Onlayn ictimai-siyasi qəzet
İsrail və Fələstin arasında gərginlik hər gün daha da artır. Xəstəxananı, məscidi, kilsəni, ən əsası, sivil insanları hədəf alan İsrailə dünya ölkələrindən sərt reaksiyalar durmadan artır.
İsrailin sivillərlə yanaşı, ibadət yerlərini də hədəf alması uzun müddətdir sosial şəbəkələrdə müzakirələr yaradıb.
Mövzu ilə bağlı ilahiyyatçı Hacı Təyyar Musavat.com-a açıqlaması zamanı bildirib ki, ölkə başçısı baş verən hadisələrə hansı mövqedən münasibət bildirirsə, o da həmin mövqedən çıxış edir.
“Azərbaycanda din dövlətdən ayrı olduğu üçün dünyada baş verən siyasi məsələlərə münasibət bildirə bilmərəm. Ancaq beynəlxalq arenada Azərbaycan dövləti və ölkə başçısı baş verən hadisələrə hansı mövqedən münasibət bildirirsə, mən də bir Azərbaycan vətəndaşı olaraq, ölkəmizin mənafeyi, dövlətçiliyi və ərazi bütövlüyü çərçivəsində beynəlxalq arenada gedən proseslərə eyni mövqedən münasibət bildirirəm.
Bir ilahiyyatçı kimi istər Ermənistan dövlətinin, istərsə də onlara dəstək verənlərin Azərbaycan Respublikasının tarixi torpağı olan Qarabağda 30 il müddətində müsəlmənların müqəddəs hesab etdiyi dini-ideoloji məkanlara hörmətsizliyi, İslam dininə görə əti halal, yaxud haram olan heyvanların məscidlərdə saxlanılması, o cümlədən məscidlərə qarşı zorakılıq edən vandalları nəinki pisləyirəm, ilahiyyatçı kimi lənətləyirəm.
Qaldı ki, Fələstin və İsrail arasında olan məsələyə, bu iki xalq arasında tarixi bir siyasi anlaşma olmadı və bu, illərlə siyasi arenada öz həllini tapmadan davam edir.
Məscidlərin, dini-ideoloji məkanların müharibələr zamanı dağıdılması beynəlxalq konvensiya və beynəlxalq hüquqa ziddir. Sözün əsl mənasında müharibənin özünə aid qanunları var. Dini ibadət yerlərini dağıtmaq, tarixi əhəmiyyət kəsb edən məkanlara zərər vurmaq, günahsız mülki əhalini hədəf almaq beynəlxalq müharibə protokollarına qarşıdır və müharibə cinayətidir. Dünyada sülhün olmağının və heç bir dövlətin beynəlxalq arenada tanınan ərazi bütövlüyünə, milli qürur və milli şüuruna toxunmamağının tərəfdarıyam.
Müharibəni ancaq işğalçı siyasət izləyən və dünyada hegemonluq etmək istəyən dövlətlər arzulayır. Hətta süni şəkildə müharibə planlaşdırır, yaxud yaradırlar. Bir insan olaraq hər kəs kimi müharibə sevmirəm. Bir ilahiyyatçı kimi baş verən məsələlərdən dərin hüzn duyuram və heç bir xalqa müharibə arzulamıram. İsrail və Fələstin arasında olan məsələnin tezliklə beynəlxalq hüquq və haqq-ədalət kontekstində həll olmasını arzulayıram. Bu mövzuda söz sahibi olan ölkələri tezliklə günahsız əhalinin, xüsusilə də müsəlman qanının tökülməsinin qarşısını almağa səsləyirəm” - deyə ilahiyyatçı qeyd edib.
Dürrə Həsənova,
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ