Onlayn ictimai-siyasi qəzet
Serbiya prezidenti Aleksandar Vuçiç və Slovakiya baş naziri Robert Fitso sağlamlıq problemləri səbəbindən işgüzar səfərlərini və tədbirlərini ləğv ediblər.
Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə Serbiya və Slovakiya mətbuatı məlumat yayıb.
"Tanjug" agentliyinin məlumatına görə, Vuçiç ABŞ-a səfəri zamanı qəfildən özünü pis hiss edib və səfərini vaxtından əvvəl başa vurub. Müayinədən sonra o, Serbiyaya qayıtmaq qərarına gəlib. Mənbələr TASS-a bildirib ki, Serbiya lideri hələ də hərbi hospitaldadır, onun xəstəliyinin səbəbləri ilə bağlı təfərrüatlar daha sonra məlum olacaq.
Fitso da iş proqramını son anda ləğv edib. "Tvnoviny" portalının yazdığına görə, buna səbəb ona qarşı sui-qəsddən sonra yaranan ciddi sağlamlıq problemləridir. Fitso xüsusilə, 1 May bayramı münasibətilə keçirilən tədbirlərdə iştirakdan, Oksford Universitetində planlaşdırılan mühazirədən və Nitranın çörək zavodunda görüləcək işlərdən imtina etməli olub. Baş nazir həmçinin Çexiyanın sabiq prezidenti Miloş Zemanla birlikdə çıxış etməli olduğu televiziya proqramına da qatılmayıb. Rəsmi mənbələr hökumət başçısının proqramındakı dəyişikliklərin səbəbləri barədə açıqlama vermirlər.
İqbal RZAYEV,
Musavat.com
04 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ