İnsanlara hürriyət, millətlərə istiqlal!

İki beynəlxalq təşkilatdan fərqli neft-qaz proqnozu - kim haqlıdır...

Beynəlxalq Enerji Agentliyi 2050-ci ildə yanar faydalı qazıntılara tələbatın 80 faiz azalacağını iddia edir, OPEC isə bunu “son dərəcə riskli və praktiki olmayan” mövqe adlandırır

Beynəlxalq Enerji Agentliyinin hesablamalarına əsasən təmiz enerji potensialının kütləvi genişləndirilməsi nəticəsində 2030-cu il üçün yanar faydalı qazıntılara olan qlobal tələbat 25  azalacaq. BEA-nın yenilənmiş Xalis Sıfır Yol Xəritəsində (Net Zero Roadmap) bildilir ki, alternativ enerjiyə keçid istiqamətində görülən işlər nəticəsində 2050-ci il üçün isə yanar faydalı qazıntılara olan tələbat 80 faiz azala bilər.

Agentliyin məlumatına görə, bu yanacaq növlərinə tələbat 2030-cu ilə qədər pik həddə çatacaq, bundan sonra isə azalacaq. Azalmaya səbəb kimi bərpa olunan enerji mənbələrinin sürətlə yayılması və elektriklə işləyən avtomobillərin sayının artması göstərilir. BEA-nın rəhbəri Fatih Birol maliyyə çatışmazlığı və mümkün tənqidlərə baxmayaraq, siyasətçilərin enerji keçidini sürətləndirmək və emissiyaları azaltmaq üçün hərəkətə keçməli olduğunu qeyd edərək, “Biz qalıq yanacaq dövrünün sonunun başlanğıcını görürük və növbəti dövrə hazırlaşmalıyıq” deyib.

Bildirilir ki, müvafiq tədbirlər nəticəsində 2030-cu və 2050-ci illər üçün kömürə olan tələbat 2022-ci ildəki 5,8 milyard tondan müvafiq olaraq 3,25 milyard və 500 milyon tona enəcək. Öz növbəsində 2030-cu və 2050-ci illər üçün gündəlik neftə olan tələbat 2022-ci ildəki 100 milyon bareldən müvafiq olaraq 77 milyon və 24 milyon barelədək düşəcək. Qaza olan tələbata gəlincə, qeyd olunur ki, bu göstərici 2030-cu və 2050-ci illər üçün 2022-ci ildəki 4,15 trilyon kubmetrdən müvafiq olaraq 3,4 trilyon və 900 milyard kubmetrədək enməlidir.

BEA-nın icraçı direktoru Fatih Birol bildirir ki, qlobal istiləşməni 1,5°C-yə qədər məhdudlaşdırmaq məqsədini saxlamaq dünyanın sürətlə bir araya gəlməsini tələb edir: “Yaxşı xəbər budur ki, biz nə etməli olduğumuzu və bunu necə edəcəyimizi bilirik. Ən son məlumatlara və təhlillərə əsaslanan 2023-cü ilin Xalis SıfırYol Xəritəsi irəliyə doğru yol göstərir. Lakin bizim çox aydın mesajımız da var: güclü beynəlxalq əməkdaşlıq uğur üçün çox vacibdir. Hökumətlər mövcud problemin miqyasını nəzərə alaraq iqlimi geosiyasətdən ayırmalıdırlar”.

Hesabata əsasən, yeni sıfır yolu çərçivəsində illik qlobal təmiz enerji xərcləri 2023-cü ildəki 1,8 trilyon ABŞ dollarından 2030-cu illərin əvvəlləri üçün 4,5 trilyon dollara yüksələcək.

BEA-nın bu sənədi neft istehsal edən ölkələrin birliyi olan OPEK-də qəzəblə qarşılanıb.Təşkilatın yaydığı açıqlamada qeyd olunur ki, BEA-nın qalıq yanacaq dövrünün sonunun başlanğıcı ilə bağlı proqnozları məlumatlara deyil, ideologiyaya əsaslanır: “Onların baxışları tez-tez neft və qaza investisiyaların dayandırılması çağırışları ilə müşayiət olunur ki, bu da enerji xaosuna səbəb ola bilər”.

OPEC öz bəyanatında BEA-nın proqnozunu faktlara deyil, ideologiyaya əsaslanan “son dərəcə riskli və praktiki olmayan” adlandırır. Alyans vurğulayır ki, oxşar proqnozlar əvvəllər də verilib - əvvəlcə təklifin pik həddi, sonra tələbin pik həddi haqqında, lakin onların heç biri təsdiqlənməyib. Eyni zamanda alyans analitiklərinin fikrincə, bu cür bəyanatlar hazırda yeni neft-qaz layihələrinə investisiyaların dayandırılması çağırışlarına səbəb ola bilər.

“Bu cür bəyanatlar yalnız qlobal enerji sistemini təsiredici uğursuzluğa düçar edir. Bu, onun potensialında görünməmiş miqyasda enerji xaosuna səbəb olacaq: iqtisadiyyat və bütün dünyada milyardlarla insan üçün dəhşətli nəticələrə gətirib çıxaracaq”, - OPEK-in baş katibi Haitham al-Ghais bildirib.

OPEC+" ölkələri oktyabrda neft hasilatını artırıblar, biznes xeberleri 2023

Neft İstehsalçıları Alyansı qeyd edir ki, BEA-nın proqnozunda bu gün qalıq yanacaqların qlobal enerji kompleksinin 80 faizini təşkil etməsi, eləcə də sənayenin emissiyaların azaldılmasında texnoloji tərəqqi əldə etməsi nəzərə alınmır: “Dünyanın enerji yoxsulluğunun aradan qaldırılması, artan enerji tələbatının ödənilməsi və emissiyaların azaldılması ilə yanaşı enerjinin sərfəliliyinin təmin edilməsi problemi ilə üzləşdiyini dərk edərək, OPEK heç bir enerji mənbəyindən və ya texnologiyasından imtina etmir. Alyans hesab edir ki, bütün maraqlı tərəflər eyni şeyi etməlidir”.

Qeyd edək ki, dünyada neft-qaz-kömürün ən böyük istehlakçılarından biri Çindir. Bu ölkə eyni zamanda alternativ enerji istehsalına ən böyük yatırımçıdır. Çin günəş elektrik stansiyalarının (GES) ümumi quraşdırılmış gücü 2023-cü ilin sonuna qədər 500 Geqavattı, 2026-cı ilin sonuna isə 1 Teravattı keçəcək. “Rystad Energy”nin proqnozuna görə,  2023-cü ildə yeni gücün 2022-ci ildə quraşdırılmış 87 GVt-dan artaraq150 GVt-ı keçəcəyi gözlənilir. 2024-cü ildə bu rəqəmin 165 GVt, 2025-ci ildə 170 GVt olacağı proqnozlaşdırılır. Beləliklə, Çində ümumi günəş enerjisi gücü 2024-cü ilə qədər 700 GVt-ı keçəcək və 2025-ci ilin sonuna qədər təxminən 900 GVt-a qədər artacaq.

Hazırda Çin günəş elektrik stansiyalarının ümumi gücü 500 GVt-a çatır ki, bu da qlobal gücün təxminən 40 faizinə bərabərdir. Ölkə bu göstərici üzrə dünyada liderlik edir, ABŞ isə 145 GVt (qlobal səviyyənin təxminən 12 faizi) ilə ikinci yerdədir. 2026-cı ildə ABŞ-ın ümumi günəş enerjisi tutumunun təxminən 209 GVt (11 faiz) olacağı gözlənilir.

Çin Milli Enerji Administrasiyasının (NEA) məlumatına görə, 2023-cü ilin birinci yarısında günəş elektrik stansiyalarının tikintisinə 134,9 milyard yuan (15,8 milyard dollar) sərmayə qoyulub ki, bu da eyni dövrdə istilik enerjisinə qoyulan investisiyalardan 3,4 dəfə çoxdur.

Avropa İttifaqında günəş və külək enerjisi qurğularının sayı sürətlə artırılır. İttifaq üzrə enerji təminatında təkcə külək qurğularının payı 20 faizə yaxındır. 2027-ci ilədək bu payın 30 faizdən yuxarı olması nəzərdə tutulur. Bundan əlavə, bütün dünyada yaşıl hidrogen istehsalına sərmayələr sürətlə artır. Sentyabrın ortalarında G20 zirvəsində məlum oldu ki, Hindistan-Afrika-Avropanı birləşdirən iqtisadi, texnjoloji və enerji dəhlizi - İndia - Middle East - Europe Economic Corridor (İMEC) yaradılır və bu dəhliz boyunca ərəb ölkələrində istehsal olunan yaşıl hidrogenin nəqli infrastrukturu da yaradılacaq. Təkcə Səudiyyə Ərəbistanının bu dəhlizə 20 milyard dollar investisiya yatırması planlaşdırılır. Bundan əvvəl ABŞ və Kanada hidrogen istehsalı və ixracı sahəsində əməkdaşlığa dair müqavilə imzalayıblar. Müqavilə yaşıl hidrogen istehsalı və ixracına yüz milyardlarla dollar sərmayənin yatırılmasını nəzərdə tutur.

Qeyd edək ki, Azərbaycan da yaşıl hidrogen istehsalçısı və ixracatçısı olmağa hazırlaşır. 2022-ci ildə Avropa Komissiyası ilə imzalanan enerji anlaşmasında bu məsələ xüsusi qeyd olunub. Hazırda bu sahədə bir neçə böyük şirkətlə danışıqlar aparılır.

Yaşıl hidrogen neft məhsulları və qazın ağır sənayedə əsas əvəzləyicisi hesab olunur. Artıq bir sıra ölkələrdə hidrogenlə işləyən təyyarələrin hazırlanması layihələri uğurla irəlilədilir. Lakin hidrogenin ağır sənaye sahələrində tələb olunan böyük enerjini təmin edib-etməyəcəyi hələ də müəyyənləşdirilməyib. Bu istiqamətdə çalışmalara yeni başlanıb və onların yaxın onillikdə real nəticələr verəcəyi çətin ehtimal olunur. 

Buna görə də BEA-nın proqnozu yalnız OPEK deyil, əksər analitik mərkəzlər tərəfindən skeptik qarşılanır. Hesab olunur ki, neft və xüsusilə təbii qaz hələ uzun müddət əsas yanacaq növü kimi mövqeyini saxlayacaq.

Hazırda dünya neft bazarında qiymətlərin yüksəlməsi prosesi davam edir. Səudiyyə Ərəbistanı və Rusiyanın bazara çıxardıqları neftin həcmini 1,3 milyon barel azaltmaları, Asiyada neftə tələbatın artması qiymətlərin yüksəlməsini şərtləndirib. Artıq bir sıra beynəlxalq mərkəzlər neft qiymətləri üzrə cari illik proqnozlarını artım istiqamətində yeniləyiblər. Məsələn, ABŞ Energetika Nazirliyi Brent markalı neftin 2023-cü ildəki orta qiymət proqnozunu 82,62 dollardan 84,46 dollara qaldırıb. 2024-cü il üçün təxminlər də yuxarıya - əvvəllər gözlənilən 86,48 dollardan 88,22 dollara qədər dəyişdirilib.

Nazirliyə görə, dördüncü rübdə Brentin orta qiyməti 93 dollar olacaq.

OPEC isə sentyabr icmalında bildirib ki, 2023-cü ildə neftə tələbat gündəlik 2,44 milyon barel, 2024-cü ildə isə daha 2,25 milyon barel artacaq. Beləliklə, təşkilat iyul ayı hesabatında verilən tələb artımı proqnozlarını yenidən təsdiqləyib.

Neftə tələbatın artdığı dövrdə Azərbaycanda onun istehsalı azalır. Energetika Nazirliyinin məlumatına görə, 2023-cü ilin yanvar-avqust ayları üzrə ölkədə 20,3 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Respublika üzrə neft hasilatının 12,1 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,9 milyon tonu (kondensat) “Şahdəniz”in, 90 min tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 5,2 milyon ton təşkil edib. Hesabat dövründə 17 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 15 milyon tonu konsorsiumun, 2 milyon tonu isə SOCAR-ın payına düşüb.

Xatırladaq ki, 2022-ci ilin yanvar-avqust aylarında ölkədə 21,8 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Hesabat dövründə 17,6 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Beləliklə, illik müqayisədə bu ilin 8 ayında Azərbaycanda neft və kondensat hasilatı 6,88 faiz, ixracı isə 3,41 faiz azalıb.

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR