Onlayn ictimai-siyasi qəzet
İndoneziya prezidenti Prabovo Subianto ölkədə kütləvi etirazlara səbəb olan parlament deputatlarına verilən əlavələri ləğv edib.
Musavat.com xəbər verir ki, bazar günü Subianto partiya sədrlərini bir araya gətirərək ortaq açıqlama verib.
“Xalqın səmimi tələblərinə cavab olaraq, partiya sədrlərindən aldığım məlumata görə, onlar parlament üzvləri barədə ciddi tədbirlər görməyə qərar veriblər. 1 sentyabr 2025-ci il tarixindən etibarən yalnış bəyanatlar verə biləcək deputatlara qarşı tədbirlər tətbiq olunacaq”, – deyə Subianto bildirib.
Prezident həmçinin deputatların xarici səfərlərinə moratorium tətbiq edib.
Qeyd edək ki, Subianto ölkədəki daxili vəziyyətlə əlaqədar Çin səfərini də ləğv edib.
Artıq bir həftədir ki, Cakartada minlərlə insan etiraz aksiyaları keçirir. Etirazçılar iş şəraitinin yaxşılaşdırılmasını, maaşların artırılmasını və parlamentin buraxılmasını tələb edirlər. Etirazlara səbəb hakimiyyətin hər bir deputata ayda 3 min ABŞ dolları məbləğində mənzil əlavəsi ödəmə qərarı olub. Tənqidçilər bunu əksər indoneziyalıların çətinlikləri ilə müqayisədə əsassız hesab edirlər.
Etirazlar zamanı 21 yaşlı motosiklet taksi sürücüsü polis avtomobili tərəfindən vurularaq həyatını itirib. Bu hadisə polisə qarşı narazılığı daha da artırıb. Cümə gecəsi etirazçılar Cakartadakı bir neçə metro stansiyasını yandırıb, ödənişli yol terminallarına ziyan vurub və hakimiyyətlə bağlı obyektlərdə polis əleyhinə yazılar yazıblar. Bazar günü gecəsi isə etirazçılar polis baş idarəsinin və parlament binasının qarşısındakı meydanı ələ keçiriblər.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ