Onlayn ictimai-siyasi qəzet
Demokratik dəyərlərə, dünyada haqq-ədalətin bərqərarına münasibətdə Avropa ilə Amerikanın arasındakı fərq yavaş-yavaş üzə çıxır.
Dünya ölkələrində gedən demokratikləşmə prosesinə ABŞ tərəfindən ciddi dəstək verilməsi kampaniyası Bill Klintonun prezidentliyi dövründə start götürmüşdü. Corc Buşun (oğul) dönəmində bu kampaniya öz pik nöqtəsinə çatdı, Barak Obamanın vaxtında tənəzzülə uğradı, Donald Trampın birinci dəfə prezident olduğu illərdə isə arxa plana keçirildi.
Hazırda hakimiyyətdə yenə Trampdır və dünya ölkələrinin demokratikləşməsi, dünyada haqq-ədalətin bərqərar olunması ideyası bu heç gündəmdə deyil.
Bir-ikisi istisna olmaqla Avropanın güclü dövlətləri elə düşünmürlər, onlar üçün demokratikləşmə prosesi də, insan haqlarına riayət də priortet məsələdir. Avropada görürlər ki, dünyanın bir çox dövlətlərində proses tərs yöndə gedir, bu gedişlə tezliklə ölkələrdə feodalizm, hətta quldarlıq ictimai formasiyası bərpa oluna, satraplıqlar, istibdad rejimləri yarana bilər. Zatən, son illərdə dünyada gedən siyasi proseslərin səmti pisliyə doğrudur.
ABŞ-nin yeni administrasiyasının belə bir dərdi, qayğısı yoxdur. İndilikdə bu, Ukrayna müharibəsinə münasibətdə özünü bariz şəkildə göstərir. Trampın prezident səlahiyyətlərinin icrasına başladığı bir aydır, amma artıq “sələmçilik”də ittiham edilir. Bu epiteti ona Almaniyanın Münxen şəhərində keçirilən təhlükəsizlik konfransında avropalı siyasətçilər veriblər. ABŞ-nin Ukraynaya verilən dəstək müqabilində bu dövlətdən umduğu maddi sərvətlər bəhz belə adlandırılıb.
ABŞ-nin yeni səhiyyə naziri Robert Kennedi (oğul) isə Ukrayna prezidenti Vladimir Zelenskiyə açıq şəkildə müraciət edərək bildirib ki, Vaşinqton artıq müharibəni maliyyələşdirmək niyyətində deyil.
Məşhur prezident Con Kennedinin qardaşı, sabiq baş prokuror Robert Kennedinin oğlu olan kiçik Kennedi səhiyyə naziri olsa da, belə bir bəyanatla çıxış etməyi özünə borc bilir. Çünki Ağ Evdəki düşüncədən xəbərdardır, bu ifadələrlə şefi Trampa dəstək verir.
Tramp belə bir “fəlakət komandası”na sahibdir. Onun komandasının iki ən məşhur ismi vikipediyalarında narkotik maddələrdən asılılıqları qeyd olunan şəxslərdir. Onlardan biri İlon Mask, digəri Robert Kennedidir.
İlon Mask minlərlə dövlət məmurunu, o cümlədən nüvə sənayesində çalışan, dövlət sirlərinin daşıyıcıları olan 300-ə yaxın mütəxəssisi bir qələmlə işdən çıxararaq baltanı daşa vurmuşdu, R.Kennedi də öz azadlığı, ərazi bütövlüyü uğrunda vuruşan Avropa xalqını təslimçiliyə çağıran çıxışı ilə siftə etdi.
Bu, bir gerçəkdir ki, ABŞ-nin öz üzərinə götürdüyü “dünya hegemonu” rolunun funksional olduğu illərdə dünyada demokratiyaya keçid ölkələrin sayında artım olub. Bu və ya digər ölkələrdə ard-arda hakimiyyət orqanlarını qanuni seçkilər keçirməyə vadar edən inqilabi hərəkətlənmələr baş verib, sonda şəffaf və dürüst seçkilər keçirilib, hakimiyyət xalqın iradəsi ilə formalaşıb.
Ancaq nə vaxt ki, ABŞ başqa ölkələrdən tələblərini əsasən nüfuz dairəsi və maddi sərvət əldə etməyə fokuslaşdırıb, demokratikləşmə tələblərini arxa plana keçirib, o zaman ölkələrdə geriləmə baş verib, demokratiyaya keçid tunelindən çıxıb, açıq diktaturaya meylləniblər.
Məhz buna görə Tramp demokratik ölkələrin çox olduğu Avropada sevilmir, amma hərəsi bir tiranın idarəsi altında olan Afrikada sevilir. Onlar hesab edirlər ki, bu adamdan ziyan gəlməz, o azad seçki tələb etmir. Ancaq unudulur ki, Almaniya kimi abad, qanunun aliliyinin gözlənildiyi, hakimiyyət bölgüsünün dürüst aparıldığı bir ölkədə neo-faşizm ideyalarının daşıyıcısı olan “Almaniya üçün Alternativ” partiyasını dəstəkləyən Tramp administrasiyası üçün kiçik və zəif ölkələr daha rahat-hülqumdur.
Söhbət dünyada yeni bir neo-imperializm ideyasının körükçüsündən gedir. Onun əsas dərdi öz ölkəsini qüdrətli etmək, bu zaman əsas rəqibi ilə razılaşaraq münaqişədən yayınmaq, ikilikdə dünyadakı zəifləri əzmək kimi bir planı var. Bu, açıq-aydın görünür. “Qara polkovniklər” də elə bilir ki, Tramp onlara dəyməyəcək, demokratiya, azadlıq davası etməyəcək və dünya belə gəlib, belə gedəcək.
21 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ