İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan Bakıya “Putinin imzası” mesajı

Moskva 5 il əvvəl imzalanan, artıq qüvvəsini itirən 10 noyabr sənədindən əl çəkmir - Kremlin məkrli niyyəti

Rusiyan bu ilin noyabrında 5 ili tamam olacaq Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli sənədinə istinad etməkdən əl çəkmir. Xüsusilə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova dəfələrlə deyib ki, “2020-ci ilin üçtərəfli razılaşmaları aktual olaraq qalır, tərəflərdən heç biri imzasını geri götürməyib”. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin də deyib ki, sülh sazişinin əsas istiqamətləri 10 noyabr üçtərəfli sazişlərində əksini tapıb. Nazir müavini deyib ki, razılaşma regionda kommunikasiyaların açılmasında və sərhədlərin müəyyənləşməsində Rusiyanın iştirakını nəzərdə tutur.

Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən quru əlaqəsi olan Zəngəzur dəhlizi ideyası ilk dəfə məhz üçtərəfli bəyanatda əks olunurdu, Rusiya sərhədçiləri bu yolun təhlükəsizliyini təmin etməli idi. Amma Rusiya bu 5 ildə Zəngəzur dəhlizi məsələsində bir addım belə irəliləyə bilmədi.

Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin də erməni mediasına son müsahibəsində ölkəsinin “Tramp yolu” və ya Zəngəzur dəhlizi ilə bağlı məsələyə özünəməxsus formada yanaşıb: ""Tramp yolu" adlanan marşrutla bağlı Rusiyanın mövqeyi bu nəqliyyat layihəsinin necə həyata keçiriləcəyi barədə ətraflı məlumat əldə etdikdən sonra formalaşacaq. Bildiyimizə görə, iş yeni başlayır. Yük və sərnişinlərin tranzit rejimləri və hərəkət təhlükəsizliyi ilə bağlı təfərrüatlar razılaşdırılmalıdır. Bölgədə nəqliyyat əlaqələrinin bərpası səyləri ikitərəfli sənədlər əsasında Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü, eləcə də Ermənistan-İran sərhədində Rusiya sərhədçilərinin mövcudluğu ilə bağlı şəraitin nəzərə alınmasını tələb edəcək. Onu da əlavə etmək istərdim ki, Rusiya tərəfi həm erməni tərəfdaşları, həm digər maraqlı tərəflərlə, həm də İranla bu məsələlərlə bağlı məsləhətləşmələrə açıqdır".

Səfir onu da bildirib ki, 2020-2022-ci ildə imzalanmış üçtərəfli sazişlər qüvvəsini itirməyib: “Ermənistan-Azərbaycan barışıq prosesinin əsasını ölkəmiz və prezident Vladimir Putin şəxsən qoyub. Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020-2022-ci illərdə imzalanmış üçtərəfli sazişlər nəinki qan tökülməsini dayandırdı, həm də İrəvanla Bakı arasında münasibətlərin normallaşmasının əsas istiqamətlərini müəyyən etdi”.

Rusiya rəsmilərinin 10 noyabr sənədini israrla önə çəkməsi nə deməkdir?

Azərbaycan Milli İstiqlal Partiyasının Sədri - Azərbaycan Milli İstiqlal  Partiyası

Arzuxan Əlizadə

Deputat Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, Rusiyanın israr etməsi Zəngəzur dəhlizi ilə əlaqədardır. “Kopırkin əslində dəhlizə nəzarətdə Rusiyanın payı olduğunu demək istəyib. Xüsusən də vurğulayır ki, İran-Ermənistan sərhədində rus hərbçilər var, Gümrüdəki bazanın ləğvinə ehtiyac yoxdur və sair. Bütün bunlar ona hesablanıb ki, Rusiya dəhlizə nəzarət istəyindən geri çəkilmir. Amma Paşinyan bəyan edib ki, 10 noyabr sənədi qüvvəsini itirib və 8 avqustda imzalanan sazişlə Bakı ilə İrəvan arasında münasibətlər tənzimlənəcək”.

Deputatın sözlərinə görə, səfir Kopırkin bildirmək istəyir ki, Rusiya dəhlizə nəzarətlə bağlı tutduğu mövqeyi hələ də davam etdirəcək: “Moskvanın İrəvana təsir imkanları kifayət qədər böyükdür deyə müdaxilə etməyə çalışacaq. Amma Paşinyan Rusiyaya seçkiqabağı reveranslar edir, Moskvaya gedir, təzyiqləri neytrallaşdırmağa çalışır. Düşünürəm ki, seçkidən sonra Rusiyanın Ermənistanda təsirlərinin azaldılması istiqamətində addımlar atılacağını gözləmək olar. Xüsusən də Azərbaycan və Türkiyənin yürütdüyü siyasət İrəvana stimul olacaq. Çünki Rusiyanın Cənubi Qafqazda yalnız Ermənistan üzərindən təsir etmək imkanları qalıb, Azərbaycanda təzyiq rıçaqları yoxdur”.

Politoloq Züriyə Qarayeva “Yeni TV”nin CANLI YAYIMINDA

Züriyə Qarayeva 

Siyasi şərhçi Züriyə Qarayeva isə Rusiyanın yeganə istinad nöqtəsinin üçtərəfli sənəd olduğunu bildirdi. Onun sözlərinə görə, Bakı və İrəvan Moskvanın əlindən bu arqumenti ala bilər: “Vaşinqton razılaşması yekun sülh müqaviləsi üçün ən ali sazişdir. 10 noyabrda imzalanan isə bəyanatdır. Üstəlik, ratifikasiya olunmayıb. Ona görə də son anlaşmalara rəğmən Azərbaycan və Ermənistan rəsmi şəkildə elan edə bilər ki, 10 noyabr sənədindən çıxırlar və onu qüvvədən düşmüş elan edirlər. Bu da Rusiyanı fakt qarşısında qoyacaq və heç bir bəhanəsi qalmayacaq. Onsuz da həmin sənədin müddəalarını nə Moskva, nə İrəvan icra etdi. Sadəcə, 9-cu bənd var, Rusiya üçün ən mühüm hissədir. Bu da dəhlizə nəzarətin Rusiyada olmasıdır”.

Ekspert hesab edir ki, bu məsələ də qapanıb: “Paşinyan və Tramp razılaşdırıb ki, dəhliz 99 il müddətinə ABŞ şirkətinə icarəyə verilsin. Ona görə Ermənistan üçtərəfli sazişin 9-cu bəndindən imtina etdiyini rəsmi şəkildə açıqlamalıdır. Azərbaycan da buna etiraz etmir və "Tramp marşrutu"nun açılmasını dəstəkləyir. Ona görə də bir müddət sonra hər iki tərəfin 10 noyabr sənədinin qüvvədən düşdüyünü bəyan edəcəyini gözləyirəm. Sadəcə, Ermənistan həssas dönəmdədir. Paşinyan seçkidən qələbəni təmin etdikdən sonra növbəti addımları atacaq. Həmçinin Azərbaycanla Rusiyanın münasibətləri soyuq və qeyri-müəyyəndir. Odur ki, indi radikal qərar verməyə tələsmirlər. Ancaq Rusiya getdikcə Cənubi Qafqazda təsir imkanlarını itirir. Bundan sonra 10 noyabr razılaşmasına qayıdış olmayacaq. Düşünmürəm ki, Rusiyada yenə üçtərəfli görüşlər olacaq. Artıq Kreml bu şansı əldən verib. İndi onun israrını əlindən almaq üçün 10 noyabr sənədinin Minsk Qrupunun taleyini yaşaması lazımdır".

Yada salaq ki, avqustun 29-da Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının qüvvədən düşdüyünü bildirib. Paşinyan deyib ki, noyabrın 10-na qayıtmağa ehtiyac yoxdur: “10 noyabr 10 noyabrda qaldı”.

Eyni gündə Moskvadan Paşinyana cavab verilib. “Bu, sadəcə, bir ifadədir və eyni şeyi baş nazirin öz bəyanatı haqqında da demək olar”, - Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Nikol Paşinyanın 9 noyabrın keçmişdə qalması ilə bağlı bəyanatını şərh edərkən belə deyib. Zaxarova brifinq zamanı vurğulayıb ki, 2020-2022-ci illər üçün üçtərəfli sazişlər aktuallığını qoruyur, heç bir tərəf onlardan geri çəkilməyib və bununla bağlı sənədlər öz qüvvəsini itirməyib.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR