İnsanlara hürriyət, millətlərə istiqlal!

İnanmaq olmur: Şahruddinin səhvlərindən qurtulduqmu?

Qurban Qurbanovun qapıçını müdafiə edərkən səsləndirdiyi arqumentlər zənnimcə, tutarlı deyil;  “Qarabağ”ın yeni qapıçısı...   

İnanmaq olmur, amma sərt olsa da deyəcəm,  Şahruddindən canımız qurtarır deyəsən... Qurban Qurbanov onu yəqin ki, transferə çıxarmayacaq, amma daha onu əsas heyətdə əvvəlki kimi görməyə bilərik.

Baş məşqçinin zədədən əvvəl də, sonra da Şahruddinin səhvlərini sanki görməzdən gəlirmiş kimi müdafiə etməsinin səbəbi aydındır- bir az mənəvi məsələdir, bir az da yəqin ki, din qardaşlığıdır ki, buna heç kim qarışa bilməz. Amma Şahruddinin bağışlanılmaz səhvləri artıq “Qarabağ” üçün aşkar başağrısına, üstəlik Qurbanovun özünə qarşı təzyiqə çevirilmişdi.

Qapıçı səhv edə, ayaqlarının arasından da, qolunun altından da top buraxa bilər. Amma bu artıq “ənənəyə” çevirilirsə, kluba geridönməz zərbə vurursa, azarkeşi məyus edib, həm də özündən çıxarırsa, müdafiəyə yer qalmır. Azərbaycanda ictimai rəyə arzulanan səviyyədə hörmət yoxdur, futbolda da hər şey azarkeşin istəkləri ilə müəyyənləşmir. Amma son aylar futbol ictimai rəyində əsas müzakirə mövzusunun Şahruddinin səhvləri olduğunu desək, yanılmarıq. Heç o biri klublarımızda qapıçının kim olduğunu az adam maraqlanıb bilir, amma Şahruddin məhz bağışlanılmaz səhvləri ucbatından çox “məşhurlaşmışdı”.  Hətta sosial şəbəkərdə bu barədə xeyli şəbədə(lağlağ)videolar, lətifələr də var.

HİK-lə oyundakı kobud səhvindən sonra o şəbədələrdən birini də mən “kəşf etdim”. Dedim ki, Azərbaycanın Qarabağda bir yox, iki problemi var. Biri məlum, ikincisi isə eyniadlı  klubundakı Şahruddindir.

Deyim ki, Qurbanovun qapıçını  müdafiə edərkən səsləndirdiyi arqumentlər zənnimcə, tənqidə dözümlü deyil. Baş məşqçi onun səhvləri barədə soruşanda həmişə deyir ki, “Şahruddin klubu da çox xilas edib” və sairə... Bunlar olub, amma Şahruddin 10 self edə bilər, amma bir kobud və bağışlanılmaz səhvi  kluba on qat baha başa gəlirsə, onu müdafiə etməyin yeri  yoxdur. Baş məşqçinin bu qədər səhvlərinə rəğmən qapıçını heç olmasa, bir-iki oyunluq ikinci heyətə göndərməməsi də təəccüblüdür. Bunu sanki “acığa” və ya “heç kim qərarlarıma təsir edə bilməz” fikri ilə edildiyini düşünməyək, amma uzaqdan belə mənzərə yaranır. Azarkeşə hər oyundan sonra təşəkkür edirsənsə, gərək onun nəbzini də tutasan. Futbol azarkeş üçündür, bu oyunun gözəlliyi də, fəlsəfəsi də, həyəcanı da azarkeşə bağlıdır. Onu dinləməzsən, bir gün stadionu boş görərsən...    

  

“Qarabağ”ın indiki problemləri əlbəttə ki, təkcə Şahruddinlə bağlı deyil, futbol kollektiv oyundur. Rəqib qapıçı meydançasına gedib çatınca, yarımmüdafiə, müdafiə xəttini keçməlidir. Amma son mühüm oyunlarda “Qarabağ”ın uğursuzluğunu müdafiə xətti ilə əlaqəsi yoxdur. Adam özü qapısında təhlükəli vəziyyət yaradıb qol buraxırsa, bunun müdafiəçi ilə nə əlaqəsi?  

“Rakuv”la oyunlarda Çempionlar Liqasından kənarda qalmağımızın səbəbləri sırasında qapıçının kobud səhvləri vardı. HİK-lə oyunda kobud səhvi yenə təkrarladı. Fikrim vardı ki, “Qarabağ” HİK kimi zəif klubu da keçə bilməsə, “nə qədər ki, Şahruddin “Qarabağ” da oynayır, qarşılaşmalara baxmayacağam” yazım. Sonra “Qarabağ”ın qələbəsini kölgələməmək üçün vaz keçdim. Amma əminəm ki, o nə qədər meydanda olacaq, klub belə kobud səhvlərdən sığortalanmayıb.  Şahruddini də oynatmaq olar, elə daxili çempionatda da. Amma belə mühüm matçlarda adam fəlakətdir, hər an partlayış  törədə biləcək “bomba”dır. Adam ona top gələndə narahat olur, 90 dəqiqə bu gərginliyə isə əsəb dözmür...     

İndi gələk o xəbəri ki, bu gün "Qarabağ"Andrey Lunyevlə  1+1 sxemi üzrə müqavilə bağlayıb.  Onu oynadığı "Torpedo", "İstra", "Kaluqa", "Saturn Ramenskoye", "Ufa", "Zenit"klublarında izləməmişəm. Son klubu Almaniya "Bayer"i olub və  iki il oynadığı klubda bu ilin mayında ayrılıb.  “Qarabağ”ın qapıçı almaq kimi bir şakəri  var.   Rusiyadakı 2018-ci il mundialdan sonra  Messinin özünə arxayın bir tərzdə vurduğu 11 metrliyi qaytaran İslandiya millisinin qapıçısını Hannes Halldorsson “Qarabağ”a transfer ediləndə sevinənlər vardı. Amma yadımdadır ki, nə sirdirsə, ilk oyunlardan başlayaraq bu qapıçını heç gözüm tutmadı.  Yazıq “Qarabağ”a keçən kimi zədələndi. Buna görə də, komandaya daha bir qapıçı aldılar. Gərək ki, “Sportinq”lə avrokubok oyunlarında  6 qol buraxdı, bununla da əsas heyətdəki yerini tam itirdi. Beləcə, Azərbaycanda ilk mövsümünü tamamlamadan Ağdam klubundan ayrıldı.

İnşallah, yeni qapıçı və digər gözlənilən transferlər artıq Konfrans Liqasında qrupu düşən “Qarabağ” üçün uğurlu olar. Şahruddin də tənqidlərdən çox da məyus olmasın, əminəm ki, səhv etmək üçün hələ ona da oyunlar tapılacaq...

Nazim SABİROĞLU,
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR