İnsanlara hürriyət, millətlərə istiqlal!

İran ətrafında çənbər daralır - Tanınmış politoloqdan şok proqnoz

“Bir az da gözləyin, İran ətrafında çox maraqlı və irimiqyaslı hadisələr cərəyan edəcək”. Bunu tanınmış rusiyalı politoloq, hazırda xaricdə yaşayan Andrey Piontkovski deyib. Politoloq qeyd edib ki, son zamanlar Türkiyə ilə İsrail arasında münasibətlərdə soyuqluq müşahidə olunsa da, hazırda bu ölkələrin bütün səviyyələrdə yaxınlaşması sürətli xarakter alıb.

“Bir neçə gün əvvəl İsrailin yüksək səviyyəli generalları, müdafiə naziri Bakıda maraqlı səfərdə olublar, orada Türkiyədən və Azərbaycandan olan həmkarları ilə görüşüblər. Mən vəziyyəti bir qədər qeyri-müəyyən təsvir edəcəyəm və bunu deyəcəyəm: İran ətrafında çox ciddi hadisələr hazırlanır. Belə görünür, Tehran öhdəsindən gələ bilməyəcəyi problemlərlə üzləşmək üzrədir”, - deyə o qeyd edib.

Buradaca yada salaq ki, oktyabrın 3-də İsrailin müdafiə naziri Benni Qantz İsrail Müdafiə Qüvvələrinin yüksək rütbəli generallarından ibarət nümayəndə heyətinin müşayiəti ilə Bakıya səfər edib. Onun ardınca oktyabrın 4-də Türkiyənin müdafiə naziri Hulusi Akar bir neçə ordu komandirinin müşayiəti ilə Azərbaycanın paytaxtına gəlib. Və həmin gün Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin rəhbəri Bakıya uçub. Özü də Yaxın Şərqdə anti-İran oxunun üç aparıcı ölkəsinin hərbi-diplomatik nümayəndə heyətləri Tehranın Azərbaycana qarşı təhdidlərinin güclənməsi ilə demək olar ki, eyni vaxtda Bakıya səfər ediblər. Bilindiyi kimi, İsrail, Türkiyə və Səudiyyə Ərəbistanı nümayəndə heyətlərinin Bakıda bir-biri ilə görüşməsi ilə bağlı rəsmi məlumat yoxdur. Amma Andrey Piontkovski məlumatın mənbəyini açıqlamadan bu görüşlərin baş tutduğunu israr edir (Haqqin az.)

İrana nüvə silahı əldə etməsinə imkan verməyəcəyik”-İsrail müdafiə naziri Benni  Qantz

Benni Qantz 

Ekspertin insayder məlumatlarına çıxışı olduğu güman edilir. Piontkovskinin sözlərinə görə, İran iki ciddi problemlə üzləşib: “Birincisi, qadın haqları uğrunda genişmiqyaslı etiraz aksiyaları, ikincisi, Cənubi Azərbaycanda İslam Respublikası əhalisinin iyirmi beş faizini təşkil edən etnik azərbaycanlıların problemi”. Politoloq İsrailin “Kanal 24" telekanalına müsahibəsində bildirib: ”İran Azərbaycanı keçmiş sovet Azərbaycanı ilə Türkiyənin faktiki birləşməsini diqqətlə izləyir. “Bir millət - iki dövlət” prinsipi. Yəni deyə bilərik ki, İran Azərbaycanı heç də doğma Türkiyə-Azərbaycan “limanı”na qayıtmağa qarşı deyil. Və bu, baş verərsə, teokratik İran bütün cinayətlərinə görə tam cavab verəcək".

Bu arada Prezident Co Bayden ABŞ-ın tezliklə “İranı azad edəcəyini” deyib və əlavə edib ki, bu ölkənin sakinləri “özlərini azad edəcək”.

AZƏRTAC xəbər verir ki, Birləşmiş Ştatların lideri bu fikri cümə axşamı Kaliforniyada Demokratlar Partiyasının yerli namizədinə dəstək üçün keçirilən seçki kampaniyasında çıxışı zamanı səsləndirib. Co Baydenin çıxışı C-Span telekanalı tərəfindən canlı yayımlanıb.

ABŞ prezidenti amerikalı veteranlarına göstərilən səhiyyə xidməti ilə bağlı vəziyyətdən danışarkən gözlənilmədən zaldakı qonaqlardan birinin İran mövzusuna toxunmaq çağırışına cavab verib. “Narahat olmayın, biz İranı azad edəcəyik. Onlar özlərini tezliklə azad edəcəklər”, - deyə Cozef Bayden bildirib. Bu sözlər zalda əyləşən insanların alqışları ilə müşayiət olunub.

İmran Xan xarici və təhlükəsizlik siyasətinə görə hədəf götürülüb" - Elxan  Şahinoğlu

Elxan Şahinoğlu: “Rejim asanlıqla təslim olmayacaq, ancaq...”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu cənub qonşumuza verilən layiqli cavabları bu cür sadaladı: “Azərbaycan-İran münasibətləri gərginləşib. Münasibətlər elə bir vəziyyətdədir ki, normal münasibətləri bərpa etmək çətin olacaq. Tehran Azərbaycanla münasibətlərdə bütün qırmızı cizgiləri aşdı, bu ölkənin rəsmilərinin, diplomatlarının, deputatlarının və hərbçilərinin Azərbaycan əleyhinə davamlı açıqlamaları, sərhəddə hərbi təlimlər, qonşu ölkənin kəşfiyyat strukturlarının Azərbaycan ərazisində artan fəallığı və digər faktlar iki ölkə arasındakı münasibətlərdə dərin problemlər yaratdı. Rəsmi Bakı Tehranın bu siyasətini cavabsız qoymadı. Birincisi, prezident İlham Əliyev dedi ki, ”Azərbaycandan kənarda yaşayan azərbaycanlıların taleyi diqqət mərkəzimizdədir". İlham Əliyev İranda yaşayan azərbaycanlıları nəzərdə tuturdu. Bundan sonra İranın Azərbaycan şəhərlərində mitnqlərə çıxanlar əllərində Azərbaycanın bayrağını və İlham Əliyevin şəkillərini tutublar. İkincisi, azərbaycanlı deputatlar İranın siyasətini tənqid etməyə başladılar. Halbuki keçmiş illərdə Azərbaycan parlamentində İranın sərt tənqid olunması doğru sayılmırdı. Ancaq İran parlamentinin deputatları Azərbaycan əleyhinə müxtəlif fikirlər səsləndirdiklərinə görə Azərbaycan deputatları da İranın siyasəti ilə bağlı sərt cavablar verməyə başladılar. Üçüncüsü, Azərbaycanda Güney Azərbaycan mövzusu aktuallaşdı. Güney Azərbaycan İranın şimal ərazisidir. Güney Azərbaycan şəhərlərində Tehranın siyasətinə qarşı mitinqlər keçirilir. Azərbaycan Dövlət Televiziya kanalında Güney Azərbaycan mövzusunda reportajlar yayımlanmağa başlayıb. Əvvəllər belə reportajlar olmurdu. Dördüncüsü, Azərbaycan ərazisində İran kəşfiyyatına bağlı şəxslər həbs olundu. Həbs olunan şəxslərin Azərbaycan ərazisində terror aksiyaları planlaşdırdıqları bildirildi. Beləliklə, iki ölkə arasındakı vəziyyət getdikcə gərginləşir. Bu gərginliyi iki ölkə rəsmilərinin və diplomatlarının təmasları da azaltmır. Çünki bu görüşlərdən və telefon danışıqlarından sonra İrandan Azərbaycan əleyhinə yenə açıqlamalar verilir və vəziyyət yenidən gərginləşir".

Mərkəz rəhbəri yalnız belə olan halda İranla münasibətlərin normallaşmasını mümkün sayır: “Münasibətlərin normallaşması İranda siyasi sistemin tranformasiyasından asılıdır. Tehranın xarici, o cümlədən təhlükəsizlik siyasətində köklü dəyişikliklər baş verməyənə qədər iki ölkə arasındakı münasibətlərin normallaşması mümkün deyil. Bu arada Vaşinqtonun Tehranla nüvə anlaşmasına marağı azalıb, danışıqlar dondurulub. Bu, təbiidir. Çünki İran çalxalanır, Vaşinqton hazırkı vəziyyətdə gözləmə mövqeyinə keçərək hadisələrin hansı istiqamətdə inkişafını müşahidə edəcək. Bunu ABŞ prezidenti Co Baydenin ”biz İranı tezliklə azad edəcəyik" açıqlaması da xəbər verir. Ağ Ev sahibi Kaliforniyada çıxışı zamanı deyib ki, İranda hökumət əleyhinə olan nümayişçilər tezliklə azadlıq əldə edəcəklər. ABŞ prezidenti “nümayişçilər tezliklə azadlıq əldə edəcəklər” dedikdə İranda rejim dəyişikliyini nəzərdə tutub. Bu asan başa gəlməyəcək. Rejim asanlıqla təslim olmayacaq, ancaq proses artıq başlayıb, “cin şüşədən çıxıb”. Ağ Ev sahibi “biz İranı azad edəcəyik” dedikdə isə işin içində ABŞ və müttəfiqlərinin də olacağına işarə edir. Bircə Vaşinqton İranda 1950-ci illərin səhvini təkrarlamasın. ABŞ və Böyük Britaniya kəşfiyyatı 1953-cü ildə yerli əlaltıları vasitəsilə İranın ozamankı liberal görüşlü baş naziri Məhəmməd Müssədiqi devirərək şah rejiminin davamına üstünlük verməklə illər sonra dindarların fəallaşmasına və İslam inqilabına şərait yaratdılar".

Təhminə - Kənan Novruzov yazır

Kənan Novruzov: “Aksiyalar uğurla nəticələnə, Cənubi Azərbaycan müstəqil ola bilər”

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov İrandakı rejimin bütün xətləri tapdaladığını bildirdi: “İkinci Qarabağ müharibəsində əldə etdiyimiz tarixi zəfərin Cənubi Azərbaycandakı soydaşlarımızı hərəkətə gətirməsi gözlənilən idi. İranın 30 il ərzində Ermənistanı davamlı dəstəkləməsi oradakı soydaşlarımız kimi türk dünyasını ciddi narahat edirdi. Çünki İran nə qonşuluğa, nə də müsəlmanlığa uyğun davranır. Bu mənada hazırkı hadisələr təəccüblü deyil. Rəsmi Tehran isə kifayət qədər çox səhvə yol verir. Ermənistanla əlaqələrin gücləndirilməsi güneyli soydaşlarımızın reaksiyasına səbəb oldu. Həmçinin İranın Araz boyunca hərbi təlimlər keçməsi bu dövlətin növbəti ciddi səhvi oldu.

Beləliklə, molla rejimi bütün “qırmızı xət”ləri keçib. İsrail və Türkiyə müdafiə nazirlərinin ard-arda ölkəmizə səfəri göstərdi ki, dost və müttəfiq dövlətlər də İranın son hərəkətlərindən narahatdırlar. Müdafiə nazirlərinin Azərbaycana gəlməsi, əlbəttə, İrana ciddi mesaj idi. İranda hicab taxmadığına görə gənc qızın öldürülməsi proseslərə təkan verdi. Böyük şəhərlərdə aksiyalar davam edir. Milli azadlıq hərəkatı özünü aydın göstərir. Proses uğurla gedir. Güneyli soydaşlarımızın səsləndirdiyi şüarlar göstərir ki, aksiyalar milli dava səciyyəsi daşıyır. Beynəlxalq güc mərkəzləri bu proseslərə xüsusi diqqət yetirir. Məsələn, ABŞ Prezidenti Cozef Bayden bildirib ki, İran azad olacaq. Fikrimcə, bu bəyanatın verilməsi təsadüfi deyil. İran özü-özünü küncə sıxışdırıb".

Ekspert onu da qeyd etdi ki, İranın nüvə sazişindən kənara çıxması ABŞ və İsraili daha da hiddətləndirib: “Cənub sərhədimizdə Xüsusi Təyinatlı Qüvvələrimizin keçdiyi təlimlər güneyli soydaşlarımızı daha da ruhlandırır. Fikrimcə, İrandakı aksiyaların miqyası daha da artacaq. Artıq hiss olunur ki, etirazlar mütəşəkkildir. Mitinqlərin motivi, aksiyaların daha çox gecələr keçilməsi bunu göstərir. Xaricdəki soydaşlarımızın münasibətləri də hərəkatın yaxın vaxtlarda başa çatmayacağının, əksinə, tədricən güclənəcəyininin təzahürüdür. Hazırkı aksiyalar texnoloji baxımdan ”rəngli inqilabları" xatırladır. Düşünürəm ki, aksiyalar kütləviləşsə, uğurla nəticələnə, Cənubi Azərbaycan müstəqil ola bilər. Beynəlxalq şərait də buna imkan verir".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR