Onlayn ictimai-siyasi qəzet
Namizədlərdən biri son anda geri çəkildi; azərbaycanlılar 100 il sonra hakimiyyətə gələ bilər
Bu gün İranda prezident seçkisidir. İranda prezident seçkisi yerli vaxtla 08:00-da başlanacaq.
İranda prezidentliyə 6 namizəddən 1-i, parlament sədrinin keçmiş müavini Seyid Əmir Hüseyin Qazizadə Haşimi seçkilərdən geri çəkildiyini bəyan edib.
Haşimi X-dakı səhifəsində namizədliyini geri götürdüyünü yazıb.
“İnqilab qüvvələrinin birliyini qorumaq üçün və İslam İnqilabı Qüvvələrinin Koalisiya Şurasının (İranda mühafizəkar partiyalar koalisiyası), eləcə də bəzi üləma və rəğbətli şəxslərin tələbinə cavab olaraq, namizədlikdən imtina etdim. Ümid edirəm ki, digər üç qardaşım fürsətdən istifadə edərək hərəkat inqilabını birləşdirib gücləndirəcəklər”.
Qazizadə Haşiminin sözlərinə görə, indi onun vəzifəsi “ölkənin maraqlarını qorumaqdır”.
Beləliklə, bu gün keçiriləcək seçkidə 5 namizəd qalıb:
Mustafa Purməhəmmədi - prokuror və keçmiş ədliyyə naziri;
Məsud Pezeşkian - parlamentin deputatı, keçmiş səhiyyə naziri;
Əlirza Zakani - Tehran meri;
Səid Cəlili - İran ali rəhbərinin Təhlükəsizlik Şurasındakı nümayəndəsi;
Məhəmməd Baqir Qalibaf - parlamentin hazırkı sədri;
Agentliklərin apardığı sorğulara əsasən, Pezeşkiyan 24,4 faizlə birinci olub. Mühafizəkar Səid Celili isə 24 faizlə ikinci yerdədir. Əvvəlki bir sorğularda ön sıralarda olan Məhəmməd Bağır Qalibaf 14,7 faizlə üçüncü olub.
İran prezidentliyinə namizəd Məsud Pezeşkianın reytinq cədvəlində önə keçməsi hakimiyyəti, mühafizəkar siyasi cərəyan və fars milliyyətçiləri ilə yanaşı Tehran rejiminə müxalifətdə olanları da narahat edib. Bununla bağlı Tehrana müxalif təşkilatların mətbu orqanlarında materiallar dərc olunur. (Axar.az)
Belə ki, İran Xalq Mücahidləri Təşkilatı və ölkədə şahlıq üsul-idarəsinin bərpasını tələb edən təşkilatlar digər namizədlərdən fərqli olaraq, repressiyalarda əli olmayan türk namizədə qarşı geniş təbliğat kampaniyası başladıb. Xüsusən iyunun 26-sı axşam saatlarında Məsud Pezeşkianın Təbrizə gəlməsi, azərbaycanlıların onu türkcə şüarlarla qarşılamasından sonra bu antitəbliğat kampaniyaları daha da genişlənib. Onlar Keşikçilər Şurasının (Konstitusiyaya Nəzarət Şurası) Məsud Pezeşkianın namizədliyini təsdiq etməsini səhv adlandıraraq, burada qaranlıq məqamların olduğunu bildiriblər.
Həmin təşkilat və siyasi qruplaşmaların bir neçəsi birbaşa və dolayı yolla Məsud Pezeşkianın qələbəsinin qarşısını almaq üçün namizədlərin bir namizədin xeyrinə geri çəkilməsini təklif ediblər. Qeyd olunan siyasi cərəyanlar və hakimiyyətə bağlı bir sıra media orqanlarında “100 illik fasilədən sonra türklər hakimiyyətə qayıda bilər!” məzmunlu xəbərdarlıq mahiyyətli materiallar paylaşıblar.
Tehran rejiminə müxalifətdə olan həmin siyasi qruplaşmalarla hakimiyyətin radikal mühafizəkar qanadının mövqeyi üst-üstə düşdüyü üçün İran mediası da az dəyişikliklə qeyd olunan tələbləri əks etdirir.
Bəzi müstəqil və tərəfsiz siyasi ekspertlər bunu “üç fərqli qütbün türklərə qarşı məcburi birliyi” kimi dəyərləndirirlər.
Qeyd edək ki, 1925-ci ildə ingilislərin dəstəyi ilə Əhməd şah Qacarı devirərək, hakimiyyətə gələn Pəhləvi fars millətçiliyini dövlətin əsas siyasətinə çevirmişdir.
Xatırladaq ki, İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğraması nəticəsində azı 8 nəfər həyatını itirib. Helikopterin göyərtəsində onunla yanaşı, xarici işlər naziri Hüseyin Əmir Abdullahiyan, Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rahmati və Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşim və İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Mehdi Musəvi də olub.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ