İnsanlara hürriyət, millətlərə istiqlal!

İmran Xanı ABŞ devirdi, yoxsa…

 

Azərbaycanın ən yaxın hərbi-siyasi müttəfiqlərindən olan, 44 günlük Vətən müharibəsində bizə müdhiş dəstək verən Pakistanda iqtidar dəyişimi yaşanmaqdadır. Belə ki, ötən həftə bu ölkənin baş naziri, ölkəmizdə də çox sevilən İmran Xan vəzifəsindən istefa verdi.

Pakistan parlamenti Şahbaz Şərifin Baş nazir vəzifəsinə namizədliyini müzakirəyə çıxarıb.

APA xəbər verir ki, Şahbaz Şərif Pakistanın yeni Baş naziri seçilib.

Belə iddialar var ki, Amerika bölgənin qüdrətli dövlətlərində öz adamlarını iqtidara gətirməyə çalışır. Bu sırada başda Türkiyənin adını çəkmək olar. Amerika neçə illərdir Türkiyədə iqtidarı bərpa etməyə çalışır, amma bacarmır. Ərdoğan hər dəfəsində Vaşinqtonu məğlub edir. Bəs Pakistanda Azərbaycanın dostu olan İmran Xan hakimiyyətdən uzaqlaşdırılsa, sıra Ərdoğana çata bilərmi? ABŞ-ın Azərbaycanı indiki vacib, həssas dönəmdə bu iki dövlətin dəstəyindən məhrum etmək kimi planı ola bilərmi?

 

 Rəşad Bayramov: “Rusiya “sülhməramlıları”nın Ermənistanla sərhədimizə  yerləşdirilməsi təhlükəlidir” - Ovqat.com

Rəşad Bayramov: “Pakistanda baş verənlər bizi məyus edir”

AMİP Mərkəzi Şurasının sədri, politoloq Rəşad Bayramov Pakistanla bağlı maraq doğuran faktlar açıqladı: “Əvvəla onu qeyd edim ki, Pakistan Azərbaycanın müstəqilliyini Türkiyədən sonra ikinci tanıyan ölkədir və bu ilin iyun ayında iki ölkə arasında diplomatik münasibətlərin 30 ili tamam olacaq. Müttəfiq və dost dövlət olaraq Pakistanda baş verənlər bizi məyus edir və təbii olaraq orada gedən prosesləri diqqətlə izləyirik. Amma mən İmran xanın hakimiyyətdən getməsi ilə Pakistanın Azərbaycana münasibətinin dəyişəcəyini və ya müttəfiqimizi itirəcəyimizi düşünmürəm. Çünki Azərbaycan və Pakistan arasında münasibətlər ayrı-ayrı hökumətlərin münasibətləri deyil, iki dövlətin, iki xalqın bir-birinə olan münasibətləridir.

Məhz bu münasibətlərin nəticəsi idi ki, hələ 1993-cü ildə məhz Pakistanın BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsi qəbul edilmişdi. Sonrakı dövrdə də Pakistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq Azərbaycanla münasibətlər həmişə isti olmuş və istənilən beynəlxalq tribunada Pakistan Azərbaycanı dəstəkləyən mövqe nümayiş etdirmişdi.

İndi Pakistanda baş nazir postuna əsas namizəd olan Pakistan Müsəlman Liqasının (Nəvaz fraksiyası) lideri Şahbaz Şərifin qardaşı, keçmiş baş nazir Nəvaz Şərif də daim Azərbaycanın haqq işini dəstəklədiyini elan edərək Ermənistanın təcavüzkar siyasətini qətiyyətlə pisləyən şəxslərdən olub. Odur ki, yenə də təkrar edirəm Pakistanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq bu, Azərbaycan-Pakistan münasibətlərinə hər hansı təsir göstərməyəcək. Bizim üçün əsas narahatçılıq 44 günlük savaşda əsas müttəfiqlərimizdən olan Pakistanda yeni hökumətə keçidin ağrılı olma ehtimalı ilə bağlıdır. İmran Xanın məğlubiyyətlə barışmaz mövqeyi və müxalifətin quracağı hökuməti tanımayacağını indidən bəyan etməsi parlament daxili çəkişmələrin küçələrə daşınması ehtimalını gücləndirir. Onu da unutmaq olmaz ki, Pakistan ordusunda ABŞ-a bağlı qüvvələrlə yanaşı, Çinlə inteqrasiyaya əhəmiyyət verən komandanlar da az deyil. Pakistandakı siyasi böhranın orduda da ciddi parçalanmalara səbəb olacağı halda isə bu ölkədə qarşıdurmalara və xaosa səbəb ola bilər. Müttəfiqimiz və dostumuz olan bir ölkədə bunların baş verməsi ehtimalı isə təbii olaraq bizi narahat edir”.

Politoloq ABŞ-la bağlı deyilənlərə bu cür şərh verdi: “İmran Xanın hakimiyyətdən uzaqlaşdırılmasında ABŞ-ın barmağının olduğu şübhəsizdir. Bu ehtimalı artıq sabiq Baş nazirin özü də dəfələrlə dilə gətirib. Ötən ilin yay aylarında İmran Xan ABŞ-ın ciddi təzyiqləri ilə üzləşdiyini və ondan Çinlə münasibətlərə son qoyulmasının istənildiyini bildirmişdi. ABŞ Çinin dünyaya açılmasının, xüsusilə Pakistanda möhkəmlənməsinin qarşısını almaq istəyirdi, İmran Xan isə bu tələbə boyun əymirdi. İmran Xana təzyiqlərin nəticə vermədiyini görən Vaşinqton ölkədəki özünə bağlı qüvvələri hərəkətə gətirərək hədəfini reallaşdırmağa çalışdı, koalisiyanı parçaladı və öz istəyinə nail oldu. Belə ki, İmran Xanın devrilmiş hökuməti bir neçə partiyanın koalisiyasından ibarət idi. Həmin partiyalardan Birləşmiş Xalq Hərəkatının 7, Bəlucistan Avami Partiyasının və Respublika Vətən Partiyasının 1 deputatı bir müddət əvvəl koalisiyadan ayrılıb müxalifətin yanında yer aldılar. Xanın öz partiyası Pakistan Ədalət Hərəkatının 10 deputatı da onlara qoşuldu. Beləliklə, koalisiya hökuməti parlamentdəki çoxluğu itirdi. Bu da müxalifətə imkan verdi ki, parlamentdə hökumətə etimadsızlıq məsələsini qaldırsın.

İmran Xan hökumətinin keçmiş müttəfiqi olan ABŞ-dan uzaq dayanması Çinlə daha rentabelli münasibətlərdən qaynaqlanırdı. ABŞ-dan fərqli olaraq Çin Pakistana daha çox hərbi yardım edir və bu ölkədə qlobal iqtisadi layihələr həyata keçirirdi. Təsadüfi deyil ki, İmran Xanın devrilməsinə ən sərt reaksiyanı da məhz Çin verib. Çin mediasının məlumatına görə, Hindistanın Kəşmiri işğal etməsi ehtimalına qarşı Çin ordusu general Vanq Ye-i Xonun komandanlığı altında 4 briqada ilə birlikdə sülhməramlı missiya adı altında İslamabada doğru hərəkətə başlayıb. Həmçinin Kəşmirdəki sərhədçilərə də "döyüşə hazır ol" əmri verilib.

Pakistandakı vəziyyətin nə ilə nəticələnəcəyi hələ ki, bəlli deyil. Amma o bəllidir ki, ölkədə aranın qarışması Çinin "Bir Kəmər, Bir Yol" layihəsinin Cənub dəhlizini təhlükə altında qoyur. Layihənin Şimal dəhlizi də Rusiya-Ukrayna müharibəsi nəticəsində faktiki bağlanmış vəziyyətdədir.

Hazırda layihənin toxunulmamış qalan yeganə yolu Orta dəhlizdir. Çin-Orta Asiya-Xəzər dənizi-Azərbaycan-Gürcüstan (və ya Zəngəzur dəhlizi)-Türkiyə üzərində Avropaya açılan bu marşrut üzərindəki ölkələr ABŞ-ın növbəti poliqonuna çevrilə bilər. Başqa sözlə həm Türkiyə, həm də Orta Asiya ölkələri də hədəf ola bilər. Amma bunun indi baş verəcəyini düşünmürəm. Çünki hal-hazırda ABŞ-ın Türkiyəyə çox böyük ehtiyacı var və son bir neçə müddətdir ki, ABŞ rəsmiləri tərəfindən Türkiyənin və konkret olaraq Ərdoğanın ünvanına səsləndirilən xoş sözlər, F-16 larla bağlı danışıqlarda irəliləyişlər də məhz bu ehtiyacdan qaynaqlanır. Belə ki, ABŞ Türkiyəyə Rusiyanı cilovlaya biləcək bir güc kimi baxır və bunda da haqsız deyil.

ABŞ anlayır ki, Rusiyanın Ukraynadan sonrakı hədəfi Orta Asiya və Cənubi Qafqaz ölkələridir və bu gün Rusiyanın bütün təzyiqlərinə baxmayaraq Ukraynanın yanında dayanan və ona təkcə humanitar dəstək deyil, həm də silah və texnika dəstəyi verən Türkiyənin həm Orta Asiyada, həm də Qafqazda da Rusiyanın qarşısında dayanacağı şübhəsizdir. Cənubi Qafqazın ən güclü dövləti olan Azərbaycanla imzalanmış Şuşa bəyannaməsi və Orta Asiyanın ən güclü ölkəsi olan Özbəkistanla keçən ay imzalanmış və özündə həm də hərbi əməkdaşlığı ehtiva edən müqavilə Türkiyəyə hər iki regionda Rusiyaya qarşı dayanmaq imkanı verir. ABŞ da bunu yaxşı başa düşür. Odur ki, Ərdoğan hakimiyyəti ABŞ-ın hədəfində olsa da indiki mərhələdə Türkiyədə vəziyyətin gərginləşməsi ABŞ-ın da maraqlarına xidmət etmir”.

Jurnalist Kənan Rövşənoğlunun anası vəfat edib

Kənan Rövşənoğlu: “Yeni  hakimiyyət dövründə də bu isti münasibətlər davam edəcək”

Siyasi yazar Kənan Rövşənoğlu isə Pakistanda ehtimal olunan hakimiyyət dəyişikliyindən o qədər də narahat deyil: “Əlbəttə, Pakistanda İmran xanı ABŞ devirdi demək "sui qəsd nəzəriyyəsi" olardı. ABŞ keçmiş müttəfiqi Pakistanın Çin və xüsusən də Rusiya ilə yaxınlaşmasından xoş hal deyildi. Amma bu prosesin tamamilə ABŞ layihəsi olduğunu da düşünmürəm. İmran xana qarşı ölkə daxilində ciddi siyasi koalisiya yaranıb. Üstəlik belə görünür ki, ordu onun arxasından çəkildi. Bu iki amil çox mühümdür. Və nəticədə o parlamentdəki çoxluğu itirdi, əvvəl hökuməti buraxdı, sonra parlamenti. Amma müxaliflər məhkəmə yolu ilə parlamentin buraxılması qərarını ləğv etdirdilər və təkrar toplanan keçmiş parlament İmran xana etimadsızlıq göstərdi. İndi gələn ilki seçkilərə qədər müxalifət nümayəndəsi baş nazir olacaq. Ondan sonra isə seçkilər keçiriləcək və nəticədən asılı olaraq yeni hökumət formalaşacaq. Əlbəttə, İmran Xan Azərbaycanın dostu idi, xüsusən də 44 günlük müharibədə həlledici dəstəyi ölkəmizə verib. Amma inanmıram ki, yeni hökumət dövründə Azərbaycana münasibət kəskin pisləşə bilər. Pakistanda Azərbaycana münasibət hər zaman yaxşı olub. Güman edirəm ki, yeni hakimiyyət dövründə də bu isti münasibətlər davam edəcək”.

Cavanşir ABBASLI,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR