Onlayn ictimai-siyasi qəzet
Qazaxıstan daha üç ədəd AES tikmək niyyətindədir. Modern.az xəbər verir ki, bu barədə Atom Enerjisi Agentliyinin sədri Əlmasadam Satkaliyev bildirib. Onun sözlərinə görə, iki AES Almatı vilayətində, daha biri isə Qərbi Qazaxıstanda, Xəzər dənizinin sahilində tikilə bilər: "Qazaxıstan Xəzər sahilini kiçik və orta gücə malik reaktorlara malik atom elektrik stansiyasının tikintisi üçün potensial yer kimi nəzərdən keçirir".
Prezident İlham Əliyev ötən ilin dekabrında “Rossiya Seqodnya”nın baş direktoru Dmitri Kiselyova müsahibəsində bildirmişdi ki, Azərbaycanın qaz və qaz-kondensat ehtiyatları zəngindir və 25 milyard kubmetr ixrac həcmi ilə ölkəmiz əlavə enerji mənbələrinə ehtiyac duymur: “Üstəlik, Qarabağda və Şərqi Zəngəzurda son üç ildə təxminən 300 meqavatlıq kiçik SES-lərin yaradılması layihələrini artıq həyata keçirmişik və iki ildən sonra bu, 500-ə çatacaq. Xəzərdə isə külək enerjisi ehtiyatları 157 min meqavatdır. 2030-cu ilə qədər artıq imzalanmış müqavilələr və indi yerinə yetirilənlər bizə 6 min meqavat verəcək”.
Qeyd edək ki, 1980-ci ildə Bakıdan 90 km cənub-şərqdə yerləşən Nəvai qəsəbəsində layihə gücü təxminən 1000 MVt olan AES-in təməli qoyulub. Məqsəd cənub regionunun sənaye potensialının genişləndirilməsi idi. Amma o zaman bu layihənin reallaşdırılması bilinməyən səbəblərdən mümkün olmadı. Çernobıl AES-də baş verən qəzadan sonra isə proses tamamilə donduruldu. Mütəxəssislərin fikrincə, əgər rəsmi Bakının niyyəti olarsa, ölkəmizin enerji təhlükəsizliyi sahəsində əhəmiyyəti daha da artacaq.
Qorxmaz İbrahimli
“Biosfer” İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli “Yeni Müsavat”a açıqlamasında Qazaxıstanın atom sənayesi sahəsində inkişaf etmiş dövlət olduğuna diqqət çəkdi. O vurğuladı ki, keçmiş SSRİ-nin əsas nüvə reaktorları, raketlərin start kompleksləri Qazaxıstanda yerləşir: “Bu səbəbdən də Qazaxıstan nüvə sahəsində daha çox irəlidədir. Qazaxıstanın nüvə reaktorları və yeni nüvə stansiyaları qurması normaldır, çünki bunun üçün zəmin var. Prezident İlham Əliyevin müsahibəsində bildirdiyi kimi, Azərbaycan üçün isə bu yeni sahədir. Xatırlatmaq yerinə düşər ki, müstəqillikdən əvvəlki illərdə Azərbaycanda AES qurmaq barədə planlar var idi. Daha sonra bu plan təxirə salındı. Azərbaycan nüvə enerjisindən istifadə etmək istəyir. Hesab edirəm ki, bu yaxşı haldır, istifadə olunmalıdır. Lakin nəzərə almaq lazımdır ki, atom enerjisi nə qədər ucuz enerji versə də, bir o qədər də təhlükəlidir. Əhaliyə, ətraf mühitə zərər verə biləcək hadisələrə səbəb ola bilər. Tarixə salsaq, Çernobıl AES, "Fukusima-1" AES-də baş verən faciələri yada salmaq olar. Qazaxıstanda, Xəzər dənizinin sahilində AES tikilərsə, güclü zəlzələ, yaxud qeyri-səbəbdən qəza baş verdikdə təhlükə yarana bilər. Lakin Qazaxıstan bu sahədə təcrübəli olduğu üçün fikrimcə, AES-in inşası zərər verməyəcək. Bununla yanaşı, Qazaxıstanın niyyəti başqadır. Biz bunu qəbul edirik. Bunu böyük enerji resurslarına malik dövlət edir. Digər tərəfdən, vaxtilə ekoloqlar tərəfindən AES-lərlə bağlı Avropada məsələ qaldırıldı. Bir çox ölkələrdə AES-lər ətraf mühitə verdikləri zərərə görə bağlandı. Hazırda isə atmosferə buraxılan zəhərli qazların daha çox dizel yanacaqlarından, benzindən, kömürdən qaynaqlandığını nəzərə alaraq, yenidən AES-lərə keçid barədə fikirlər gündəmə gəlib. Yaşıl enerjinin inkişaf etdiyi zamanda bu barədə planlar var. Azərbaycanda bunun olması üçün zəminə ehtiyac var. Ölkəmizdə atom fizikası güclü inkişaf etməyib. Təcrübəmizdə, sənayemizdə bunu tətbiq etmədiyimizə görə bizim üçün yeni sahə sayılır. Amma iş bununla bitmir. Gənclərimizin inkişaf etmiş ölkələrdə-ABŞ-də, Avropanın müxtəlif universitetlərində təhsil alıb, atom enerjisi haqqında lazımi biliyə sahib olması, sonradan ölkəmizdə tətbiq etməsi üçün illər lazımdır. Amma nəticədə milli kadrlar yetişəcək. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, layihələr bahalı olduğu üçün yerli mütəxəssislərdən istifadə olunarsa, nəticəsi bizim üçün daha faydalı olar. Şübhəsiz ki, Azərbaycanda nüvə enerjisinə, amma sağlam enerjiyə ehtiyac var. Qonşu ölkələrdə AES-lər varsa, bizdə niyə olmasın? Türkiyə də bu sahəyə sərmayə qoyur. Hesab edirəm ki, Azərbaycan bunu edə bilər, amma mütləq sağlam təməl üzərində qurulmalıdır".
Xatırladaq ki, bu ilin iyun ayında Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin Nüvə və radiasiya təhlükəsizliyinin ekspertizası şöbəsinin müdiri Mətanət Qəhrəmanova Bakıda keçirilən 22-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi çərçivəsində təşkil olunan “Karbon emissiyasının azaldılması istiqamətində alternativ enerji kimi nüvə enerjisinin rolu” panel müzakirəsində bildirib ki, Azərbaycanda nüvə enerjisindən istifadə aktual məsələyə çevrilib. M.Qəhrəmanova bildirib ki, AEBA-nın nüvə texnologiyalarının karbon emissiyasının azaldılmasında tətbiqinə dair ən mühüm təşəbbüslərindən biri “Atoms4NetZero” təşəbbüsüdür: “Bu təşəbbüs karbon emissiyasını sıfıra endirmək məqsədi daşıyır və üzv ölkələri nüvə enerjisindən istifadə etməklə bu məqsədə çatmağa səsləyir. Yalnız elektrik enerjisində deyil, həmçinin nəqliyyat və sənaye sahələrində də nüvə texnologiyalarının tətbiqi ilə bu nəticəyə nail olmaq mümkündür”.
Şöbə müdiri əlavə edib ki, məhz bu təşəbbüs COP29 çərçivəsində AEBA-nın əsas panel mövzularından biri olub və Azərbaycan da bu istiqamətdə təşviqat kampaniyasına başlayıb.
O həmçinin vurğulayıb ki, hazırda dünya üzrə elektrik enerjisinin təxminən 10%-i nüvə enerjisi hesabına əldə olunur və bu göstəricini artırmaq mümkündür: “Lakin bu istiqamətdə addımların atılması müəyyən mərhələlərdən keçməyi tələb edir. İlk mərhələ ölkənin siyasi qərar qəbul etməsidir. Bu qərar milli və regional enerji ssenarilərinin modelləşdirilməsinə əsaslanmalıdır. Ölkə nüvə enerjisindən istifadə strategiyasını formalaşdırmalı, bu enerjiyə hansı sahələrdə ehtiyac olduğunu müəyyənləşdirməlidir. Məsələn, bu, elektrik enerjisinin təmininə yönələcək, yoxsa gələcəkdə tətbiqi mümkün olan kiçik modul reaktorlarla bağlı olacaq, bu kimi suallara cavab tapmaq lazımdır”.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
03 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ