Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi avqustun 28-də Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Dövlət başçıları Prezident Vladimir Putinin Azərbaycana dövlət səfərinin nəticələrindən məmnunluqlarını ifadə ediblər. Prezidentlər səfər çərçivəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsi istiqamətində aparılan fəaliyyətin Azərbaycan ilə Rusiya arasında tərəfdaşlıq və strateji müttəfiqlik münasibətlərinin daha da güclənməsinə xidmət edəcəyinə əminliklərini bildiriblər.
Telefon söhbəti əsnasında Cənubi Qafqaz regionunda vəziyyət müzakirə olunub. Vladimir Putin Rusiyanın Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasına dəstək verməyə hazır olduğunu deyib.
Telefon danışığı zamanı Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat dəhlizinin açılması ilə bağlı fikir mübadiləsi aparılıb.
"Putin Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığından sonra Prezident İlham Əliyevə zəng etməklə Azərbaycan-Rusiya geosiyasi karyerasının gedə biləcəyi yerləri dəqiqləşdirir".
Musavat.com bildirir ki, bu sözləri siyasi təhlilçi Aqşin Kərimov bildirib. Onun fikrincə, Rusiya Ermənistanla bağlı əldə etdiyi və ya elə göstərməyə çalışdığı heyranedici kəşfiyyat məlumatlarını Azərbaycanla bölüşməyi zəruri hesab edir və bununla Moskva iki məsələni prioritetləşdirir:
"Rusiya Azərbaycan üzərindən Ermənistana siqnallar ötürməklə Moskvanın regiondakı ambisiyalarını Qərbin sıxışdırılması tendensiyası ilə tutuşdurmağa çalışır.
Rusiya regional kommunikasiyaların açılması məsələsinin təzyiq yoxsa siyasi yolla həllini yoxlayıb, nəticələri buradan yola çıxaraq təmin etmək istəyir.
Putinlə Əliyevin telefon danışığında Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat dəhlizinin (Zəngəzur dəhlizi) açılması ilə bağlı fikir mübadiləsi aparılması məsələnin Bakı-Moskva xəttində ağırlıq təşkil edən mövzu kimi diqqətdə saxlanılması deməkdir. Bu, əsasən üç məsələni aktuallaşdırır:
1.Cənubi Qafqazda İranın Zəngəzur dəhlizinə maneə yaratması risklərinin qalması Rusiyanın Tehranla danışıqlar masasını hədsiz canlandırmasına təkan verir;
2.Regionda Rusiya ilə Qərb arasında geosiyasi maxinasiya qurmaq üçün apardığı rəqabət Azərbaycanı düzgün strateji qərarlar verməyə məcbur edir;
3.Bunlar Ermənistanın silahlanmaqla regionun mərkəzi səhnəsinə çıxmağa hazırlaşdırılması fonunda aşkar şəkildə görünəcək.
Beləliklə, İlham Əliyevlə Putinin telefon danışığı Azərbaycan-Rusiya müzakirə siyahılarında Zəngəzur dəhlizi prioritetlərinin ön sırada dayandığını göstərir. Burada Kreml Azərbaycan-Ermənistan sülh gündəliyində etibarlı vasitəçi qismində görünmək istəsə də, bu, Bakı tərəfindən yüksək profilli nəticə kimi qiymətləndirilmir.
Ancaq nəticədə Azərbaycan-Rusiya danışıqlarındakı “Zəngəzur atmosferi” Ermənistanın onsuz da məhdud seçim imkanlarını aradan qaldırır və Bakının şərtləri əsasında İrəvanın güzəştə getməsi üçün təzyiqlər yaradır. Prosesin sülh danışıqları və ya güc tətbiqi ilə reallaşması isə ən çox Ermənistanın güzəşt kodeksinə hansı dərəcədə əməl edib-etməyəcəyindən asılıdır".
Xalidə Gəray
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ