Onlayn ictimai-siyasi qəzet
Britaniya hüquq-mühafizə orqanları zorakı cinayətlərin qarşısını almaq üçün məlumat bazası hazırlayırlar.
Bu barədə yazan yerli medianın məlumatına görə, həmin bazanın köməyi ilə onlar “potensial” qurbanları və qatilləri axtaracaqlar. Sistemdə intihara cəhdlər, məişət zorakılığı aktları, ümumiyyətlə, müxtəlif insanların, o cümlədən ağır cinayət törətməmiş şəxslərin meylləri barədə məlumatlar yer alacaq.
Hüquq müdafiəçiləri deyirlər ki, onlar mahiyyətcə “soyuq distopiya” olan məlumat bazası yaradıblar. Ədliyyə Nazirliyi layihənin inkişafını inkar etməsə də, onun təfərrüatlarını açıqlamamağa üstünlük verir.
Britaniyanın söz azadlığı və insan hüquqlarının pozulması hallarını araşdıran “Statewatch” təşkilatının nümayəndələri mətbuata bildiriblər ki, layihə fəal şəkildə inkişaf etdirilir.
Təşkilatın məlumatına görə, yüz minlərlə britaniyalı haqqında məlumatlar polisə ötürülüb. 2023-cü ilə qədər məlumat bazası hazır olub və insanın kriminal keçmişinə əsaslanaraq, onun zorakı cinayət törətməsinin təxmini ehtimalını göstərir. Hüquq müdafiəçilərinin fikrincə, məlumat bazasının müəllifləri siyasi baxımdan dürüstlüklə seçilmirlər. Məsələn, qaradərili britaniyalıların ağdərililərdən 4,7 dəfə daha çox zorakı cinayətlərə cəlb olunduğunu və şübhəli olma ehtimalının 8 dəfə çox olduğunu göstərir.
Fəqət ABŞ və Böyük Britaniyanın kriminogen durumunu incələdikdə belə bir gerçəklk ortaya çıxır ki, bu ölkələrdə qaradərili insanların törətdikləri ağır cinayətlər ağdərililərə nisbətən daha böyük faiz əmsalına malikdir. Bu halda “nə tökərsən aşına, o da çıxar qaşığına” hadisəsi baş verir – məlumat bazasına hansı bilgilər və faktlar daxil edilirsə, ümumiləşdirmə və təhlildən sonra orta statistik rəylər hasil olur və bu da təəssüf ki, qaradərili vətəndaşların xeyrinə olmur.
Ancaq bildirilir ki, sistem daim təkmilləşir. O da qeyd olunur ki, ümumiyyətlə, qanunla heç bir problemi olmayan insanlar da bu sistemə düşürlər. O, həm cinayət, həm də inzibati xətaları qeyd edir. Bu sistem ilk dəfə Rişi Sunakın baş nazirliyi dövründə - 2023-cü ilin əvvəlində tətbiq edilib.
Maraqlıdır ki, potensial cinayət qurbanları haqqında daha ətraflı məlumat toplamaq mümkündür. Məlumat bazası özünə zərər vermə hallarını, psixi xəstəlikləri, əlillik və antropometrik bilgilər haqqında məlumatları qeyd edir.
Çox güman ki, eyni məlumat potensial cinayətkarlar haqqında da toplanır. Bu sistem əvvəlcə “Qətllərin proqnozlaşdırılması layihəsi” adlanıb. Daha sonra ad daha neytral "Risklərin qiymətləndirilməsini təkmilləşdirmək üçün məlumat paylaşımı" ilə dəyişdirilib. Ola bilsin ki, informasiyanın təhlilində süni intellekt iştirak edir.
Rəsmilər layihənin mövcud olduğunu inkar etmirlər, lakin onlar təkid edirlər ki,bazaya yalnız hər hansı cəzaya görə ən azı bir dəfə məhkəmə hökmü olan şəxslər daxil edilib. Rəsmilər yaxın vaxtlarda görülən işlərlə bağlı hesabat dərc edəcəyinə söz veriblər. Ancaq əlbəttə ki, bütün sualları aradan qaldırmayacaq.
Hüquq müdafiəçiləri hüquq-mühafizə orqanlarının əməkdaşlarının fəaliyyətinin ayrı-seçkilik xarakteri daşıya biləcəyindən narahatdırlar. Əslində, müəyyən bir millətin nümayəndələri, eləcə də yoxsullar şübhə altına düşəcəklər və bu da yalnız mövcud stereotipləri gücləndirəcək. “Statewatch” hətta inkişaf edən sistemi "irqçi" adlandırıb.
Bununla belə, indiyə qədər baş nazir Keyr Starmer hökuməti daha çox irqi və milli azlıqları ağ radikallardan qorumaqla fərqlənib. 2024-cü ildə baş nazir Southportdakı terror hücumundan sonra baş verən iğtişaşlara mümkün olan ən sərt cavabı verib. O zaman hökumət həm daxildə, həm də xaricdə sağçılar tərəfindən tənqid olunub. Amerikalı milyarder İlon Mask üstünə vəzifə olmasa da, baş naziri xüsusilə kəskin tənqid edib. Bilindiyi kimi, Mask bir çox ölkələrdəki millitçi cərəyanların dəstəkçisidir.
Səlahiyyətlilər məlumat bazasının vəziyyəti daha yaxşı təhlil etməyə imkan verəcəyinə əmindirlər, lakin bu təhlilin hansı qabaqlayıcı tədbirlərə səbəb olacağı bəlli deyil.
Bu arada, məlumat bazasının yaranması ilə polisə müraciət etmək istəyənlərin sayının azaldığı göz qabağındadır. Məlum olduğu kimi, müasir dünyada bir insan haqqında məlumat getdikcə daha çox əhəmiyyət kəsb edir.
“Dovşanı araba ilə tutan ingilislər”in b u təcrübəsi yəqin ki, tədricən başqa ölkələrə də yayılacaq – söz yox ki, sistemdən istifadə daha effektiv olsa.
Araz Altaylı, Musavat.com
18 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ