İnsanlara hürriyət, millətlərə istiqlal!

İqtisadçıdan qiymət artımına reaksiya: “İllik bilet 160-170 manat olmalıdır”

“Azərbaycanda nəhayət ki, sərnişindaşıma nəqliyyatının heç olmasa bir növündə dinamik qiymət siyasətinə keçid baş verir – “Azərbaycan Dəmir Yolları” bilet qiymətlərinə beynəlxalq təcrübədə olan yanaşma tətbiq etməyə başlayır. Rəsmi məlumata görə, şəhərlərarası qatar biletlərində öncədən alanda 15% endirim, bank kartı ilə bilet əldə edəndə əlavə daha 3% “cashback” tədbiq ediləcək. Bundan başqa, qatarlara satılan biletlərin sayı az olanda gün ərzində əlavə qiymət endirimləri olacaq. Uzun illərdir ki, biz nəqliyyat sektorunda məhz belə yanaşma təklif edirdik. Avtobus və metroda gediş haqqının çevik və differensial olması lazımdır. Bizdə nədənsə avtobus və metroda gediş haqqı kimi birdəfəlik bilet qiyməti əsas götürülür, qiymət bir dəfə istifadə üçün müəyyənləşdirilir – çox geridəqalmış və mənasız, hətta ziyanlı yanaşmadır”.

Musavat.com xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Natiq Cəfərli bildirib.

NATİQ CEFERLİ.jpg (27 KB)

O qeyd edib ki, dünyanın inkişaf etmiş ölkələrində saatlıq (gün ərzində bir neçə saatlıq da olur), bir neçə günlük, aylıq, 6 aylıq və illik biletlər mövcuddur:

“Birdəfəlik gediş biletləri tətbiq edilmir və nə qədər uzun zamanlı bilet alırsansa, gediş üçün bir o qədər az ödəyirsən. Məsələn, Praqada yerüstü şəhəriçi nəqliyyatın bütün növlərindən istifadə üçün 1 saatlıq bilet qiyməti təxminən 1 avrodan bir az çoxdur (təqribən 1 manat 90 qəpik) – yəni 1 saat ərzində sərnişin metro, avtobus, tramvaydan bir neçə dəfə istifadə edə bilər. Amma siz 1 aylıq bütün növ nəqliyyatdan istifadə üçün bilet alsanız, 22 avro ödəmiş olacaqsınız (təqribən 42 manat), əgər 1 illik bilet almaq istəsəniz, 145 avro ödəmək lazımdır (təqribən 275 mant). Yəni Azərbaycana proyeksiya etsək, gündə 3-4 dəfə nəqliyyatdan istifadə etməyə məcbur olan Bakı sakini 1 illik bileti günü 75 qəpiyə alacaq ki, bu da bir gedişi 18 qəpik edəcək. Hə, mən onu demirəm ki, bizdə də illik bilet 275 manat olmalıdır. Xeyr, Praqa sakininin orta aylıq maaşı Bakı sakininin orta aylıq maaşından 2-3 dəfə çoxdur. Bizdə illik bilet 160-170 manat olmalıdır ki, bununla da günü 45 qəpiyə, gündə 3 dəfə nəqliyyatdan istifadə etsə, bir gediş haqqı 15 qəpiyə düşsün. Onu da deyim ki, Praqada 0-6 yaş arası uşaqlara nəqliyyat pulsuzdur, 6-18 yaş arası, tələbələr və təqaüdçülər üçün isə yuxarıda yazdığım qiymətlərə 50% endirim olur.

İllərdir dinamik qiymət təklifi ilə çıxış etsək də, metro-avtobus sahəsini idarə edənlər eşitmirlər, görmürlər, tətbiq etmirlər. Ümid edək ki, “Dəmir Yolları”nın tətbiq etdiyi yeni yanaşmadan onlar da dərs çıxarıb geridəqalmış qiymət siyasətlərini dəyişəcəklər”.

Qeyd edək ki, sabahdan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) loyallıq proqramının tətbiqinə başlayır.

Musavat.com report-a istinadən xəbər verir ki, səhmdar cəmiyyətin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib ki, yeni proqram şəhərətrafı qatarlarla səfər edən sərnişinlərə “ADY Mobile” tətbiqi vasitəsilə daha sərfəli və rahat səyahət imkanları yaradır, gedişlər üzrə 3% “cashback” və qeydiyyat, dostun dəvət edilməsi, sorğularda iştirak və qiymətləndirmələr zamanı bonus qazandırır.

ADY rəsmisi qeyd edib ki, loyallıq proqramı bir həftə test rejimində fəaliyyət göstərəcək.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR