İnsanlara hürriyət, millətlərə istiqlal!

İqtisadi artımı hədəf göstəriciyə çatdırmaq mümkün olacaqmı - təhlil

Avqustda artım tempində sürətlənmə var, lakin...

Azərbaycanda iqtisadi artım tempi bir qədər sürətlənib. Dövlət Statistika Komitəsinin açıqladığı məlumata əsasən, 2023-cü ilin yanvar-avqust aylarında ölkədə 80 milyard 96,4 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,1 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 2,6 faiz artıb. ÜDM istehsalının 42,4 faizi sənaye, 9,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 4,8 faizi tikinti, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizi informasiya və rabitə sahələrinin, 17,6 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,4 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 7895,0 manata bərabər olub.

Rəsmi statistikadan o da aydın olur ki, iqtisadi artımın zəif tempində sənaye istehsalının azalması mühüm rol oynayır. Belə ki, bu ilin 8 ayında ölkədə 45,1 milyard manatlıq və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz az sənaye məhsulu istehsal edilib. Bu zaman neft-qaz sektorunda məhsul istehsalı 1,4 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 6,0 faiz artıb. O cümlədən mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 7,6 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 5,3 faiz artıb.

Energetika Naizrliyi məlumat verir ki, 8 ay ərzində Azərbaycanda 32,2 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 8,6 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 17,6 milyard kubmetri “Şahdəniz”dən, 0,2 milyard kubmetri “Abşeron”dan, 5,8 milyard kubmetri SOCAR üzrə hasil olunub. Hesabat dövründə xaricə qaz satışı 15,8 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz çoxdur. Cari ilin yanvar-avqust aylarında Avropaya 7,6 milyard kubmetr, Türkiyəyə 6,7 milyard kubmetr, Gürcüstana isə 1,5 milyard kubmetr qaz satılıb.

2023-cü ilin yanvar-avqust ayları üzrə ölkədə 20,3 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Respublika üzrə neft hasilatının 12,1 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,9 milyon tonu (kondensat) “Şahdəniz”in, 90 min tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 5,2 milyon ton təşkil edib. Hesabat dövründə 17 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 15 milyon tonu konsorsiumun, 2 milyon tonu isə SOCAR-ın payına düşüb.

Xatırladaq ki, 2022-ci ilin yanvar-avqust aylarında ölkədə 21,8 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Hesabat dövründə 17,6 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Beləliklə, illik müqayisədə bu ilin 8 ayında Azərbaycanda neft və kondensat hasilatı 6,88 faiz, ixracı isə 3,41 faiz azalıb.

Hasilat və ixracın azalması ilə yanaşı, dünya bazarında neft və qazın qiymətinin azalması da ÜDM həcmində azalmanın bir səbəbi kimi çıxış edir. Əgər ötən il ixracın azalması fonunda yüksək qiymətlər ÜDM-in dəyərini daha çox artırırdısa, bu il qiymətlərin düşməsi bu imkanı məhdudlaşdırır. Dövlət Neft Fondundan verilən məlumata əsasən, bu ilin yanvar-avqust aylarında qurum “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 4 milyard 728 milyon dollar gəlir əldə edib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 1 milyard 901 milyon dollar və ya 28,7 faiz azdır.

Xatırladaq ki, ötən ilin 8 ayında Neft Fondu AÇG-dən 6 milyard 629 milyon dollar gəlir əldə etmişdi.

Bu ilin 8 ayında "Şahdəniz" yatağından 1 milyard 183 milyon dollar həcmində gəlir əldə olunub ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 35 milyon dollar və ya 3,05 faiz çoxdur. “Şahdəniz”dən daxil olan vəsaitlərin 259,554 milyon dolları kondensatın payına düşüb. Bu isə əvvəlki ilin eyni dövrünə nisnbətən 69,13 milyon dollar və ya 21 faiz azdır.

Beynəlxalq analitik mərkəzlərə görə, Azərbaycanda neft hasilatı 2024-cü ildə də azalacaq ki, bu da onun ölkə ÜDM-nin artımına təsirini daha da aşağı salacaq. Bu vəziyyətdə iqtisadi artımı dəstəkləyən amil kimi qeyri-neft-qaz sektorunun önə çıxması vacibdir. Lakin neft hasilatı və ixracında azalma ilə yanaşı, Azərbaycanda qeyri-neft sektorunda da artım tempi aşağı düşüb. Ötən ilin yanvar-avqustunda bu sektorda artım 10,3 faiz, o cümlədən qeyri-neft sənayesində 9 faiz olmuşdusa, bu ilin eyni dövründə göstəricilər müvafiq olaraq 2,6 faiz və 6 faiz təşkil edib. Bu isə qeyri-neft sektorunda artımın 4 dəfədən çox yavaşıması deməkdir.

Qeyd edək ki, Azərbaycan hökuməti ilin yekununda 1,8 faizlik iqtisadi artıma nail olunacağını proqnozlaşdırır. Hesab olunur ki, dövlət büdcəsində edilən dəyişikliklərlə azad olunmuş ərazilərin bərpasına yönəldiləcək əlavə vəsaitlər hesabına həyata keçirilən bərpa prosesi bu artıma təkan verəcək. Bəzi beynəlxalq agentliklər hökumətin bu optimizmini bölüşmürlər. Belə ki, Standard & Poors  Beynəlxalq Reytinq agentliyi 2023-cü il üzrə Azərbaycanın real ümumdaxili məhsulunda (ÜDM) artım olmayacağını, 2024-2026-cı illərdə isə artımın 1,4 faiz səviyyəsində olacağını proqnozlaşdırıb: “Biz Azərbaycanın real ÜDM-nin 2023-cü ildə durğunlaşacağını proqnozlaşdırırıq ki, bu da əvvəlki dekabr 2022-ci il proqnozumuza uyğundur. 2023-cü ildə qeyri-neft sektoru böyüməyə davam etsə və qaz hasilatında müəyyən artım olsa da, neft hasilatının aşağı salınması bir maneə olacaq. Neft hasilatının azalması ortamüddətli perspektivdə artıma təsir göstərməyə davam edəcək və biz 2024-2026-cı illər ərzində orta real artımın 1,4 faiz olacağını proqnozlaşdırırıq”.

Bir çox ekspertlər dövlət büdcəsi hesabına qeyri-neft sektorunda həyata keçirilən investisiya qoyuluşlarının təsiri ilə ilin ikinci yarısında iqtisadi artım tempinin sürətlənəcəyini gözləyirlər. Lakin bu il qeyri-neft sektoruna kapital qoyuluşunun artım sürəti də zəifləyib. Rəsmi statistikaya əsasən, 2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanda əsas kapitala 10 milyard 864,8 milyon manat məbləğində, yaxud 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,4 faiz çox vəsait yönəldilib. Bu zaman neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 12,2 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 17,1 faiz artıb. Əsas kapitala yönəldilmiş vəsaitlərin 8 milyard 336,5 milyon manatını və ya 76,7 faizini daxili vəsaitlər təşkil edib.

Xatırladaq ki, 2022-ci ilin yanvar-avqust aylarında əsas kapitala 9 milyard 117 milyon manat məbləğində vəsait yönəldilmişdi ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,9 faiz çox idi. Lakin ötən il neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 13,1 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 22,5 faiz artmışdı. Bu il isə biz qeyri-neft-qaz sektoruna yatırılan investisiyalarda artım sürətinin xeyli azaldığını görürük.

Yanvar-avqustda ölkə iqtisadiyyatının qeyri-neft sektoruna birbaşa xarici investisiyaların həcmində də ciddi azalma diqqəti cəlb edir. Belə ki, Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, bu ilin birinci yarısında ölkə iqtisadiyyatına birbaşa xarici investisiyalar 3 milyard dollar təşkil edib. Bunun 717 milyon dollarını qeyri-neft sektoruna yatırımlar təşkil edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 35 faiz azdır. Azərbaycana birbaşa xarici investisiyaların həcminə görə, Böyük Britaniya birinci (896 milyon dollar), Türkiyə ikinci (575 milyon dollar), Kipr üçüncü (385 milyon dollar) və Rusiya (245 milyon dollar) dördüncü olub.

Ölkədən birbaşa xarici investisiyaların repatriasiyası 3,6 milyard dollar təşkil edib.

AMB-nin məlumatına görə, 2023-cü ilin birinci yarısında Azərbaycana 891 milyon dollar həcmində pul baratı daxil olub. Bu isə ötən ilin eyni dövrünə nisbətən 45 faiz azdır. Ölkədən çıxan pul baratlarının həcmi isə 254,7 milyon dollar təşkil edib. Başqa sözlə, baratlar üzrə profisit 636 milyon dollar təşkil edib. Bu is ötən ilin eyni dövrünə nisbətən 51 faiz azdır. Ölkəyə daxil olan pul baratlarının 68%-i və ya 608 milyon dolları Rusiya Federasiyasının payına düşüb. İkinci yerdə 70,7 milyon dollarla Türkiyə qərarlaşıb.

Altı ayda Rusiyadan pul göndərişləri ötən ilin eyni dövründəki 1 milyard 283 milyon 44,98 min dollardan  607 milyon 905,3 min dollar qədər azalıb.

Neft-qazın dünya bazarında qiymətinin azalması Azərbaycanın 2023-cü ilin 6 ayı üzrə cari əməliyyatlar hesabının profisitinin kəskin azalmasını şərtləndirib. Bu göstərici ötən ilin birinci yarısındakı 10,3 milyard dollardan 5,2 milyard dollara düşüb. Bu zaman neft-qaz sektoru üzrə cari əməliyyatlar balansının profisiti ötən ilin müvafiq dövrünə nəzərən 34.5 faiz azalaraq 8.2 milyard dollar, qeyri-neft-qaz sektoru üzrə kəsir isə 37.8 faiz artaraq 3.1 milyard dollar olub.

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR