Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, İran parlamenti dünya enerji sistemini sarsıdacaq qərarın ilk addımını atıb: Hörmüz boğazının bağlanması ilə bağlı qanun layihəsini təsdiqləyib.
Qərarın yekunlaşdırılması üçün Ali Lider Əli Xameneinin razılığı gözlənilir. Bu addım baş verərsə, dünya enerji tədarükündə böyük fırtına baş qaldıra bilər.
Çünki Hörmüz boğazı sadəcə bir dəniz keçidi deyil – o, dünya enerji təhlükəsizliyinin şah damarıdır. Günümüzdə dünya üzrə satılan neftin təxminən 20 faizi bu dar boğazdan keçir. Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt, Qətər və İraq kimi Körfəz ölkələrinin neft və qazı məhz buradan qlobal bazarlara çıxarılır. Boğaz bağlansa, bir neçə gün içində dünya birjalarında enerji qiymətlərinin rekord həddə qalxacağı ehtimal olunur. Artıq “Brent” markalı neftin qiyməti 10 faiz artaraq 77 dollara çatıb.
1980-ci illərdə İran-İraq müharibəsi zamanı tərəflər arasında baş verən “Tanker müharibəsi” Körfəzdə neft ticarətinə ağır zərbələr vurmuşdu. İraq İran tankerlərini, İran isə Səudiyyə və Küveytə məxsus neft gəmilərini hədəf alırdı. ABŞ isə Küveytin çağırışı ilə “Earnest Will” əməliyyatı çərçivəsində bölgəyə dəniz donanmasını göndərmişdi. Həmin dövrdə ABŞ donanmasının səhvən vurduğu “Iran Air 655” sərnişin təyyarəsində 290 nəfər həlak olmuşdu.
2007-ci ildə də boğaz ətrafında İran və ABŞ arasında atışmalar baş vermiş, lakin qısa müddətdə sakitləşmişdi. 2023-cü ilin aprelində isə İran ordusu Amerikanın “Chevron” şirkətinə məxsus “Advantage Sweet” tankerini ələ keçirmişdi. Bu hadisə də uzun müddət Körfəzdə gərginliyə səbəb olmuşdu.
Çünki ABŞ donanması və Qərb gücləri bu addımı regiona qarşı təhdid kimi qəbul edəcək və dərhal cavab tədbirləri görəcək. Eyni zamanda, İranın boğazı tam şəkildə bağlaması üçün təxminən 55 kilometrlik dəniz sahəsinə mina döşəməsi və çoxsaylı hərbi texnika yerləşdirməsi tələb olunur. Bu isə sadəcə hərbi yox, həm də diplomatik intihar ola bilər.
Lakin istisna deyil ki, Tehran sadəcə bu məsələni gündəmdə saxlamaqla Qərbə və İsrailə psixoloji təzyiq göstərməyə, həm də neft qiymətlərini manipulyasiya etməyə çalışır. Belə bir addım, paralel şəkildə nüvə proqramı ətrafındakı gərginlik fonunda İranın “müdafiə strategiyası” kimi təqdim olunur.
Bütün hallarda, Hörmüz boğazı ətrafında vəziyyət son onilliklərin ən gərgin mərhələsinə daxil olub. İran addım atsa, bölgə yeni və daha təhlükəli müharibə fazasına keçə bilər.
Musavat.com
22 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ