İnsanlara hürriyət, millətlərə istiqlal!

İran ABŞ konsulluğu yaxınlığına niyə raket atdı? - hədəf bəlli, səbəblər mübhəm...

SEPAH məqsədinin İraqdakı “Mossad” mərkəzini bombalamaq olduğunu açıqlayıb, Amerika da reaksiya verdi; ekspertin fikrincə, iki versiya var - Rusiya ilə İsrail izi, ya da...

İraqda kürd muxtariyyətinin başkəndi Ərbilin İran tərəfindən raket atəşinə tutulması Ukrayna müharibəsi fonunda bütün beyinləri qarışdırmaqdadır. Analitiklər baş sındırır, təhlillər aparır, Tehranın bu addımını şərh etməyə çalışır, hansı qüvvələrə mesaj olduğu haqda mülahizələr irəli sürürlər. “Yeni Müsavat” yada salır ki, martın 13-də atılan raketlər Ərbildəki ABŞ konsulluğunun binasının yaxınlığına, eləcə də Mele Omer kəndi və ətraf ərazilərə düşüb, iki nəfərin yaralandığı qeyd olunur. ABŞ konsulluğu heç bir əməkdaşın xəsarət almadığını bəyan edib. Son 2 ildə Ərbil 9 dəfə raket atəşinə tutulub. Bu hücumlar əsasən ABŞ-ın Ərbil konsulluğunu, eləcə də ABŞ-ın lideri olduğu beynəlxalq antiterror koalisiyası qüvvələrinin bazalarını hədəfə alıb.

Belə olan halda sual ortaya çıxır - İranın nüvə proqramı ilə bağlı Vyanada 11 aydır davam edən müzakirələrin yekunlaşmağa yaxın olması, Ukrayna ətrafında müharibənin qızışdığı bir zamanda İranın ABŞ-ı hədəfə almasının səbəbi nədir? Bu, İranın Amerikaya təhdididirmi? Çünki SEPAH hədəfin Ərbildəki “Mossad” mərkəzi olduğunu açıqlayıb, o zaman Amerika konsulluğu niyə raket atəşinə məruz qalıb?

Moskva artıq “təhlükə zəngini” çalır - Asif Nərimanlı

Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, bu hadisə Ukraynada müharibə fonunda ABŞ-ın sanksiya tətbiq etdiyi Rusiya neftinə alternativlər axtarışında diqqət çəkir. Onun fikrincə, məntiqlə ABŞ-Rusiya qarşıdurması İran üçün nüvə danışıqlarında və enerji resurslarına qoyulan embarqonun ən azı azaldılmasında sərfəli görünür: “Belə bir anlaşmanın olmaması iki ölkənin marağına uyğundur. İsrail nüvə danışıqlarına, ümumiyyətlə, ABŞ-İran anlaşmasına qarşıdır, ikincisi, Rusiya enerji kartının İranla əvəzlənməsini, Tehran-Vaşinqton xəttində tramplinlərin azalmasını istəmir. Hücumda iki ölkənin bu və ya digər formada izinin olmasına dair konspiroloji versiya da irəli sürmək olar. Hərçənd Vaşinqton-Tehran razılaşmasının vacib nöqtəsi olan Vyana danışıqları Rusiya və İsrailin istədiyi şəkildə yenidən dalana dirəndi”.

Ekspert qeyd edir ki, masada tərəflərdən biri olan Rusiya razılaşmaya əlavə müddəanın daxil edilməsini istəyir: “Moskvaya qarşı sanksiyalar Rusiyanın İranla iqtisadi və hərbi əlaqələrini əhatə etməməlidir. İran anlaşmanın olmamasını ona qarşı sanksiyaların bir qisminin saxlanılması ilə əlaqələndirir. Mümkündür ki, Tehran ABŞ-Rusiya qarşıdurmasında yaranmış fürsətlərdən maksimum istifadə etməyə çalışır. Bu baxımdan, baş tutmayan danışıqlardan sonra SEPAH-ın hücumunun iki mümkün səbəbi var: Birincisi, İran daxilində fikir ayrılığıdır, istisna deyil ki, Rusiyaya qarşı mübarizədə İran neftinə ehtiyacı olan Vaşinqton Vyanada razılıq əldə edilməyən Tehranla birbaşa danışıqlara başlasın və ABŞ-la münasibətlərə qarşı olan qüvvələr bu ssenarini sıradan çıxarmaq niyyətindədir. İkincisi, diqqətin İranın nüvə proqramından yayındırılmasıdır. Ötən ilin sentyabrında MAQATE-nin mediaya sızan məxfi məlumatlarında Tehranın uranı lazım olan həddə qədər zənginləşdirməsi üçün bir ildən az müddət lazım olduğu qeyd olunurdu. Mümkündür ki, belə qarşıdurma zaman qazanmağa da hesablanıb”.

Ned Prays: Amerika Vyanada İranla birbaşa danışıqlar aparmağa hazırdır”

Bu arada, ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays İranın Ərbil şəhərində ABŞ konsulluğu yaxınlığına endirdiyi zərbə haqda danışıb. Onun sözlərinə görə, zərbə ABŞ konsulluğunun yaxınlığına düşsə də, İranın ABŞ-ı hədəf seçdiyi barədə əlamət görünmür. “Heç bir ABŞ personalı və obyekti zərər görməyib. Bizim bu hücumun ABŞ-a qarşı olması barədə heç bir sübutumuz yoxdur”, - Prays qeyd edib. Bununla bərabər, Prays bu addımın İraqın suverenliyini pozduğunu bildirib və İrandan dərhal başqa dövlətə müdaxilə cəhdinə son qoymasını tələb edib.

Yeri gəlmişkən, İranın Bağdaddakı səfiri İrac Məscidi İraq Xarici İşlər Nazirliyinə çağırılıb. Ona Ərbil şəhərinə raket hücumu ilə bağlı İraq hökumətinin etiraz notasını təqdim edilib.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR