Onlayn ictimai-siyasi qəzet
İyunun 15-dən 29-dək ölkəmizdə Heydər Əliyev Fondunun dəstəyi ilə ll Bakı Beynəlxalq Piano Festivalı keçiriləcək.
Musavat.com bildirir ki, bununla əlaqədar olaraq iyunun 14-də mətbuat konfransı keçirilib.
Tədbirdə festivalın təsisçisi və direktoru, Əməkdar artist Şahin Növrəsli, müxtəlif ölkələrin Azərbaycandakı səfirlik nümayəndələri, mədəniyyət xadimləri, media nümayəndələri iştirak edib.
Əməkdar artist Şahin Növrəsli bildirib ki, festivalın proqram olduqca zəngindir:
"Festivalın açılışı 15 İyun - Milli Qurtuluş Günü Heydər Əliyev Mərkəzində təşkil olunacaq. Ümidvaram ki, budəfəki festival da keçənilki kimi yüksək səviyyədə keçəcək və biz bu vacib tədbiri hər il bu formada təşkil edə biləcəyik. Bu cür layihələr dünyanın hər yerində keçirilir. Bu səbəbdən mən belə layihəni vətənimizdə həyata keçirmək qərarına gəldim və ilk dəfə bu festivalı biz keçən il təşkil etdik. Məhz piano festivalının keçirilməsi barədə qərar əsassız deyildi, çünki pianoda müxtəlif janrda musiqilər ifa etmək mümkündür".
Şahin Növrəsli qeyd edib ki, festivalda 11 ölkədən - Azərbaycan, Fransa, İspaniya, Braziliya, Avstriya, Türkiyə, Kanada, Latviya, Macarıstan, Norveç və Almaniyadan tanınmış musiqiçilər iştirak edəcək:
"Paytaxtın musiqi salonlarında çoxsaylı konsertlərin keçirilməsi nəzərdə tutulur. Konsertlərdə caz, flamenko, tanqo, klassik və s. musiqilər ifa olunacaq”.
Şahin Növrəsli həmçinin bu dəfəki festivalda filmlər də nümayiş olunacağını diqqətə çatdırıb və qeyd edib ki, bu filmlər sırasında Xalq artisti Oqtay Mirqasımovun "Bu həqiqətin səsidir. Qara Qarayev" adlı ekran əsəri də var.
Xalq artisti Oqtay Mirqasımov da çıxış edərək, festivalın işinə uğurlar arzulayıb və ekran əsəri barədə məlumat verib. Onun sözlərinə görə "Bu həqiqətin səsidir. Qara Qarayev" adlı filmi bir sıra beynəlxalq festivallarda mükafat qazanıb:
"Bildirim ki, görkəmli fransalı kinoşünas Marsel Marten bu ekran əsərini çox yüksək qiymətləndirib. Hər kəsi filmə baxmağa dəvət edirəm".
Daha sonra Macarıstanın Azərbaycandakı səfiri Tamas Torma, Braziliyanın səfiri Manuel Montenegro, Fransanın səfiri Anne Boillon, Latviya səfirliyindən Vija Busa və digərləri çıxış edərək, festivalın təşkilatçılarına təşəkkürlərini bildiriblər.
Sonda konfrans iştirakçıları media nümayəndələrinin suallarını cavablandırıb.
Xalidə Gəray,
Fotolar müəllifindir,
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ