İnsanlara hürriyət, millətlərə istiqlal!

İmperiya ruhunun dönüşü: Rus şovinizmi və Cənubi Qafqaz üçün BÖYÜK TƏHLÜKƏ

Rusiyada millətçilik anlayışı və onun radikal forması olan “böyük rus şovinizmi” sadəcə ideoloji təmayül deyil – bu, imperiya təfəkkürünü və dövlətin idarəetmə fəlsəfəsini ifadə edən dərin tarixi-siyasi doktrinadır. XIX əsrdə formalaşan bu ideologiya rus xalqının digər xalqlardan üstün olduğunu iddia etməklə yanaşı, imperiya sərhədlərinin qorunması və genişləndirilməsini dövlətin mövcudluğunun əsas şərti kimi təqdim edirdi. Müasir Rusiyada bu baxışların yenidən canlandırılması həm daxili siyasətdə, həm də beynəlxalq münasibətlərdə özünü açıq şəkildə göstərməkdədir.

XIX əsr Rusiyası dərin sosial və siyasi gərginliklərin yaşandığı bir dövr idi. Bir tərəfdən Qərbi Avropadan gələn liberal və humanist ideyalar, digər tərəfdən isə çarizmin qoruduğu avtoritar və teokratik idarəçilik modeli cəmiyyətdə ciddi ideoloji toqquşmalara yol açırdı. Bu fon üzərində rus millətçiliyinin əsas nəzəri dayaqları formalaşmağa başladı. Rus publisisti Pyotr Çaadayev rus xalqını digər xalqlardan fərqli, xüsusi missiyaya malik bir millət kimi təqdim edir, rusların Tanrı tərəfindən seçilmiş xalq olduğunu iddia edirdi. Onun nəzərində ruslar dünya tarixində aparıcı rola malik olmalı, öz mədəni və mənəvi kodlarını digər xalqlara daşımalı idilər.

Bu cərəyan XX əsrin əvvəllərində daha sərtləşdi və rus faşizminin nəzəri əsaslarını qoyan filosof İvan İlyin kimi fiqurların timsalında yeni ideoloji mərhələyə keçdi. İlyin rus xalqının azadlıqdan daha çox idarəolunmağa ehtiyacı olduğunu yazır, “rus ruhunun saflığı” ideyasını önə çıxarırdı. Vladimir Putin son illərdə dəfələrlə məhz İlyinin ideyalarına istinad edib, onun irsini Rusiya üçün strateji əhəmiyyətli hesab etdiyini bildirib. Beləliklə, bu ideologiya artıq yalnız keçmişə aid bir düşüncə deyil, bugünkü Rusiya hakimiyyətinin rəsmi ideoloji dayaqlarından birinə çevrilib.

“Böyük rus şovinizmi” rus xalqını “sivilizasiya daşıyıcısı” kimi təqdim edir və digər xalqları tabe etnoslar, mədəniyyətə ehtiyacı olan toplumlar kimi təsvir edir. Bu ideologiya çoxmillətli Rusiya anlayışını rədd edir, qeyri-rus xalqları ruslaşdırma siyasətinə tabe etməyi zəruri hesab edir. Assimilyasiya, dil və mədəniyyətin sıxışdırılması, qeyri-rus etnosların kimliyinin silinməsi bu siyasətin əsas tərkib hissələridir. Rusiya ərazisindən kənarda yerləşən keçmiş imperiya torpaqlarının da “əslində rus torpaqları” olduğu ideyası formalaşdırılır və bu, müasir işğal və təcavüz siyasətlərinə ideoloji əsas yaradır.

2b1306ffd8694302ba21a9fed3c7a7702962025596278.jpg (78 KB)

SSRİ dövründə bu baxışlar “sovet insanı” anlayışı altında gizlənsə də, əslində rus dominantlığı qorunub saxlanılırdı. Rus dilinin əsas dilə çevrilməsi, SSRİ rəhbərliyində rusların üstünlük təşkil etməsi, digər xalqların mədəniyyətinin ya arxa plana keçirilməsi, ya da rus mədəniyyəti ilə sintez adı altında silinməsi bu siyasətin bariz təzahürləri idi. “Xalqlar dostluğu” şüarı isə reallıqda rus mərkəzçiliyi ilə əvəz olunmuşdu.

SSRİ-nin dağılmasından sonra yaranan ideoloji boşluq, sosial və iqtisadi qeyri-sabitlik, rus kimliyinin itirilməsi qorxusu millətçi və radikal hərəkatların güclənməsi ilə nəticələndi. 1990-cı illərdə “Rusiya milli birliyi”, “Slavyan birliyi”, “Ağ güc”, “Ruslar” kimi təşkilatlar, neofaşist ideologiya ilə yüklənmiş “skinhead” subkulturası cəmiyyətin geniş kəsimlərinə sirayət etdi. Bu radikal qruplar Asiya və Qafqaz mənşəli miqrantlara qarşı zorakılıq aktları törədir, irqçi və neonasist simvollarla açıq fəaliyyət göstərirdilər. Dəhşətlisi budur ki, həmin dövrdə hüquq-mühafizə orqanları bu qrupların fəaliyyətinə ya göz yumur, ya da dolayı yollarla dəstək verirdi.

2005-ci ildən etibarən hər il keçirilən “Rus yürüşü” millətçi qrupların əsas siyasi təzahür formalarından birinə çevrildi. Minlərlə insanın qatıldığı bu yürüşlərdə irqçi, antisemit, anti-Qafqaz şüarları səsləndirilirdi. “Ruslara — ruslar üçün Moskva”, “Qafqazı doydurmaq kifayətdir”, “Ruslar irəli!” kimi çağırışlarla yanaşı, yürüş iştirakçıları “ziqa” salamı verir, svastika simvollarından istifadə edirdilər. Bu yürüşlərdə millətçilik sadəcə fikir kimi yox, fiziki gücə və küçə radikalizminə çevrilmişdi.

Radikal sağçı ideologiyanın daha bir təzahürü Milli Bolşevik Partiyası (NBP) idi. 1993-cü ildə Eduard Limonov, Aleksandr Duqin və Yeqor Letov tərəfindən yaradılan bu təşkilat, həm sol, həm də sağ ideoloji elementləri birləşdirən qeyri-adi bir qurum idi. Onlar “böyük sosial ədalətə əsaslanan Rusiya imperiyası” ideyasını müdafiə edir, birbaşa aksiyalarla dövlətə meydan oxuyurdular. Prezident Administrasiyasının işğalı, separatçılıq cəhdləri və digər radikal addımlar bu hərəkatın fəaliyyət istiqamətlərinə daxil idi. 2007-ci ildə təşkilat qadağan edildi və ekstremist elan olundu.

2020-03-17t181536z_2132164928_rc2ulf940rlc_rtrmadp_3_russia-politics-limonov.jpg (132 KB)

NBP qadağan edildikdən sonra Eduard Limonov “Başqa Rusiya” hərəkatını qurdu. Əvvəllər müxalif mövqedə olan bu təşkilat sonradan Kremlə yaxınlaşaraq Ukrayna müharibəsində pro-rus mövqeyini açıq şəkildə dəstəklədi. Onlar könüllülərdən ibarət “İnterbriqadalar” yaradır, bu döyüşçülər Donbassa yollanaraq Ukrayna ordusuna qarşı vuruşurdular. Beləliklə, bir zamanlar hökumətə qarşı çıxan radikal millətçi hərəkat silahlı formada dövlətin geopolitik planlarını dəstəkləyən struktura çevrildi.

Eyni zamanda, Rusiya daxilində yeni formalı millətçi təşkilatlar da formalaşmağa başladı. “Tsarqrad” telekanalının sahibi və Donbassda “Rus baharı”nın əsas maliyyəçilərindən olan Konstantin Malofeyev bu sahədə önəmli fiqurdur. Onun maliyyələşdirdiyi “İki başlı qartal” və “Akademistlərin qardaşlığı” kimi qurumlar mühafizəkar, pravoslav və rus millətçi dəyərlərini yaymaqla məşğuldur. Bu, artıq sadəcə ideologiya deyil, dövlətin dəstəyi ilə həyata keçirilən sistemli “ideoloji kadr hazırlığı” prosesidir.

Son illərdə “Rus İcması” və “Şimal İnsanı” kimi təşkilatlar Telegram kanalları vasitəsilə regionlarda yüz minlərlə tərəfdarı olan virtual strukturlar quraraq ideoloji və fiziki mobilizasiya ilə məşğuldurlar. “Rus taksisi”, “rus dəstəsi”, “humanitar yardım”, “ideoloji görüşlər” kimi bölmələrlə əslində, dövlət qeydiyyatından kənar, lakin real təsir gücünə malik millətçi şəbəkələr formalaşdırılır. Rusiya İcmaları Konqresinin keçmiş üzvü Aleksandr Bosıx müsahibəsində bildirib ki, yeni sağçı hərəkatlar “Rus İcması” və “Şimal İnsanı” “ilk növbədə təhlükəsizlik qüvvələrinin millətçiləri yumşaq nəzarət altına almaq cəhdidir.

Əgər əvvəlki illərdə Kremlin radikal sağçılara qarşı sərt mövqeyi olubsa, indi bu hərəkatlarla əməkdaşlıq, onların nəzarət altında sistemə inteqrasiya edilməsi prioritetə çevrilib. Beləliklə, Rusiyada millətçilik dövlət siyasətinin kənarında olan marginallaşmış ideologiya olmaqdan çıxaraq, sistemin özünün ayrılmaz parçasına çevrilir. 

M-760.jpg (99 KB)

Müasir Rusiyada “böyük rus şovinizmi” təkcə daxili ideoloji xətt deyil, həm də Moskvanın xarici siyasətində mühüm alətə çevrilib. İdeoloji əsasda rus xalqının “sivilizasiya missiyası”nı vurğulayan bu baxış digər xalqları ya tabeliyə salınmalı, ya da “təhlükə” kimi neytrallaşdırılmalı subyektlər kimi görür. Bu siyasət Cənubi Qafqaz ölkələri – Ermənistan, Gürcüstan və Azərbaycana da yönəlib.

Ermənistan Rusiyanın ənənəvi forpostu kimi şovinizmin təsir dairəsindəki ilk həlqədir. Rusiya bu ölkəni öz siyasi orbitində saxlayaraq onu regional siyasətdə alətə çevirib. Ermənistandakı rus hərbi bazası, enerji və təhlükəsizlik asılılığı Kremlə bu ölkə üzərində total təsir imkanı verir. Ermənistanın Qərbə inteqrasiya cəhdləri dərhal daxildə gərginlik və Moskvadan təzyiqlə qarşılanır. Rusiya Ermənistanın qərbyönlü ritorikasını "nankorluq" kimi qiymətləndirir.

Gürcüstan isə artıq bu şovinizmin hərbi hədəfinə çevrilib. 2008-ci ildə Abxaziya və Cənubi Osetiyanın işğalı, bu bölgələrin "müstəqil" tanınması rus imperiya siyasətinin Gürcüstan üzərində təhdidlərinin real təzahürüdür. Rusiya burada açıq şəkildə “təhlükəsizlik zonası” yaratmaq adı ilə suveren dövlətin ərazisini işğal etdi və bu təcavüz şovinizmin hərbi xarakterini ortaya qoydu.

Azərbaycan üçün isə təhdidlər həm dolayı, həm də ideoloji səviyyədə mövcuddur. Rusiya Ermənistan vasitəsilə regionda gərginliyi nəzarətdə saxlamaq istəyir, Azərbaycan isə suveren xarici siyasəti, türklük kimliyi və Qərblə əməkdaşlığı ilə Moskva üçün ciddi narahatlıq doğurur. Son dövrlərdə rus mediasında, ekspert dairələrində və dövlət təbliğatında anti-Azərbaycan ritorikanın artması, azərbaycanlılara qarşı sistemli təzyiqlər, diasporun sıxışdırılması bu şovinizmin real nəticələridir.

“Böyük rus” ideologiyası imperiyanın keçmiş sərhədlərinə qayıdışı əsaslandırmağa çalışır. Cənubi Qafqaz isə bu xəritənin “tarixi” hissəsi kimi təqdim olunur. Bu baxış bölgə üçün təkcə diplomatik təzyiqlər deyil, gələcəkdə hərbi və destabilizasiya təhlükələri də yaradır. Beləliklə, müasir Rusiya şovinizmi təkcə ideologiya deyil – region üçün real təhlükədir.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR