqələri də göz önündədir.

Buna baxmayaraq, Tehran nüvə dövləti olmaq istiqamətində həlledici addımı atarsa, o zaman İranın maliyyələşdirdiyi terror qruplaşmaları bölgədə “at oynadacaqlar”. Hətta İran heç bir xarici təhdidlərdən çəkinməyərək öz daxilində də etnik təmizləmələr apara bilər. Azərbaycan türklərinin, bəlucların cənub sərhədlərinə doğru deportasiyasını da gerçəkləşdirməsi də mümkündür. Bu plan hələ 1950-ci illərdən ETTALAT-ın masasının üzərindədir. Bir sözlə, Qərbdən gələn həyəcanlı açıqlamalar növbəti periodda İranın daha sərt təpkilərlə üzləşəcəyinin anonsudur. Çox güman ki, dekabra qədər İranı növbəti sərt sanksiyalar paketi gözləyəcək. Əgər vəziyyət dəyişməsə və İran ABŞ-ın istəklərindən kənar oyun qursa, o zaman cənub qonşumuz hərbi müdaxiləni, “İranı nüvəsizləşdirmə əməliyyatlarını” da gözdən keçirməlidir".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR