Onlayn ictimai-siyasi qəzet
Beynəlxalq Qarabağ Təşkilatı (BQT) həftə ərzində qardaş Türkiyədə mühüm tədbirlər keçirəcək.
Musavat.com bu barədə Beynəlxalq Qarabağ Təşkilatının mətbuat xidmətinə istinadən xəbər verir.
Bildirilir ki, bu məqsədlə Türkiyənin İğdır Böyük Şəhər Bələdiyyəsi, İğdırda fəaliyyət göstərən “Azərbaycan dili, tarixi və kültür birliyini yaşatma və dəstəkləmə dərnəyi” və “İğdır Azərbaycan Evi”nin təşəbbüsü və təşkilatçılığı ilə “Zəngəzur: tarix və müasirlik” mövzusunda elmi-praktiki beynəlxalq konfransda iştirak etmək üçün bir qrup elm adamı, ictimai, siyasi xadim Bakıdan İğdıra yola düşüb.
Nümayəndə heyəti İğdır və Vanda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə, Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyinə, Azərbaycanın Xankəndi və digər ərazilərdə suveren hüquqlarının tam bərpa olunmasına, cənab Prezident tərəfindən Azərbaycan bayrağının ucaldılmasına həsr olunmuş tədbirlərdə iştirak edəcək.
Beynəlxalq Qarabağ Təşkilatının koordinatoru, Azad Vətən Partiyasının sədri Akif Nağı Musavat.com-a açıqlamasında bildirib ki, Zəngəzurla bağlı geniş, əhatəli tədqiqatların aparılmasına, konfransların keçirilməsinə, kitabların nəşr olunmasına ciddi ehtiyac var:
“Zəngəzur tarixən Qarabağın bir hissəsi olub. Buna görə də Zəngəzura bütövlükdə Qarabağ həqiqətlərinin təbliği işinin tərkib hissəsi kimi baxılmalıdır. Bu məqsədlə İğdırda və Vanda elmi-praktiki konfrans keçiriləcək, konfransa Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Almaniya, Belçika, Niderland, İsveç və digər ölkələrdən dəyərli tədqiqatçıların, həmçinin ictimaiyyət və diaspor nümayəndələrinin qatılacağı nəzərdə tutulur”.
Qeyd edək ki, konfranslardan hazırlanmış geniş reportajları “Yeni Müsavat”ın Türkiyəyə ezam olunmuş əməkdaşı oxucularımıza təqdim edəcək.
E.Paşasoy,
Musavat.com
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ