Onlayn ictimai-siyasi qəzet
Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşü 7 oktyabr 2025-ci ildə Azərbaycanın Qəbələ şəhərində keçiriləcək. Görüşün əsas mövzusu “Regional sülh və təhlükəsizlik” olacaq.
Tədbirə TDT-nin üzv və müşahidəçi dövlətlərinin dövlət və hökumət başçıları ilə yanaşı, onların nümayəndə heyətləri də qatılacaq. Görüşün məqsədi bölgədə və beynəlxalq miqyasda aktual məsələləri müzakirə etmək, əməkdaşlığı gücləndirmək və Türk dünyasında birliyi, sülhü və rifahı daha da irəli aparmaqdır. Bakı-xeber.com "Zirvə toplantısında Şimali Kipr Türk Respublikasının (Kipr) suverenliyi tanına bilərmi" sualı ətrafında təhlil dərc edib.
“Gözlənilən nəticə ondan ibarətdir ki, zirvə toplantısında ŞKTR-in "suverenliyi" barədə bəyanat verilə bilər. Amma bu, rəsmi beynəlxalq tanınma anlamına gəlməyəcək. Yəni TDT üzvləri bunu yalnız siyasi və diplomatik mövqe olaraq ifadə edə bilərlər, amma bu bəyanatın hüquqi qüvvəsi olmayacaq", - deyə təhlildə bildirilir. O da vurğulanır ki, belə bir bəyanatın TDT-yə müəyyən mənada zərərli təsirləri ola bilər.
Bakı-xeber.com təhlilində yazır ki, beynəlxalq hüquq baxımından ŞKTR-in suverenliyi yalnız Türkiyə tərəfindən tanınır və digər ölkələr tərəfindən tanınmır. TDT zirvəsində belə bir bəyanat verilməsi təşkilatın üzv dövlətləri arasında diplomatik gərginlik yarada bilər. Xüsusilə ŞKTR-i tanımayan üzv dövlətlərdə etiraz və narazılıq doğura bilər. Bu, TDT-nin birliyinə və üzv dövlətlər arasında əməkdaşlıq ruhuna mənfi təsir göstərə bilər.
“Həmçinin belə bir bəyanat TDT-nin beynəlxalq reputasiyasına ziyan vura bilər. Dünya dövlətləri və beynəlxalq təşkilatlar TDT-nin rəsmi mövqeyini "ŞKTR-in tanınması təşəbbüsü" kimi qiymətləndirə bilər ki, bu da təşkilatın diplomatik neytrallığını və regional sülhə töhfəsini sual altına sala bilər. Beynəlxalq aləmdə etiraz və sanksiya riskləri olmasa da, TDT-nin digər beynəlxalq forumlarda mövqeyi daha həssas görünə bilər.
Eyni zamanda bəyanat yalnız rəmzi və siyasi xarakter daşısa da, TDT üzv dövlətlərinin xarici siyasətinə qarışmaq kimi qəbul edilə bilər və üzv dövlətlər arasında daxili fikir ayrılıqları yarada bilər. Bu da təşkilatın qərarvermə mexanizmlərinə mənfi təsir göstərə və gələcək layihələrdə birgə əməkdaşlığı çətinləşdirə bilər. Ümumilikdə, belə bir bəyanat həm TDT-nin daxili birliyinə, həm də beynəlxalq imicinə mənfi təsir göstərə biləcək siyasi risk daşıyır", - deyə təhlildə bildirilir.
Elxan Şahinoğlu
Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Şimali Kipr Türk Respublikası müstəqil dövlət kimi tanınmasını əslində haqq edir: “Türkiyə də illərdir buna çalışır. Ancaq təəssüf ki, hələ bu istiqamətdə ciddi nəticə yoxdur. Bu məsələdə Türkiyəni əsas dəstəkləyən dövlət məhz Azərbaycandır. Azərbaycanda keçirilən müxtəlif tədbirlərə, zirvə görüşlərinə, o cümlədən Türk Dövlətləri Təşkilatının toplantılarına Şimali Kipr Türk Cümhuriyyətinin prezidentinin, digər yüksək vəzifəli rəsmilərinin qatılması da Azərbaycanın dəstəyindən irəli gəlir. Qarşıdakı mərhələdə ümid edilir ki, Mərkəzi Asiyanın türk dövlətləri də Azərbaycanın bu siyasətinə dəstək verəcəklər. Qəbələdə keçiriləcək TDT-nin zirvə görüşünə də Kips Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar dəvətlidir. Əsas odur ki, Kipr Türk Cümhuriyyəti Türk Dövlətləri Təşkilatına tam hüquqlu üzv kimi olunsun. Bunun vaxtı çoxdan çatıb. Bu addımın atılmasının özü Türk Dövlətləri Təşkilatının və oradakı üzv dövlətlərin Kipr Türk Cümhuriyyətini dövlət olaraq tanıması mənasını daşıyacaq. Bunun ardınca isə TDT-yə üzv dövlətləri tərəfindən Kipr Türk Cümhuriyyətinin müstəqil dövlət kimi rəsmi tanınması məsələsi də aktuallaşa bilər. Bu addımın atılması isə ola bilsin ki, Yunanıstanın və Cənubi Kiprin narazılığı, etirazı ilə qarşılanacaq və xüsusən Yunanıstanla TDT-yə üzv dövlətlərin münasibətlərində müəyyən soyuqluq yaranacaq. Amma TDT-yə üzv ölkələr bu ehtimal var deyə lazım olan düzgün addımı atmaqdan ehtiyatlanmamalıdırlar”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
03 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ